Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 18:33

Edamını gözləyən 23 yaşlı qız


Dilara Darabi
Dilara Darabi
Hamının həyatında hərdən elə olur ki, vaxtın tez keçməsini istəyirsən, dəqiqələrin, saatların, günlərin…Amma bəzən elə hallar da olur ki, insan hər dəqiqənin bir saat, bir gün qədər uzun olmasını istəyir. İranda yaşayan 23 yaşlı Dilara Darabi kimi.

Çünki bu qız indi bəlkə də həyatının son günlərinin yaşayır. «Bəlkə» deyirik, ancaq ona görə ki, hələ ümidi var, ümidsə sonda ölür. Amma Dilaranın ölüm - daha doğrusu edam vaxtı isə artıq bəllidir. Aprelin 20-də.

Dilaranın edam qərarını aprelin 16-da İranın Ali Məhkəməsi təsdiqləyib. Amma həm İranın özündə, həm dünyadakı minlərlə insan haqları fəalı və adi vətəndaşlar Dilaranın edam olunmaması üçün kampaniya aparırlar.

Dilara 17 yaşında ikən bir yaşlı qadının qətlində ittiham olunur. İrandakı şəriət qanunlarına görə, indi Dilaranın özü də edam olunmalıdır. Əgər son ana qədər - Dilaranın öldürdüyü iddia olunan qadının ailəsi onu əfv eləməsə...

Məhkəmə qərarı olsa da, Dilarə bilavasitə qətldə günahkar sayılsa da, «Dilaranın öldürdüyü iddia olunan» sözündən istifadə elədim. Çünki qız özü bu qətli törətmədiyini deyir.

İddiaya görə, 17 yaşında olanda Dilara 19 yaşlı sevgilisylə - Əmir Hüseyn Sötudehlə birgə Dilaranın yaşlı qadın qohumunun evinə giriblər. Dilaranın atasının əmisi qızının evinə. Amma sonra qadın gəlib çıxıb və baş verən mübahisə zəminində qadın öldürülüb.

İlkin istintaq zamanı Darabi günahı boynuna götürüb. Amma məhkəmə istintaqı başlayanda əvvəlki ifadəsindən imtina eləyib, buna baxmayaraq məhkəmə tərəfindən edam cəzasına məhkum edilib. 2003-cü ildə Dilaranın cəmi 17 yaşı olduğundan - yəni yetkinlik yaşına çatmadığından 6 ildir ki, cəza təsdiqlənənə qədər həbsdə saxlanıb.

Darabi və vəkilləri iddia eləyirlər ki, 17 yaşlı qızı sevgilisi inandırıb ki, günahı boynuna götürsə, desə ki, qadını mən öldürmüşəm - onda ikisi də qurtulacaq. Dilaraya yetkinlik yaşına çatmadığı üçün ağır cəza verməyəcəklər, oğlan da ancaq yüngül cəza alacaq.

Dilaranın vəkili Abdulsamad Xoramşah bildirir ki, faktiki olaraq qızı ilkin istintaqdakı ifadəsinə görə məhkum eləyirlər. Edam cəzası veriləndə hətta adi cinayət istintaqı və ekspertizalar da aparılmayıb. Dilaraya günahsızlığını sübut eləməyə şans verilməyib:

«Nəzərə alınmalıydı ki, onun ilkin etirafı reallığa söykənir, ya yox. Çünki açıq-aydın görünür ki, cılız bir qızın bu qətli törətməsi inandırıcı deyil. Yanında güclü, yekəpər cavan oğlan olub. Bu necə mümkün olur ki, qadını qurbandan çox-çox cılız olan bir qız öldürsün?»

Dilara faciəvi taleyilə indi İranda özükimilərin simvoluna çevrilib. Çünki İranda onun kimi 70-dən çox gənc var ki, yetkinlik yaşına çatmadıqları vaxt - yəni uşaq olarkən törətdikləri cinayətlərə görə ölümə məhkum ediliblər. Və bir çoxu da 18 yaşının tamamında və ya hətta daha tez edam ediliblər.

«Amnesti İnternational» kimi təşkilatlar İranı uşaqları edam edən son ölkə kimi təqdim eləyirlər. Baxmayaraq ki, elə Tehranın da imzaladığı Uşaq haqları haqda Konvensiyaya görə, heç kəs uşaq vaxtı - 18 yaşına çatmayana qədər törətdiyi cinayətə görə edam oluna və ya ömürlük həbs cəzasına məhkum edilə bilməz.

İndi Dilara Darabi adını internetdə axtarışa verəndə, minlərlə müxtəlif dillərdə yazılar və rəsmlər çıxır. Rəsmlərin müəllifi isə Dilara özüdür. Ümidsizlikdən xəbər verən bu şəkilləri qız həbsxanada olanda çəkib. 2006-cı ildə insan haqları fəalları Tehranda bu rəsmlərin sərgisini də təşkil eləmişdi. Sərgi belə adlanırdı - «Bu günahı işləmədiyimə and içirəm».

Dilaranın vəkili Xoramşahi deyir ki, qız onsuz da belə az yaşda ağır həbs cəzası çəkməklə yetərincə cəzalanıb. 2007-ci ildə həbsdə olan qız özünə qəsd də eləyib, amma həyatını qurtarıblar:

«Məktəbdə oxuyan 17 yaşlı bir qız üçün birdən-birə həbsxana barmaqları arxasına düşmək çox çətindir. Dilaranın 3 bacısı və valideynləri də onun durumu üzündən dəli olmaq dərəcəsinə gəliblər».

Dilaranın atası İran Ali Məhkəməsinin sədrinə dəfələrlə müraciət eləyib ki, qızının edam cəzasını ləğv eləsin. Ata məktubunda yazıb ki, onsuz da 23 yaşlı qızın həyatının ən yaxşı illəri həbsxanada keçməklə ən ağır şəkildə cəzalandırılıb. Və bir ata üçün qızının belə gənc yaşda edam olunacağını bilə-bilə yaşamasından böyük zülm ola bilməz.

Dilaranın atası, ailəsi, insan haqları fəalları, hətta İrandakı rəssamlar və başqaları da çalışırlar ki, öldürülən yaşlı qadının ailəsi Dilaranı əfv eləsin.

Və onlar son ana qədər mübarizə aparacaqlarını deyirlər. Çünki İranda bir neçə dəfə elə olub ki, gənc məhkum edam cəzasından bu yolla, həm də son anda qurtula bilib.
XS
SM
MD
LG