Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:43

Azərbaycan iqtisadiyyatı neftdən gələn gəlirləri «həzm» edə biləcəkmi?


Mərkəzi Azəri platforması
Mərkəzi Azəri platforması

İqtisadçıların fikrincə, Azərbaycan hökumətinin neftdən gələn gəlirlərin böyük hissəsini ölkə iqtisadiyyatına yatırmaq əvəzinə, xaricdəki banklarda faizə qoyması bu gəlirlərin istifadəsi ilə bağlı problemlərin olduğunu göstərir


Bakı-Tbilisi-Ceyhan boru kəmərinin işə düşməsi ilə Azərbaycan neft gəlirlərinin artdığını artıq 2007-ci ildə hiss edəcək. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görəsə, 2008-ci ildə ölkəyə 16 milyard dollara qədər vəsait daxil olacaq. Müxtəlif hesablamalarda isə deyilir ki, 2025-ci ilə qədər Azərbaycan neftdən 180-200 milyard dollar gəlir əldə edəcək. Bu hesablamalarda neftin bir barelinin qiymətinin 40-45 dolları keçməyəcəyi əsas götürülür. Halbuki neftin bugünkü qiyməti bir barelə görə, artıq 70 dolları keçib. Yəni bugünkü qiymətlər qalarsa, Azərbaycan 200 yox, 300-350 milyard dollar da qazana bilər.


Bir sıra proqnozlara görə, elə bu layihələrdən sonra Azərbaycanın nefti tükənəcək. Sənaye və Energetika naziri Natiq Əliyev isə deyir ki, Azərbaycan nefti bugünkü templə çıxarılarsa və yeni yataqlar tapılmazsa, yalnız 30-35 ildən sonra «qara qızıl» tükənə bilər: «Amma axtarışlar gedir, kəşfiyyatlar aparılır ki, yeni ehtiyatlar tapılsın».


Amma həm yerli, həm də xarici maliyyə qurumlarının fikrincə, Azərbaycan neftinin tükənməsi halında belə, 2025-ci ilə qədər əldə olunacaq 200 milyard dollarla ölkə iqtisadiyyatını elə inkişaf etdirmək olar ki, neftə ehtiyac qalmasın. Hər necə olsa, 200 milyard dolları ölkə əhalisinin sayına böləndə, alınan məbləğ (25 min dollar) yetərincə böyükdür. Başqa müqayisə də aparmaq olar. 200 milyard dollara builki büdcəylə - Azərbaycanı 45 il saxlamaq olar.


İqtisadçıların fikrincə, məbləğ nə qədər böyükdürsə, onu xərcləmək də bir o qədər çətin olur. Belə bir misal da çəkmək olar - sanki uzun müddət ac qalmış, yarıac-yarıtox dolanan bir adama birdən-birə çoxlu pul verirsən, o, bu məbləğin hamısını yeməyə xərcləsə, həzm sistemi pozula, artıq çəki problemi və s. yarana bilər. Və sonradan çox yeməkdən yaranan xəstəliklərin müalicəsinə yeməyə xərclədiyi puldan daha çox vəsait lazım gələ bilər. Üstəlik, bir müddət sonra yemək qurtara və bolluğa öyrənmiş mədə ac qala bilər.


İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlunun fikrincə, Azərbaycanın neftdən əldə edəcəyi gəlirləri daha yaxşı «həzm» etməsi üçün, mədəsini, yəni iqtisadiyyatını buna hazırlamalıdır.


İqtisadçıların fikrincə, Azərbaycan hökumətinin neftdən gələn gəlirlərin böyük hissəsini ölkə iqtisadiyyatına yatırmaq əvəzinə, xaricdəki banklarda faizə qoyması bu gəlirlərin istifadəsi ilə bağlı problemlərin olduğunu göstərir. Eyni fikri Azərbaycan Milli Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov da dəfələrlə bəyan edib. Cənab Rüstəmov mediaya açıqlamalarında deyib ki, böyük neft pullarının ölkəyə axınının əlavə inflyasiya və problemlər yaratmaması üçün onu xaricdə saxlamaq daha düzgün addımdır. Hökumət bu problemin həlli üçün «Neft gəlirlərinin uzunmüddətli idarəsi üçün makro-iqtisadi model»də hazırlamağa başlayıb. Həmçinin bu pulların qeyri-neft sektorunun inkişafına yönədilməsi üçün Dövlət İnvestisiya Şirkəti adlı qurum da yaradıb. Bu şirkətin qeyri-neft sektorunun inkişafını stimullaşdıracaq layihələrə vəsait ayıracağı deyilir. Amma şirkət yeni yaradılıb və hansı layihələrə və nə qədər vəsait ayırması kimi suallar həlini tapmayıb.


İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlunun fikrincə, başqa ölkələrin təcrübəsi onu deməyə əsas verir ki, neft gəlirlərindən daha səmərəli istifadə etmək üçün bu pulları çox da iri layihələrə xərcləmək lazım deyil.


Uzun sözün qısası, Azərbaycanın «mədəsi» böyük neft gəlirlərini həzm etməyə hazır olub-olmamasından asılı olmayaraq Bakı-Tbilisi-Ceyhan kəmərinin işə düşməsindən sonra gələn pulları qəbul etməyə məcbur olacaq. Artıq bu pulların hesabına 2006-cı ilin dövlət büdcəsi yarım milyard dollara qədər artırılıb. İqtisadçıların fikrincə, artıq neft gəlirlərinin xeyrilə yanaşı, mənfi nəticələri də hiss olunur. Manat bahalaşır, qiymətlər qalxır və s.


XS
SM
MD
LG