Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:35

Seyid Əbülqasim Nəbati. Təcnislər


Mənim bəxtim kimi taqü rəvaqın
Fələk, görüm, dönsün o üz bu üzə!
Günəş çıxar məgər səmti-məğribdən,
Əgər bir yol dəysin o üz bu üzə?

Hər günüm hicrindən dönüb bir ayə,
Gecə-gündüz zikr elərəm bir ayə,
Səni Tari, üzün göstər bir ayə,
Heç görüm oxşarmı o üz bu üzə?

Kövkəbi-taleyin oldu sünbülə,
Yaxşı müqabil et günü sünbülə,
Qoyma dəstələnsin sünbül sünbülə,
Bir döndər xərməni o üz bu üzə.

Adəm yeyən barı danə bilmənəm,
Görmüşəm xalını dana bilmənəm,
Dilbər, səndən özgə da nə bilmənəm,
Əbəs məni atma o üz bu üzə.

Nəbati, qəmliyəm, mey tök əyağə,
Pillə tək quruldum düşdüm ayağə,
Bundan artıq məni salma ayağə,
Sail kimi durum o üz bu üzə.


* * *


Başına döndüyüm, bu necə haldır,
Dinməmiş deyirsən: ay nədir, nədir?
Başım çıxmaz mənim sənin dilindən,
Buyurginən görüm ay nədir, nədir?

Qurban olum üzündəki həyayə,
Qəmzə oxun mindirginən hey yayə,
Nə baxırsan maral kimi hey ayə?
Cəmalın yanında ay nədir, nədir?

Gözüm qan kasası, ürəyim şişə,
Məni kabab kimi çəkmisən şişə,
Rəqibi görüm ki, dam kimi şişə!
Illər illər çəkə, ay nədir, nədir.

Nə baxırsan o sultanə, bu xanə?
Çox adamlar gəldi getdi bu xanə.
Genə bu gün işıqlanıb bu xanə,
Bilmirəm görünən aynədir nədir?

Həmd olsun Allaha, getdi a çillə!
Nəbati, az qaldı güllər açilə,
Bu müşkülüm, yarəb, kimdən açilə?
Yar dəstində tutan aynədir nədir?


* * *


O tərlan baxışın qurbanı canım,
Boy çəkib gözlərin gözlər, nə gözlər!
Amaci-sinəmi novki-müjganın
Qoyub nişanəyə gözlər, nə gözlər!

Nə qələtdir düşüb üz arasına,
Onu bilmək olmaz üz, arasına,
Əgər qəvvas isən, üz arasına,
Bir gör axır ondan gözlər, nə gözlər!

Təcəllasan, buyur Sina dağına,
Əgər görsən məni, Sinada, qına,
Qoyma rəqib baxsın sinə dağına,
Yamandır gözləri, gözlər, nə gözlər!

Yeni aydı, amma nə sövdası var,
Nöqsanına bax, gör nə sov dası var,
Heç bilmənəm başda nə sevdası var,
Ağlar, ağlar, deyər gözlər, nə gözlər!

Nəbati kül oldu, yandı Sinada,
Bu alovdan bir od düşsün sana da,
Deyəmməzəm, necə deyim sına da,
De görüm görmüsən gözlər, nə gözlər?

Əhvəl olma, bir nöqtədir hər ucu,
Bir dövrdə dolanırlar hər üçü,
Nəbatinin sultanıdır hər üçü,
Bu idi mən deyən gözlər, nə gözlər!


* * *


Sənin tək şəhbazi-sərvqamətə,
Bir cürə tərlanın ayağı gərək,
Gəmişən saatda kəbkü turacə,
Qaynağının dəmi, ayağı gərək.

Əyninə geyəsən gündə minalı,
Beli bağlı xəncər, dəstə minalı,
Qurulsun məclisin çəngü mənalı,
Əlində saqinin əyağı gərək.

Qabağınca neçə yedək çəkilə,
Səni görcək xanzadələr çəkilə,
Irişə şöhrətin Çinü Çəkilə,
Deyələr şahlığa ayağı gərək.

Səhər axşam təblü nayın buqlana,
Çəkilə düşmənin, dara bağlana,
Plov qazanların üstə buğlana,
Yaxşı bollu əti a yağı gərək.

Səba, bu ərzəni ələ salma ya,
Mənim salamımı yetir Səlmaya,
Niyə gərək məni yada salmaya,
Onun Nəbati tək ayağı gərək.


* * *


Könlüm gülzarında, qış mövsimində,
Açılıb təzə gül, di dər, ay Pəri!
Həsrət öldüm, heyif görmədim üzün,
Qaldı qiyamətə didar, ay Pəri!

Çəkin getsin, mən minmənəm yad ata,
Sevə bilməz özgə oğlun yad ata,
Bu yorğun maralı qoyma yad ata,
Özün xədənginə didər, ay Pəri!

Keçə bilməm, bu dəryalar dərindir,
Ölənədək yerim sənin dərindir,
Dur ağacdan almaları dər endir,
Bir-bir otaqlara didər, ay Pəri!

Xoş yaraşıb bazubəndlər bu qara,
Sona tellim, sənə düşməz bu qara,
Bundan artıq dözmək olmaz bu qara,
Insafa gəl, dur aç didar, ay Pəri!

Ömrüm başa gəldi uzun gecələr,
Bu yatmamaq vallah, məni gic elər.
Niyə bilməm Gəzgəz ünü gec elər?!
Dur gəl ki, vaxt oldu di dar, ay Pəri!

Həsrət toxmun mən də əkdim dəminə,
Səni Allah, atdan düşmə, de minə.
Bir düşəsən Nəbatinin dəminə,
Səni tərlan kimi didər, ay Pəri!


* * *


Eşqi başa vurub söz deyən aşiq,
Gəl, görüm görmüsən bu göz kimi göz?
And olsun Allaha, həyyü layəzal
Xəlq edəməz bir də bu göz kimi göz.

Niyə zülfün genə üzdən yan durmuş,
Məni oxlamağa Gəzgəz yan durmuş,
Çox fəqiri fələk yaxıb yandırmış,
Heç kafir görməsin bu köz kimi köz.

Bu müşkilin heç görünməz asanı,
Dağ-düyünün yoxdur dəxi a, sanı,
Görüm Allah hifz eyləsin a səni,
Bədnəzər düşməyib bu göz kimi göz.

Yaxşı olur evdə südünən sağın,
Heykəlsiz olmasın sol ilə sağın,
O köpəkdən, gözüm, həzər et, saqın!
Şirin olmaz çeşmə bu göz kimi göz.

Bilməm fələk məni kimə cur etdi,
Aşığım durmamış qapdı, çur etdi.
Gözüm yaşı Nəbatini çürütdü,
Dilim yandı, dedim “bu göz kimi köz”.


* * *


Qurbanı olduğum oxun düz yayə,
Bu xəstə canımı gözə, dər, gözə.
Yaxşı gözlə, göz ürkütmə gözündən,
Dürüst nişanəni gözə, dər, gözə.

Genə işıq salıb ay nə dəstinə!
Bəxtəvər üz sürtüb ayna dəstinə,
Indi ki almısan iynə dəstinə,
Bu şan-şan bağrımı gözə, dər, gözə!

Sən bilməsən rəqib necə dağ elər,
Məcnun tək seyr etdim neçə dağlər,
Fələk məni səndən nə cüda qılar,
Məgər göz olmuşdum gözədir gözə.

Necə qıydın o tel darağa gedə?
Belə gözlərimdən dür axa gedə.
Qoyma cəbinindən tər axa gedə,
Deyillər ziyandır gözə tər gözə.

Heç kim Nəbati tək kam allanmadı,
Eşq kitabından kamallanmadı,
Dalına dar gəldi komalanmadı.
Görüm mıx sancılsın gözə, dar gözə!


* * *


Məcnunlar adını çəkən təhrirə,
Nola sərdəftərə o, yaza məni.
Deyirər bu idi zikri Məhmudun:
“Durun, qurban edin Ayaza məni”.

Genə sağ qalmışam, belə yarə, mən?!
Kəlbin tək kuyunda yatam yerə mən,
Gizlin sirrim gedim deyim yarə mən,
Bir ağac götürə, ay əzə məni.

Xoş nəğmədir nəğmələrdə Busəli
Gül cəmalın gördüm min yol busəli,
Ovçu tək istərəm yolun busalı,
Gələ birdən keçə, ay aza məni.

Saçı sünbül, üzü gül-gül, göz ala,
Göz istəməz gözlərindən göz ala,
Bu şan-şan bağrımı gül-gül köz elə,
Qənaət vergilən o yaza məni.

Nəbati tək dəryalərə üzəsən,
Siyah zülfün əfşan eylə üzə sən,
Qəmər tək buluddan bir çıx üzə sən,
Çox da verməginən ayaza məni.


* * *

Ala gözlüm, bu dərd məni öldürər,
Sanma bu azardan ayılan məni.
O zaman ki, əcəl gülüm soldurar,
Qəbrim üstə oxu, ay ölən, məni.

Müjgan oxun çək bir-bir at sinəyə,
Mə’şuq gərək aşiqini sınayə.
Deməginən dəxi gəlmə Sinayə,
Edə bilməz səndən ayrı “Lən” məni.

Heç görükmür şəfa üzü bu tərdə,
Yox, əzizim, çarə yəqin bu dərdə,
Qoyun, barı, can tapşırım bu dərdə,
Indi ki, bilmisiz ay ölən məni.

Eşq bu xərabı tutdu tabına,
Məni saldın zülfün piçü tabına,
Qurban olum ürəyinin tabına,
Bir yada salmasan ay ilən məni.

Zülfün bürci-əqrəb, bənzər yüz ayə,
Belə gün var bərabərdir yüz ayə,
Nəbati, çarə yox desən yüz ayə,
Sancacaq bilmirəm ay ilan məni.
XS
SM
MD
LG