Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:30

Keçmiş sovet nizamnaməsilə NATO standartlarına keçid


Ekspert bildirir ki, Müdafiə Nazirliyinin rəhbərliyində bir nəfər də NATO təhsili almış general yoxdur
Ekspert bildirir ki, Müdafiə Nazirliyinin rəhbərliyində bir nəfər də NATO təhsili almış general yoxdur

Azərbaycan Silahlı Qüvvələrində NATO standartları ilə keçmiş sovet sistemi necə uzlaşdırılır? Bu iki sistemin tətbiqi bir-birinə mane olurmu?


Məsələyə hərbi ekspertlər müxtəlif cür yanaşırlar. İstefada olan polkovnik-leytenant Üzeyir Cəfərov deyir ki, hazırda Azərbaycan ordusunda NATO standartları elə də geniş tətbiq olunmayıb. Onun sözlərinə görə, bir sıra hərbi hissələrdə NATO sisteminə uyğunlaşma olsa da, bütövlükdə ordu keçmiş sovet ordusunda tətbiq edilən və Azərbaycan dilinə tərcümə olunan nizamnamə əsasında fəaliyyət göstərir. Ekspertə görə, indi Azərbaycan ordusu keçmişlə yeniliyin arasında qalıb. Cənab Cəfərov bildirir ki, əksər hərbi hissələrdə nizam-intizam qaydaları və aparılan islahatlar keçmiş sovet sistemi əsasında həyata keçirilir: «Hətta əsgərlərin yerişinin NATO standartlarına uyğunlaşdırılması da yeni nizamnamə ilə tənzimlənmir. Çünki həmin nizamnamə Milli Məclisdə heç müzakirə olunmayıb».


Üzeyir Cəfəarova görə, nə qədər ki, ordu tam NATO standartlarına keçməyib, iki sistemin bir yerdə tətbiqi həmişə problemlər yaradacaq. Cənab Cəfərov ordunun NATO standartlarına keçməsinin uzun vaxt aparacağı ilə bağlı səslənən fikirlərlə isə, heç cür razı deyil: «Bunun üçün sadəcə, istək lazımdır, qonşu Gürcüstan bir neçə ilin içərisində öz ordusunu bu standartlara uyğunlaşdırıb və bunu davam etdirməkdədir. Digər tərəfdən, hazırda bir sıra münaqişə bölgələrində xidmət edən Azərbaycanın sülhməramlı birləşmələrinin yaradılması da elə uzun vaxt aparmayıb».


Müdafiə Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı İlqar Verdiyev isə, hesab edir ki, Azərbaycan ordusu NATO standartlarına tez-tələsik deyil, mərhələ-mərhələ keçməkdədir.


Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Mərkəzinin direktoru Ələkbər Məmmədov da bildirir ki, Azərbaycan ordusunda tətbiq olunan ikili sistem bir-birinə mane olur.


Bəs Azərbaycan ordusunun NATO sisteminə keçməsini təmin edə biləcək kadr potensialı yetərlidirmi?


Cənab Müdafiə Nazirliyinin rəsmisi cənab Verdiyev deyir ki, Azərbaycan hərbi təhsil sistemi hələ 1997-ci ildən NATO standartlarına keçib və hərbi hissələr də bu sistemə uyğunlaşdırılır. Bu baxımdan da o, yeni sistemə keçidlə bağlı Azərbaycan ordusunun kadr problemlə üzləşməyəcəyini düşünür.


Üzeyir Cəfərov isə, bu sahədə bəzi çətinliklərin olduğunu düşünür. Onun sözlərinə görə, Azərbaycan ordusunun NATO standartlarına keçidi çox ləng getdiyindən Türkiyədə təhsilini başa vurub gələn gənc kadrlar sistem uyğunsuzluğunun qurbanı olur. NATO standartlarına uyğun təhsil alan zabit keçmiş sovet sistemi ilə fəaliyyət göstərən hərbi qurumlarda xidmət edə bilmir və bir çox hallarda onlar mülki işlərə meyllənirlər. Bundan başqa, cənab Cəfərov bildirir ki, NATO sisteminə keçmək üçün ilk növbədə Müdafiə Nazirliyinin rəhbərliyində təmsil olunan kadrların əksəriyyəti bu sistemə uyğun təhsil alan insanlardan təşkil olunmalıdır: «Təəssüflər olsun ki, bu gün Müdafiə Nazirliyinin rəhbərliyində bir nəfər də NATO təhsili almış general, yaxud polkovnik yoxdur».


XS
SM
MD
LG