Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:38

Tamaşaçıların zövqünü oxşaya bilməyən animatorlar dünyanı fəth etmək istəyirlər


«Azanfilm» studiyasının rəhbəri Elçin Hami Axundov, 9 iyun 2006
«Azanfilm» studiyasının rəhbəri Elçin Hami Axundov, 9 iyun 2006

Bu arzunun reallaşması üçün iki şey lazımdır: Maliyyə mənbəyi və bir də bir neçə il öncə «Disney»də, «Soyuzmultfilm»də işləmək üçün Azərbaycanı tərk etmiş mütəxəssislərin yerinə yenilərinin yetişməsi


Nənəsiylə parkda gəzinən Kənanın altı yaşı var. Onun ən sevimli cizgi filmi «Tom və Cerri»dir.


- «Tom və Cerri»yə baxıram. Sonra «Benjamen»dən xoşum gəlir.


- Azərbaycan cizgi filmlərinə baxmısan?


- Yox!


10 yaşlı Aytac Qurbanova da «Tom və Cerri»yə baxmağı sevir. Azərbaycanın cizgi filmlərindənsə yalnız biri yadında qalıb, onun da nə illah elədisə adı yadına düşmədi.


Amma deyəsən, təkcə Kənanla Aytac yox, böyüklü-kiçikli hamı «Tom və Cerri»yə heyrandır. Kimdən xəbər aldımsa, hamı bu cizgi filminin adını çəkdi. Yerli cizgi filmlərindən hansını bəyəndiklərini xəbər alandasa əksəriyyəti «Tıq-tıq xanım»ı xatırladı.


- Mən «Tıq-tıq xanımı» bəyənirəm.


- Mən baxmıram. Zəhləm gedir!


- «Tıq-tıq xanım» yadımdadır.


- Adını bilmirəm. Biri var ey, «Meşəyə insan gəlir!»


Elə bilməyin ki, söhbətləşdiyimiz tamaşaçılar yerli cizgi filmlərinə baxmaq istəmirlər. Sadəcə, onlar uğurlu alınan filmlərin azlığından şikayətçidirlər. Yoxsa yaddaşlarında qalan cizgi filmlərindən ayrı-ayrı epizodları az qala əzbər danışırdılar. Onlar əksər yerli cizgi filmlərinin baxımlı olmamasından, keyfiyyətindən, çəkiliş formasından narazıdırlar.


Video, audio kassetlərin satışı ilə məşğul olan Anar İsrafilov hesab edir ki, hər min alıcıdan yalnız onu yerli cizgi filmi istəyir: «Rusiyanın, xarici ölkələrin çəkdikləri daha maraqla qarşılanır. Səbəb də keyfiyyətlə bağlıdır. Bu filmlərdə uşaq psixikası, onun maraq dairəsi nəzərə alınır. Bizdəsə belə şeylərə fikir verilmir».


Aygün Ələsgərova isə Azərbaycan nağılları əsasında cizgi filmləri çəkilərsə uğur qazanacağını düşünür: «Ən çox da bizim adət-ənənələri qoruyan, tərbiyəvi əhəmiyyətli cizgi filmlərinin çəkilməsini istərdim».


O ki qaldı tənqidlərə...«Azanfilm» studiyasının rəhbəri Elçin Hami Axundovun da öz izahatı var. Onun fikrincə, səbəblərdən biri animator rəssamların yaşının 50-ni ötməsidir. Onlar cavanlarla əvəzlənməlidir ki, ortaya uşaqların tələbinə və zövqünə uyğun məhsul qoya bilsinlər. İkincisi, cənab Axundov deyir ki, ölkədə kino - icarə sistemi iflic olduğundan tamaşaçılar son illərin uğurlarından bixəbər qalırlar. Vaxtilə animasiya filmləri xüsusi bir kinoteatrda - «Bilik»də göstərilirdisə, indi onları nümayiş etdirmək üçün yer qalmayıb. Televiziyadan savayı: «Televiziya cizgi film göstərməsi üçün təxminən 15-20 min dollar ödəməlidir. Onlar da həmin məbləği ödəməkdənsə, «Tom və Cerri»nin kassetini on minə alıb həmişəlik «fırlatmağa» üstünlük verirlər…»


Amma ən maraqlısı bilirsiniz nədir? Ölkə daxilində bazara girə və üstəlik heç də bütün tamaşaçıların zövqünü oxşaya bilməyən azərbaycanlı mütəxəssislər dünyanı fəth etmək niyyətindədirlər. Necə? «Azanfilm»in rəhbəri Elçin Hami Axundova görə, Azərbaycan folklorunun sayəsində: «Azərbaycan maraqlı ölkədir. Nağıllarımızı bilmirlər. «Disney» mövzuları bitib. Başqa xalqların nağıllarına keçib…»


Ancaq bu arzunun reallaşması üçün iki şey lazımdır: Maliyyə mənbəyi və bir də bir neçə il öncə «Disney»də, «Soyuzmultfilm»də işləmək üçün Azərbaycanı tərk etmiş mütəxəssislərin yerinə yenilərinin yetişməsi.


Elçin Axundov inanır ki, bütün bunlardan sonra dünya miqyasına çıxmaq olar. O, Azərbaycana pul gətirə biləcək sahənin bədii yox, məhz animasiya filmləri ola biləcəyini də düşünür. Çünki 200 min dollara dünya miqyaslı film çəkmək mümkünsüzdürsə, yarım milyon dollara tam metrajlı cizgi filmi çəkmək olar.


Amma tənqidçilər bu işin çox da asan olmayacağını, sadəcə, yaxın on illərə uzana biləcək arzu olduğunu deyirlər. Çünki mütəxəssislərin yetişdirilməsi illər aparacaq. Bundan başqa, bunun üçün modern texniki avadanlıq, «Azanfilm»in yenidən qurulması lazımdır. Bu isə milyonlar tələb edir. Cənab Axundov bununla bağlı yeni Mədəniyyət və Turizm naziri ilə görüşməyə hazırlaşır…


Beləliklə, azərbaycanlı animatorlar dünyanı təəccübləndirməyə hazırlaşmaqda olsunlar, balaca azərbaycanlıların ürəyini isə əcnəbi cizgi filmlər çoxdan fəth edib. Hərçənd səbirlə gözləyənlər də var, Aynur Salamova kimi: «Acınacaqlıdır ki, Azərbaycanın çəkdiyi cizgi filmlər çox azdır. Biz rus və ingilis cizgi filmlərinə baxa-baxa böyümüşük. Amma istərdik gələcək nəsillər məhz Azərbaycan cizgi filmlərinə baxa-baxa böyüsünlər…»


XS
SM
MD
LG