Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:34

Yerevan özünə ağsaqqal - mer seçməyə hazırlaşır


Yerevanda müxalifət tərəfdarlarının aksiyası. 1 may 2009
Yerevanda müxalifət tərəfdarlarının aksiyası. 1 may 2009
Mayın 31-də müstəqil Ermənistan tarixində ilk dəfə olaraq Yerevan sakinləri mer və şəhər şurası, yəni Ağsaqqallar Şurasını seçəcək. Ağsaqqal seçkisi partiya siyahısıyla, yəni proporsional sistemlə keçiriləcək. Bu isə o deməkdir ki, mübarizə ayrı-ayrı siyasətçilərin deyil, siyasi qüvvələrin arasında gedəcək.

Martın 22-də seçkilərdə iştirak üçün sənəd qəbulu başa çatanda məlum oldu ki, mer kürsüsü uğrunda 7 siyasi qüvvə mübarizə aparacaq. Bunların 6-sı partiya, biri isə müxalifətin formalaşdırdığı koalisiyadır. Ümumilikdə Ağsaqqallar Şurasının 65 yerinə 600-dən artıq namizəd iddialıdır.

Yanvarın 26-da qüvvəyə minən yeni qanuna görə, sakinlər meri bilavasitə seçməyəcək, əvəzində partiyalara səs verəcəklər. Merlik postuna iddialı olanlar isə partiya siyahılarına başçılıq edənlərdir.

Yeni qanunun müəlliflərindən biri Hrayr Tovmasyan izah edir:
«Seçki vaxtı 50 faizdən artıq seçici səsi toplamış, partiyaların siyahısında birinci dayanan - avtomatik olaraq Yerevanın meri olacaq. Əgər heç bir partiya kifayət qədər səs toplamasa, onda mer Ağsaqqallar Şurasının ilk iclasında seçiləcək. Ancaq bu halda da merliyə partiya siyahılarına başçılıq edənlər irəli sürülə bilərlər».

Hrayr Tovmasyan deyir ki, bu dəyişikliklərin əsası hələ 2005-ci ildə qoyulub, həmin dövrdə Ermənistan konstitusiya dəyişikliyinə səs verib.

Bu dəyişikliyə görə Ağsaqqallar Şurasına seçkiləri hələ 2007-ci ildə keçirilməli olsa da, proses uzanıb və paytaxtın özünü idarəetməsi üçün dəyişiklik indi keçirilir.

31 may seçkilərinə kimi Ermənistanda hələ köhnə qanun qüvvədədir. Həmin qanuna görə meri prezident təyin edir. Qanunda Yerevan vahid vilayət kimi nəzərdən keçirilmir və vahid büdcəsi də yoxdur. Hələ ki, Yerevan 12 mikrorayona bölünüb və bölgələrin hər biri öz həyatını yaşayır, mikrorayonların hər birinin öz seçilmiş hakimiyyəti var.

Hrayr Tovmasyan deyir ki, «indi paytaxt belə desək parlament tipli idarəçiliyə keçir, bu isə o deməkdir ki, paytaxt vahid orqanizm kimi fəaliyyət göstərəcək». Dəyişiklik nəticəsində şəhərin idarə edilməsində əsas rolu Ağsaqqallar Şurası oynayacaq. Şuranın üzvləri büdcə layihəsini təklif edə biləcək, şəhər üçün vacib olan məsələlər üzrə müvəqqəti komissiyalar yaradacaq, həmçinin Şura Merin fəaliyyətindən narazılığını da ifadə edə bilər:

«Qanunla merə konstruktiv inamsızlıq mexanizmi qoyulub. Yəni merin istefası üçün ona etiraz edənlərin sayının çox olması kifayət etmir, digər namizədi də konstruktiv çoxluğun dəstəkləməsi lazımdır. Bu isə o deməkdir ki, köhnəni meri ancaq yenini seçməklə istefaya göndərə biləcəklər. Yerevanın Ağsaqqallar Şurasının 1-2 məsələ istisna olunmaqla merin tabeliyində olan bütün məsələlər barədə qərar qəbul etmək hüququ var. Hər bir şura üzvü büdcə layihəsi hazırlaya bilər. Şuranın bu və ya digər səlahiyyətləri onun şəhər həyatında rolunun artırılmasına xidmət edir».

Seçkilərdən sonra, Yerevanın 12 mikrorayonun yerində 12 administrativ dairə formalaşacaq. Baxmayaraq ki, onların sərhədləri eynidir, amma idarəçiliyi fərqli olacaq. Əvvəllər seçilmiş hakimiyyətin əvəzində paytaxt mikrorayonlarını merin təyin etdiyi rəhbərlik idarə edəcək. Rayonların ayrıca büdcələri olmayacaq və meriyadan asılı olacaqlar. Ancaq vilayət mərkəzlərinin binaları əvvəlki tək qalacaq:

«Bu sakinlərə asan olsun deyə edilib. İnsanlar müxtəlif arayış və suallarla özlərinin yerli vilayət rəhbərliyinə müraciət etməyə alışıblar. Hər şey əvvəlki kimi qalacaq, gündəlik problemlərin həlli üçün Yerevan ətrafında qalanların meriyaya gəlməsinə ehtiyac duyulmayacaq».

İndi isə Yerevan küçələrində əhalinin bu dəyişikliklərə münasibətini öyrənək. Seçki günü artıq təyin olunub, seçki qabağı kompaniya isə artıq başlayıb. Ancaq sakinlərin bir çoxu nə seçkiqabağı vədlərə, nə də seçkilərə inanmırlar. Belə ki, seçkiyə 2 ay qalmış prezident hakim partiyanın namizədini Yerevanın meri təyin edib. Müxalifət hesab edir ki, bu hakim partiyanın namizədinə administrativ vasitələrdən istifadə etməyə böyük imkanlar açır. Bir çox yerevanlı isə keçiriləcək seçkinin daha çox seçki imitasiyası olacağını deyir:

«–Meri seçəcəyik, ya təyin olunacaq, nə fərqi var? Hamısı eyni şeydir...

– Seçkilərə kimi artıq mer təyin olunub... Hər şey əvvəlki kimi olacaq, görərsiniz, heç nə dəyişməyəcək.
– Xalqı yalnız seçki və səsimiz lazım olanda xatırlayırlar. Başqa vaxt isə insanlar mövcud deyil və hökumət bizi yada da salmır.
- Mənim üçün fərqi yoxdur, kim və necə olacaq - meri seçəcəklər, təyin edəcəklər, ya Allah göydən göndərəcək, fərq etməz... Mer şəhərin qayğısına qalmalıdır. Qoy qayda-qanun yaratsın, hiss edək ki bizə əziz olan əvvəlki Yerevanda yaşayırıq...»

Həmçinin oxu:

Bakının meri olmalıdırmı?

Tbilisiyə necə mer lazımdır?
XS
SM
MD
LG