Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:50

Bakıdakı çeçenlər ölkələrinə qayıdır?


Bakıdakı çeçenlər Aslan Mashadovun anım mərasimində, Bakı, 11 mart 2005
Bakıdakı çeçenlər Aslan Mashadovun anım mərasimində, Bakı, 11 mart 2005

Son günlər Azərbaycanda məskunlaşan çeçen qaçqınlarının vətənlərinə qayıtmalarına cəhdlər etmələri barədə fikirlər səslənməkdədir. Hətta bu niyyətlə bugünlərdə çeçen deputat Maqomed Xambiyevin Bakıya gələrək çeçenlərlə söhbət apardığı da bildirilir. Ancaq Bakıda yaşayan çeçen qaçqınları hələ ki, geri qayıtmaq barədə düşünmürlər. Onlar Çeçenistanda təhlükəsiz yaşamaq üçün normal şərait olması fikrilə də razılaşmırlar. «Çeçen Təhsil Mərkəzi»nin müəllimi, Azərbaycanda müvəqqəti məskunlaşmış Ruslan Zəlimxanov deyir ki, M.Xambiyevin Bakıya gəlməsindən xəbərsiz olub. Əgər o Bakıya gəlibsə, deməli, bunu gizli edib və heç kimin onun gəlişindən xəbəri olmayıb. Bakıdakı çeçenlərin geri qayıtması məsələsinə gəlincə, bu, hələ ki, mümkün deyil: «Kimlər geri qayıdırsa, onları evindən götürürlər. Hər gün 3-4 adam itir. Bu, inanıb geri qayıdanlardı».


Bakıda yaşayan çeçenlərin bəziləri isə nəinki onları normal şərait gözləmədiyini deyirlər, hətta vətənlərinə qədər olan məsafəni keçməyi də təhlükəli hesab edirlər.


Cənab Zəlimxanov bildirir ki, indiyədək hansısa çeçenin Azərbaycandan öz vətəninə qayıdıb yaşaması barədə onun məlumatı yoxdur. Ancaq qayıdıb orada həlak olanlar barədə informasiyalar var.


BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı ofisinin mətbuat katibi Vüqar Abdüsəlimov isə, bildirir ki, qaçqınların öz vətənlərinə qayıtması – repatriasiyası yalnız könüllülük əsasında həyata keçirilir. Belə olan halda sözügedən ofisə müraciət edən hər bir kəsin vətəninə qaytarılması təmin edilir. Həmin adamların sərhədi təhlükəsiz keçməsi ilə yanaşı, hətta onlara müəyyən qədər maliyyə yardımı da göstərilir. Cənab Abdüsəlimovun sözlərinə görə, hələ ki, çeçenlərdən müraciət olmadığı üçün belə bir proses başlamayıb: «Çeçen mənşəli Rusiya vətəndaşlarından bizə belə xahişlər edilməyib. Ona görə də bizim bu istiqamətdə hər hansı təşkilati işlər görməyimiz tez olardı».


Çeçenlərdən fərqli olaraq Əfqanıstandan qaçqın düşənlərin vətənlərinə qayıtması prosesi xeyli müddətdir davam edir. Artıq uzun müddət Bakıda yaşayan əfqan qaçqınlarının bir qisminin öz vətənlərinə qayıtması barədə məlumatlar da mövcuddur. Bu faktı Vüqar Abdüsəlimov da təsdiqləyir. O, deyir ki, geri qayıtmaqla bağlı onlara əfqanlar müraciət edirlər və həmin adamların istəyinin təmin edilməsi prosesi davam edir. Qaçqınların geri qayıtma məsələsində sərhədi keçmək Beynəlxalq Miqrasiya Təşkilatının vasitəçiliyi ilə həyata keçirilir. Sənədləşdirmə işlərini isə BMT-nin Bakı ofisi həyata keçirir.


XS
SM
MD
LG