Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 18:43

Böhran hallarında polisin davranış xronologiyası


Vinnenden məktəbindəki qətliam nəticəsində 5 nəfər həlak olur
Vinnenden məktəbindəki qətliam nəticəsində 5 nəfər həlak olur

Neft Akademiyasında baş verən faciə ilə bağlı dünyanın müxtəlif yerlərindəki oxşar hadisələrə yenidən nəzər saldıq. Almaniya, ABŞ və İsraildə müxtəlif vaxtlarda yaşanan bu faciələrin xronologiyası həmin ölkələrdəki dövlət xidmətlərinin böhran hallarında necə fəaliyyət gəstərməsinin mənzərəsini yaradır.

Almaniya. 11 mart 2009-cu il

Vinnenden məktəbindəki qətliam nəticəsində 9 nəfər həlak olur.

09.30: 17 yaşlı Tim Kreçmer «Baretta» tapançası və yüzdən çox gülləylə silahlanaraq Vinnendendəki məktəb binasına daxil olur və tələbələrə atəş açmağa başlayır. 9 tələbə və 3 müəllimi yerindəcə öldürür.

09.33: Polis baş verənlər haqda məktəbdən bir neçə telefon zəngi alır.

09.35: İlk polis zabitləri məktəb binasına daxil olur, həmin anda silahlı şəxs hələ də birinci mərtəbədə atəş açırmış. Polis həmin şəxslə atışmağa başlayır. Silahlı şəxs bəzi sursatlarını məktəbdə buraxıb binadan qaçır.
Yaxınlıqdakı psixiatrik klinikanın yanından qaçarkən qapıda duran bir nəfəri öldürür, küçədən keçən bir nəfəri isə yaralayır.

09.40: Digər polis zabitləri və təcili yardım maşınları məktəbə gəlir.

10.00: Polis hadisəylə bağlı ilkin açıqlama verir. Xüsusi təyinatlı polis dəstəsi Kreçmerin məktəbdən 12 km uzaqlıqda yerləşən evinə hücum edir.

11.14: Televiziya və radioyla hadisənin təfərrüatları yayımlanır, yerli televiziya və radiolar vasitəsilə bütün sürücülərə xəbərdarlıq edirlər ki, hadisə yerindən bir nəfər şübhəli qaçıb, təsadüfi adamları maşına mindirməsinlər.

12.04: Kreçmer Vinnendendə bir maşını ələ keçirir və Vendlinqenə doğru gedir.

12.20: Kreçmer Vendlinqendəki avto-salona girir, bir satıcını və bir müştərini güllələyir.

12.30: Hadisə yerinə gələn polislərlə Kreçmer arasındakı atışmada Kreçmer ayağından yaralanır. Sonradan yerə yıxılan Kreçmer silahını doldurur və şahidlərin sözlərinə görə, özünü vurur.

İsrail. 6 mart 2008-ci il

Merçaz Harav hərbi ruhani məktəbi, silahlı basqın nəticəsində 8 tələbə qətlə yetirilir.

08.30: 26 yaşlı silahlı şəxs – Əla Əbu Deyn səhər saat 8.30-8.36 arasında məktəb binasına daxil olur və avtomatla atəş açmağa başlayır.

08.36: Təcili yardım və polisə hadisəylə bağlı ilk zəng olunur.

08.37: İlk təcili yardım maşını məktəbə yaxınlaşır.

08.40: İlk polis zabiti hadisə yerinə gəlir, amma binaya girmək yerinə, bayırda gözləyir və keçənlərin binaya daxil olmasını əngəlləyib, «panika»nı sakitləşdirməyə çalışır.

08.41: İçəri girən təcili yardım həkimi yaralıların olduğunu ratsiyayla xəbər verir.

08.42: Həmin məktəbdə qiyabi təhsil alan İsrail ordusunun iki zabiti – Dadon və Şapira da öz xidməti silahlarıyla birlikdə binaya girirlər.

08.45: İki zabitlə silahlı şəxs arasında atışma başlayır.

08.51: Təcili yardıma içəridən çoxlu yaralıların olduğu bildirilir.

08.57: Zabitlər silahlı şəxsi öldürürlər və binaya təcili yardım işçiləri buraxılır.

ABŞ. 10 mart 2006-cı il

Pensilvaniya ştatının Paradayz qəsəbəsi. «Amiş» dini icmasına məxsus ibtidai məktəbə olan silahlı hücum 5 kiçik qızın həyatına son qoyur.

10.00: Avtomat və tapançayla silahlanan 32 yaşlı Çarlz Karl Roberts «Amiş» icma məktəbinə daxil olur.

10.30: Məktəbdəki 15 oğlan uşağını, qadın müəllimələri və əlilləri çölə çıxarandan sonra, qapıları bağlayıb, aça bilməsinlər deyə, arxasına stolları yığır. Sonra silahlı şəxs 12 qız şagirdi sıraya düzür və onların əllərini və ayaqlarını bağlayır.

10.36: Çölə çıxan müəllimələrdən biri qonşuluqdakı binadan 911-ə zəng edir.

10.45: Polis, təcili yardım və yanğınsöndürənlər hadisə yerinə gəlir. Polis məktəbi mühasirəyə alır.

10.46: Eyni vaxtda silahlı şəxs öz mobil telefonundan polis məntəqəsinə zəng vurub, xəbərdarlıq edir ki, əgər polis dərhal binadan uzaqlaşmasa, girovları öldürməyə başlayacaq.

10.50: Silahlı şəxs həyat yoldaşına zəng edir, onunla vidalaşır. 20 il öncə itkin düşən qızının qisasını almaq istədiyini deyir.

10.55: Polis səsgücləndiricilərlə silahlı şəxslə danışıqlara başlamağa çalışır.

11.00: Binadan atəş səsi eşidilir, polis qapı və pəncərələri sındırıb içəri girir. 3 kiçik qız hadisə yerindəcə ölüb, sonradan ikisi də xəstəxanada aldığı yaralardan keçinib. Polis girənə kimi silahlı şəxs özünü də güllələyir.

Misal kimi gətirilən bu hadisələrin əvvəlində basqın başlayandan bir necə dəqiqə sonra polisə xəbərdarlıq zəngi daxil olur. Təhlükəsizlik, təcili yardım və yanğınsöndürmə xidmətləri 5-10 dəqiqə arasında hadisə yerinə gəlirlər. ABŞ-da bundan ötrü 911-ə, Avropa və digər ölkələrdə də müvafiq 3 rəqəmli qaynar xətt telefonuna zəng eləmək kifayət edir.

Hadisə yerinə gələn polis dərhal olay baş verən tikililəri və yaxın ərazini mühasirəyə alır, ehtiyacı olanlara yardım göstərir.

Polis əməkdaşları hadisə yerində rast gəldikləri hər bir şəxsi təhlükəsiz əraziyə apararaq onları dindirir və qeydiyyata alır. Bu tədbirlərin məqsədi cinayətkarın şahidlərə və qurbanlara qoşulub hadisə yerindən yayınmasının qarşısını almaqdır.

Dövlət qurumları dərhal mətbuatla əlaqəni təşkil edib jurnalistlərə mütəmadi məlumat verir.

Böhran və qaynar xətt qərargahları yaradılır ki, burada vətəndaşlar itkin düşmüş yaxınları haqda məlumat əldə edə bilsinlər, ehtiyacı olanlar psixoloji yardımla təmin olunsunlar.

Qurbanların adları isə heç bir halda mediaya açıqlanmır. ABŞ və Avropa fövqəladə hallar xidmətlərinin daxili qaydalarına görə hər hansı fəlakət zamanı ölən və yaralananların adları ilk növbədə onların yaxınlarına çatdırılır. Yalnız bundan sonra mediaya açıqlama verilir.

XS
SM
MD
LG