Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:28

Bakı bazarlarında donuz ətinə tələbat azalıb, bəzi dükanlar bağlanıb


«Donuz qripi yayılandan satış azalıb, bu gündən isə dükanı bağlamışıq, alıcı yoxdur»
«Donuz qripi yayılandan satış azalıb, bu gündən isə dükanı bağlamışıq, alıcı yoxdur»
«Mən bu xəstəliyə fəlakət kimi baxıram, çox qorxuludur. Bu, bütün dünyada varsa, demək bizdə də ola bilər. Bizsə, bu haqda heç nə bilmirik, məlumatsızıq, gərək informasiya versinlər...»

Bakı sakini Adil Ağayev deyir ki, dünyada donuz qripi xəstəliyi haqqında məlumatlar yayılandan təşvişə düşüb. Ən böyük narahatçılığı isə bu xəstəlikdən necə qorunmaq haqqında Azərbaycanın səhiyyə rəsmilərindən heç nə eşitməməsi ilə bağlıdır.

Səhiyyə Nazirliyinin sanitar epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımovsa deyir ki, aprelin 28-də nazir Oqtay Şirəliyev «Qrip və kəskin respirator xəstəliklərə qarşı tədbirlərin gücləndirilməsi haqqında» əmr imzalayıb. O deyir ki, bu günə qədər Azərbaycanda donuz qripinə yoluxmuş xəstə aşkar olunmayıb. Ancaq bütün qrip xəstələrinin və şübhəlilərin laborator müayinəsi təşkil edilir. Artıq xəstəxanalarda xüsusi palatalar da ayrılıb:

«Bizə epidemioloji nəzarətin gücləndirilməsi tapşırılıb, xəstəliyə qarşı dərmanlar, dezinfeksiyaedici maddələr, qoruyucu vasitələr, dərmanların ehtiyatı təzələnir və biz bunların sayını artırırıq».

Viktor Qasımov deyir ki, sərhəd-keçid məntəqələrində tədbirlərin keçirilməsi isə Dövlət Gömrük Komitəsinə tapşırılıb.

Bu xəstəliyə görə narahatlıq keçirən Adil Ağayevin təklif etdiyi məlumat kitabçalarının hazırlanması haqqında isə Viktor Qasımov deyir ki, hələlik bu yoxdur, lazım gəlsə hazırlanacaq:

«Lazım olsa bunları da edəcəyik».

Rəyini soruşduğum Bakı sakinlərinin çoxu da xəstəlikdən məlumatsız olduqlarını deyirlər:

- Bu yaşa gəlmişəm, bu xəstəlik haqda ilk dəfədir eşidirəm.
- Heç nə bilmirəm, məlumatsızam.
- Mən donuz əti yemirəm, xəstəlik haqqında isə bilmirəm nə olan şeydir.
– Yox bilmirəm, heyf deyil öz milli qriplərimiz.
- Mənim məlumatım yoxdur, gərək camaatı məlumatlandırsınlar.

Adamlar arasında təşviş yarandığından Bakı bazarlarında donuz ətinin satışı da azalıb. Bəzi bazarlarda isə satış tamam yığışdırılıb. Satıcılar deyir ki, alıcılar azalıb, satış sərf eləmir:

«Donuz qripi yayılandan satış azalıb, bu gündən isə dükanı bağlamışıq, alıcı yoxdur».

Bakı Şəhər Baytarlıq İdarəsinin 5 saylı Baytar-Sanitar Ekspertiza Laboratoriyasının müdiri Ramazan Eminov isə deyir ki, bazarlarda donuz ətinin satışına qadağa qoyulmayıb:

«Əhali almaqdan çəkinir. Təsərrüfatlar qapalı şəraitdədir. Dükanların bağlanmasının səbəbi isə tələbatın aşağı düşməsiylə bağlıdır».

Dövlət Baytarlıq Xidmətinin rəis müavini Emin Şahbazov da bildirir ki, donuz əti və məhsullarının Azərbaycana gətirilməsinə qadağa qoyulsa da, donuz ətinin satışına qadağa yoxdur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, ölkəyə qaçmalçılıq yoluyla məhsul gətirilməsinə şərait olduğundan əhali ehtiyatlı olmalıdır:

«Bazara qanuni və qanunsuz mallar daxil olur, Azərbaycanda da qaçaqmalı yoluyla məhsullar gətirilir. Bazarlarda təhlükəli məhsulların olması istisna deyil».

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Azərbaycanda 35-40 min baş donuz var. Donuzlar əsasən şimal-qərb, şimal rayonlarında, o cümlədən Abşeron yarımadasında saxlanılır. Dövlət Baytarlıq Xidmətinin rəis müavini Emin Şahbazov da bildirir ki, quş qripindən fərqli olaraq donuz qripi xəstəliyinin fəsadları daha ciddidir:

«Quş qripi insandan insana keçmir. Donuz qripinin isə insandan insana keçmə təhlükəsi var. Bu, daha ciddi təhlükədir. Əlamətlərinə gəlincə, donuz qripinə tutulan canlıların temperaturu çox yüksək olur, həzm ağırlaşır, qidanı qaytarma halları müşahidə edilir. Canlılar arasında qripə yoluxma halı olarsa, dərhal həkimə müraciət edilməlidir. Xüsusilə xarici ölkələrdən gələn insanlar qripləmə halı hiss edən kimi həkimə müraciət etməlidirlər».

Səhiyyə Nazirliyindən bildirirlər ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə, donuz qripinə qarşı «Tamiflyu» (Oseltamvir) dərmanlarından istifadə oluna bilər. Bakı apteklərində bu dərmanın kifayət qədər olduğunu, son günlər isə tələbatın artdığını dedilər. 75 milli qramlıq 10 həbin qiyməti saxlama müddətindən asılı olaraq 30-64 manat arasındadır.
XS
SM
MD
LG