Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:25

Əyalətlərdə jurnalistlər üçün «fövqəladə vəziyyət» hökm sürür?


«Azadlıq» qəzetinin əməkdaşı, tez-tez ezamiyyətlərə gedən Səbuhi Məmmədli isə deyir ki, artıq əyalətlərdə jurnalistlərin şərlənməsi çox asandır
«Azadlıq» qəzetinin əməkdaşı, tez-tez ezamiyyətlərə gedən Səbuhi Məmmədli isə deyir ki, artıq əyalətlərdə jurnalistlərin şərlənməsi çox asandır
- Görünür, eyni siyasətdir. Siz fikir verirsiniz Naxçıvanda nə tətbiq edilirsə, sonradan bu, Azərbaycanın başqa ərazilərinə də tətbiq olunur. Görünür, bizimlə bağlı məqam da bu eksperimentin tərkib hissəsidir.

«Azadlıq» qəzetinin əməkdaşı Səbuhi Məmmədli deyir ki, artıq jurnalistlər Azərbaycanın başqa əyalətlərində də, Naxçıvanda olduğu kimi min bir çətinliklərlə üzləşirlər.

Ötən həftənin cümə günü «Azadlıq» qəzetinin bölgə müxbiri Ərşad İbrahimli Gəncədə polisə müqavimət adı ilə saxlanıb, məhkəmənin hökmü ilə 10 gün həbs cəzası alıb.

«Azadlıq» qəzetində jurnalistin 10 gün cəza almasını onun yazıları ilə izah edirlər. Qəzetin texniki direktoru Azər Əhmədov deyir ki, Gəncə Polis İdarəsində işgəncə faktlarının olması və başqa bir sıra məsələlərlə bağlı Ərşad İbrahimli sensasiyalı məlumatlar ortalığa çıxarmışdı. Bu da onun artıq açıq hədələrlə üzləşməsinə gətirib çıxarmışdı:

- Referendum qabağı Gəncənin prokuroru şəxsən onu çağırıb rəsmən xəbərdarlıq etmişdi. Bundan başqa, polis rəisi Rasim Musayev Ərşadın qohumlarına demişdi ki, qohumunuz özünü yığışdırmasa həbs ediləcək…

Gəncə Şəhər Polis İdarəsinin rəisi Rasim Musayev isə «Azadlıq» radiosuna deyir ki, Ərşad İbrahimlinin saxlanması onun peşə fəaliyyəti ilə bağlı deyil:

- Onu Gəncədə heç kim «Azadlıq» qəzetinin müxbiri kimi tanımır. Əvvəllər həbsdə olmuş adi vətəndaş kimi tanıyırlar. O, bir nəfərlə mehmanxananın qarşısında çığır-bağır salıbmış, polis də onu saxlayıb. Məhkəmənin hökmü ilə də ona inzibati qaydada 10 gün cəza veriblər. Cinayət işi qaldırılmayıb.

«Azadlıq» qəzetinin əməkdaşı, tez-tez ezamiyyətlərə gedən Səbuhi Məmmədli isə deyir ki, artıq əyalətlərdə jurnalistlərin şərlənməsi çox asandır. S.Məmmədli bildirir ki, əvvəllər Naxçıvana səfərlər edəndə, dərhal polisin nəzarətinə götürüldüyünü müşahidə edirmiş. Onun fikrincə, artıq Azərbaycanın başqa əyalətlərində də belə halla qarşılaşmaqdadır.

S.Məmmədli deyir ki, müxalifət qəzetlərindən olan jurnalistin rəsmi orqanlarla hansısa bir məsələni dəqiqləşdirməsi də müşkülə çevrilib. O, belə bir halın yaranmasını əsasən dörd səbəblə izah edir.

Səbuhi Məmmədli deyir ki, əvvəla, Heydər Əliyevin prezidentliyi müddətində məmurlar jurnalistləri şərləməkdən ehtiyat edirdilər. Üstəlik, onun fikrincə, jurnalistlərin həbsi əyalətlərdə bəzi məmurların gözündə bu peşəni hörmətsiz edib. S.Məmmədli düşünür ki, reket jurnalistlərinin də dırnaqarası xidmətləri belə bir münasibətin formalaşmasında az rol oynamayıb:

- Həm də xofludurlar. O qədər çirkabın, rüşvətin, korrupsiyanın içindədirlər ki, qorxurlar…

Əyalətlərdə informasiya almaq yalnız müxalifət mətbuatı üçün problemə çevrilib?

Bu suala birmənalı cavab vermək çətindir. Rəsmi dövlət orqanı olan «Azərbaycan» qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov deyir ki, bəzi rayonlarda hətta onların əməkdaşlarına da informasiya əldə etmək xeyli çətin olur:

- Rayonda icra hakimiyyətinə gedib başçı ilə görüşməyənə qədər heç bir idarə sənə məlumat vermək istəmir. Düzdür, bəhanə edirlər ki, çoxlu reket jurnalistlər var, hamısına vaxt ayıra bilməzlər. Ancaq jurnalistin də üzünə qapını bağlamaq çıxış yolu deyil axı.

Ancaq millət vəkili bunu hakimiyyətin jurnalistikaya mənfi münasibəti kimi təqdim etməyin tərəfdarı deyil. Bəxtiyar Sadıqov hesab edir ki, əyalətlərdə də mətbuat xidmətlərinin yaradılması jurnalistin informasiya almaq imkanını xeyli artıra bilər.

Ancaq «Azadlıq» qəzetində bununla vəziyyətin köklü dəyişəcəyinə inanmırlar. Onlar «balıq başdan iylənər» atalar məsəlini yada salırlar…
XS
SM
MD
LG