Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:39

«Sərhəd açılsa, bir-birimizin üzünə necə baxacağıq?»


Bakıda Türkiyə futbol komandasının azarkeşləri, 26 iyun 2008
Bakıda Türkiyə futbol komandasının azarkeşləri, 26 iyun 2008
«Əgər qonşunun bir sıxıntısı varsa, deməli, sənin də sıxıntın var. Sərhəd qonşuları da gərək həmişə yaxşı dolansınlar. Keçmişdə olanları gələcək nəsillərə ötürmək lazım deyil. Türkiyədə erməni iş adamları çoxdur. Qızıl bazarı demək olar ki, onların əlindədir. Böyük iş adamları var, onlarla münasibətimiz çox yaxşıdır. Siyasətçilər qərar verib bu məsələləri həll eləsələr, çox yaxşı olar, keçmişi unutmaq lazımdır. Sərhədlərin açılması iki millət üçün ticarət, sosial-mədəni baxımdan faydalı olacaq».

Türkiyə vətəndaşı Kamil Çubuklu «Azadlıq» radiosuna belə deyir. O, 10 ildir Azərbaycanda ticarətlə məşğuldur. Deyir ki, bir neçə gündür Türkiyə-Ermənistan sərhədlərinin açılmasıyla bağlı danışılanları maraqla izləyir. K.Çubuklu hesab edir ki, sərhəd açılsa, nə vaxtsa orda ticarət qurmaq haqqında da fikirləşər.

Mustafa Korkmaz da Azərbaycanda ticarətlə məşğul olan Türkiyə vətəndaşıdır. Ancaq o Kamil Çubuklu kimi düşünmür. Mustafa sərhədlərin açılmasına qarşıdır:

«Mən buna qarşıyam. Biz Türkiyə vətəndaşı olaraq Azərbaycana qarşı çıxa bilmərik. Əgər sərhəd açılsa, deməli, biz Azərbaycanın əleyhinəyik. Bu, siyasətdir, ancaq siyasət də yerində olmalıdır. Min düşünüb bir qərar vermək lazımdır».

Bu gün bir qrup türk iş adamı Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz aksiyası da keçiriblər.

Paytaxtın rəyini öyrəndiyimiz bir neçə sakinininsə məsələyə münasibəti belədir:

- Vallah, mən siyasətçi deyiləm, ancaq düz deyil.
- Normal, açsınlar.
- Etiraz edirəm, ona görə ki, Azərbaycan torpağı işğal altındadır. Axı biz də türkük, onlar da. Bu, necə ola bilər?
- İstəmirik, açılmasın.
- Gərək açmasınlar, axı biz dost dövlətlərik.
- Bu, Türkiyənin daxili işdir.
- Necə açmaq olar? Bu, mümkün deyil.
- Tərəfdarı deyiləm.
- Sərhəd açılsa, sabah bir-birimizin üzünə necə baxacağıq?
- Bilmirəm.
- Məncə, Türkiyə sərhədi açmayacaq.

Azərbaycan hökuməti Türkiyə-Ermənistan sərhədlərinin açılmasına qarşı çıxır. Xarici İşlər nazirinin müavini Araz Əzimov deyir ki, sərhədlərin açılması Azərbaycan ərazilərinin işğalının ləğvindən sonra mümkün olmalıdır:

«Azərbaycan Türkiyə tərəfinə mövqeyini bildirib. Bakı hesab edir ki, sərhədlərin açılması münaqişənin həlli kontekstində ola bilər. Türkiyə-Ermənistan sərhədlərinin bağlı olması neçə illər davam edən münaqişənin həlli prosesində bir faktor olub. Bu faktor həm də əhəmiyyətə malikdir».

Politoloq İlqar Məmmədovsa hesab edir ki, sərhədlərin açılması Azərbaycana Qarabağ münaqişəsini öz xeyrinə həll etmək imkanı verəcək:

«Türkiyə-Azərbaycan sərhədlərinin açılması ilk növbədə Azərbaycanın marağındadır. Çünki bu imkan verər ki, Türkiyə Ermənistanı Rusiyanın əlindən qoparsın. Bu da gələcəkdə Azərbaycana imkan verər ki, Qarabağ münaqişəsini dinc yolla öz xeyrinə həll etsin».
XS
SM
MD
LG