Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:43

Azad Qaradərəli "Gilənar albalı olurmu?" (Hekayə)


Mincivanın və Maştağanın
gilənar bağlarına ithaf olunur.


Bura söntəmsiz bir yerdi. Elə söntəmsiz ki, doğrudan-doğruya durduğun yerdə gərnəşmək, şəstlə atılıb-düşmək müşkül işdi.

Ondan ki, bu dəmiryol stansiyası dardülük bir yerdə - kəpirli qayalığın ətəyindədi.

Nə vaxtsa bura dəmiryol çəkənlər bu qayaları çapmış, ürəkdayandıran uzun bir tunel çəkmiş, tunelin çıxacağından bir az aralıda bu stansiyanın bünövrəsini qoymuşdular.

Tunel tikınlər çıxıb gedəndən sonra onlardan yadigar kimi burda taxtadan tikilmiş camaatın “finski ev” dediyi iki otaq qalmışdı.

Burada ilk evi isə mənim atam tikmişdi.

Neçə illər kişi arvadıynan təkcə yaşamışdı burda. (Nə məsələdisə ki, biz də olmamışıq o vaxtlarda.

Elə bil kişi qu desən qulaq tutulan bu qayalıqlarda oğul-uşaq əkməyin təhlükəli iş olduğunu fikirləşib bizim gəlişimizi bir neçə il əngəlləmişi.

Ya da bu bir allah məsləhətiydi, xüləsey ki, düz-əməllisini atam bilər ki, ondan da bu barədə söz soruşmaq çətin işdi.) Axırı dostu Nəriman əmi də atamın fitilləməsiynən yola gəlib burda baş təpməyə bir daldalanacaq qaralayası olmuşdu – burda ev tikməyin özü hünər istər, ona görə biz tərəflərdə tikmək əvəzinə çox vaxt elə qaralamaq deyərlər.

Sonra mən olmuşam. Atam adımı Nargilə qoyuib. Sonra Nərman əminin oğlu olub, onun da adını Nadir qoyublar.

Mən bayram ağzı olmuşam, Nadir murdarüşüyən ayda, yəni apreldə. Hə, axı bizdə bu aya murdarüşüyən deyərlər.

Soruşmuşdum nənəmdən, demişdi ki, içi biz insanlar qarışıq əti yeyilməyən murdar heyvanlar bu ayda bərk üşüyərlər.

Ona görə də bu ayın günlü-günəşli olmasına gərək aldanmayasan.

Canlının zəif vaxtıdı. Elə ona görə ulağı yükləməzlər, itləri boğuşdurmazlar, erkək-dişinin də həmgələ gəlməsi məsləhət deyil bu ayda.

Bu ya bir az ötə, yəni aprelin sonlarına doğru, ya da geriyə, bayram ağzı olsa, məsləhətdi.

Bu qayalıqda quşarmudundan başqa bir dişədəyər olmayıb. O daşdan sızan Sısqa bulaq var ha, bax onun hesabına bu stansiya camaatı yığışıb bura. Əgər o bulaq olmasaydı, ömür billah burda yaşayış olmazdı.

Heç mənim atam da köçməzdi bura. O bulağın da tarixi var, elə belə-olmayıb ki?

Atam deyir ki, tuneldə işimizi görüb bayıra çıxanda gərək iki kilometr irəli gedib Qoşabulaq deyilən bulaqdan su gətirib çay qoyaydıq. Biz dəmiryolçuların da ki, vaxtımız qızıldı axı.

Gündə neçə işpal dəyişməlisən, nə qədər qəstili çıxardıb yerinə təzəsini bərkitməlisən... Yoxsa, qatar o boyda yüklə bu iki relsin üstündən elə-beləmi ötüb gedir? Ay-hay...

O qatar, əslində o relslərin üstündən yox, dəmiryolçunun ürəyinin başından keçir.

Bizim əllərimizin, qollarımızın üstündən ötür. Atam belə deyərdi...

Bax o qayaların üstündə salınan üzüm bağları, gilənarlıqlar, əncir ağacları elə bilirsən öz-özünə əmələ gəlib?

Eee, o ağaclar ağac oluncan, yiyələri it olurdu, qurd olurdu, bir-birini tuturdu, bir-birinə söyürdü, yumuruq davasına çıxardılar. Amma birdən harda olduqlarını başa düşüb tez də aralanardılar. (Dedim axı, burda gərnəşmək, atılıb-düşmək olmazdı. Aşıb düşərdin qatarın altına.

Hər kəsin evi üçün üçəydi. Ondan artıq tikmək üçün ya gərək dağın içiynən tunel qazaydın sən də o dəmiryolu çəkənlər kimi, ya da evi gedib relslərin arasında tikəydin.)

Atam gedib xaşalara həmən o Qoşabulaq dediyimiz yerdən torpaq yığardı, gətirib haman bu qayalıqlarda çəkdiyi divarların arasına tökər, ayağıyla bərkidib sulayar, sonra da ordaca üzüm çəliyi bitirərdi.

Bir az aralıda isə gilənar şitillərini düzərdi. Gilənara da ki, allah versin! Qancıq kimi küçükləyər, daşı-qayanı da alardı ağzına.

Bax, bizim bu gilənar bağımız belə yaranıb. Amma sizə gərək burasını da deyim ha, bizdən bir xeyli geridə, yəni tunelin çıxacağından o yandakı kəndparada da, elə tunelın əks tərəfindəki kənd-kəsəkdə də heylə sən deyən gilənar olmazdı.

(Bizdən xeyli aşağıda Mincivan adlı qəsəbə vardı ki, bir orda gilənar bol olardı ki, atam bizim bağın şitillərini də ordan gətirmişdi.)

Olardı e, yeməyə, mürəbbə bişirməyə olardı, amma daha bizim bu stansiyadakı kimi aşsın-daşsın, düzü-dünyanə götürsün başına, belə şey heç yerdə olmazdı.

İş o yerə çatmışdı ki, gilənarı yığıb-yəğışdıra bilmirdik, əlacımız kəsilirdi, qutulara yığıb aparardıq Kafanda, Qacaranda satardıq.

Əməllicə pul qazanardıq. Axı gilənar mürəbbəsi min dərdin dərmanıydı. Biri soyuqlayan kimi gilənar mürəbbəsini tünd çaya salıb içirərdilər, qada-bala onnan gedərdi...

Üzümümüz də bol olardı.

Amma gilənar kimi yox. Gilənar bizim stansiyanın qaraçuxasıydı – bunu nənəm deyərdi. “Gilənar bizim stansiyanın emblemidi” – bunu da kəndimizin yeganə müəllimi Rüstəm müəllim deyərdi.

Yeganə deyirəm, ona görə ki, kəndimizdəki məktəb ibtidai məktəb idi. Sonrasını uşaqlar Mincivanda, ya da Aldərədə oxuyardılar.

Gün o gün oldu ki, Nadir əsgər getdi. Getməmişdən qabaq məni Sısqa bulağın o üzündəki qayalığa çağırmışdı. Getdim.

Gilənar ağacları elə bil bir gecənin içində çiçəkləmiş, düzü-dünyanı ağappaq rəngə boyamışdı.

Gözlərim bu rəngə düşmüşdü, heç nə görmürdü. Ya bəlkə eşqim başıma vurmuşdu. Axı Nadirlə mən illərin deyiklisiyik.

Di gəl ki, onun atası bu boyda düzəni qurandan sonra, bu stansiyada Rüstəm müəllim demiş, bir əfsanə yaradandan sonra gözü qızdı, eşqi tərs-uvand oldu, arvad-uşağını qoyub yoldan ötənin, ağzı iylinin, dalı şaqqıldaqlının, başı sirkəlinin birinə qoşulub getdi. (Heylə deməyimə baxmıyın, lotu yaman gözəlmiş.

Bizim yerin adamına oxşamayan o gəlinin əndamından iki Nadirin anası kimi gəlin çıxardı. Atam deyərdi ki, xalis Ərəbzəngiymiş.) Bu əhvalatdan sonra atamın Nəriman əmimdən də, onun külfətindən də sitqi sıyrıldı. Dedi, iti görüm, qurdu görüm, onları görməyim.

Hərdən bərkdən-bərkdən həyətdə girələnə-girələnə deyinərdi: “Adamın gərək zatı-kökü ola.

Bir kişi ki, yaşının-başının bu vədəsində külfətini başsız qoya, onun qızına meyil salanın, oğluna gonul verənin başında ağıl olmaz.

Yanı ki, belə şey heç vaxt olmuyub, olmuyacax da!” Bu sözləri mənə, bir də Nadirə eşitdirirdi əslində.

Yəni demək istəyirdi ki, biz cavanlıqda iki dost bir qələt eləyib ağzımızdan deyikli-filan kəlmələri çıxartmışıq, o iş bir yuxu kimi oldu getdi, fas-fərağat oturun yerinizdə!

Nə təhər oturaq, bax, bunu demirdi. Axı biz illərdir bu qayalıqda bir-birimizə könül vermişik, bir-birimizə elə bu qayalar kimi bənd olmuşuq.

Bizi bir-birimizdən ayırmaqçün gərək həmən bu qayaları çapıb tunel qazan kimi bizi də çapsınlar, kəssinlər, doğrasınlar...

Nadiri bilmirəm, amma mən onsuz bircə saat da yaşaya bilmərəm. Hələ bunu əsgər çağırıblar, bilmirəm bu neçə vaxtı onsuz bu qayaların arasında qala biləcəyəmmi? Hələ bu gilənar çiçəklərinə baxın...

-Nargilə...

Məni kor olum. Nadiri az qala ayaqlayıb ötəcəkdim ki. Hə, vallah, mənə nəsə olub. Hə də, gözüm gilənar çiçəyinə düşdü, qara düşən kimi.

Ona görə əməlli görmürəm. Elə kor olum məni! Necə olub ki, belə ürəkdən istədiyim adamı görmədən ötüb keçmək istəmişəm? Yəqin... Nə yəqin?!

Mən onun qoxusun sa hiss eləməliydim axı. Hə, hə, gic-filan hesab eləməyin siz allah məni.

Nadirdən bir qoxu gəlir ki, onu mən heç bir kişi xeylağında, heç bir oğlanda duymamışam.

Bu bilirsiniz necə bir qoxudu? Bax, təsəvvür eləyin ki, yüz qoyunun quzusunu ayırıb quzuluğa yığırlar, səhər hamısını birdən açıb buraxırlar analarının içinə.

Təxmunən onca dəqiqənin içində bütün quzular öz analarını tapırlar.

Bax o quzular qoyunları hansı iylə, qoxuyla tapırlarsa, mən də Nadirdə bax elə bir qoxu duyuram.

Di gəl ki, o qoxunu burnum alan kimi başım gicəllənir, ürəyim çırpınır, gözlərim alacalanır, deyirəm bəs, bu dəqiqə allah canımı alacaq...

Sonradan, lap sonradan bildim ki, bunun adı sevgiymiş...

-Qız, məni tapdayıb keçmişdin ki...

-Mənim başım batsın, dəən gözüm gilənarın çiçəyinə düşüb...

-Elə demə, Narış, o gilənar çiçəyinə düşən gözünün qadasını allam!

-Yol üstəsən, elə demə... Sənin qadan maa gəlsin...

-Qız, mən gəlincən döz, gələnnən sonra hər şeyi yoluna qoyacam. Dədənin heylə həndə-məndə danışmağına baxma, neynəsin, mənim dədəm oğraş çıxdığına görə heylə eliyir... Allah qoysa, əsgərlikdən qayıdan günün axşamı səni də götürüb gedəcəm burdan!

O həmin axşam ilk dəfə məni öpdü. Heç dartınmadım, heç geriləmədim, onun o sevimli qoxusunu içimə çəkmək üçün ona sığındım, üzümü onun artıq kişi sinəsinə oxşayan gen sinəsinə sürtdüm, göz yaşlarımla onun sinəsindəki təzəcə çıxıb qıvrımlanan tükləri islatdım və dedim:

-O qayalar, o gilənar çiçəkləri, şahidlik eləsin bu sözümə ki, səni ölüncən gözlüyəcəm. Əlim sənnən başqa kişi əlinə dəysə, qoy dibindən qurusun. Bax, o gilənar çiçəklərinə and olsun ki...

-...andı pozanı and kəssin! – bu səs gilənar ağacları tərəfdən gəldi. Min faiz gilənar çiçəkləriydi. Mənim andımı onlar tamamladılar. Mən o qədər ovsunlanmışdım ki, heç Nadirin qoynundan çıxmaq istəmirdim. Amma o kişi sərvaxtlığıyla mənim gözlərimdən öpüb dedi:

-Narış, indi bizə qonaqlar gələcək. Dədəndən başqa bütün stansiya camaatı bizə yığılacaq, məni yola salmağa gələcəklər. Gəl tez ayrılaq ki, dədən duyuq düşüb bizi axtarmasın... Tərs kimi ölkə də dəyib bir-birinə... Tay-tuşlarım deyirlər ki, bizi Rusetə aparsalar imtina eliyəcəyik... Yanı ki, bizim baxtımızdan hər şey dağılır, ölkə qarışıb. Mitinqlər gedir Bakıda... Axırı, olar ki, səni bir də belə yaxından görməyim. Aç qulağını, eşit! Səni zorla kiməsə versələr, gəlib qan salacam!

O bu dəfə əyilib dodaqlarımdan öpdü və dalı baxmadan çıxıb getdi...

Gecə səhərəcən Nadirgilin dar həyətində qarmon səsi, cavanların hayqırtısı, gülüşmə, rəqs eliyənlərin guppagurupu kəsilmədi. Rüstəm müəllim qarmonunu mələdə-mələdə iki havadan bir Nadirlə mənim mahnımı oxuyurdu:

Nargilə, Nargilə, Nargiləsiyəm,
Atamın, anamın bir dənəsiyəm...

Atam içəri girib-çıxmaqdan bezdi, üzünü anama tutub hirsli-hirsli dedi:

-Dur bir cücə tut, mənim araqlarımdan da birini bük, gedək o yetimi yola salaq, ayıbdı...
Anam mənə baxdı. Yanı ki, hazırlaş. Kişi bunu başa düşüb boğuq səslə dedi:

-İkimizdən başqa gedən olmuyacaq.

***

Biz Maştağada qalırıq. Vişnovka deyilən yerdə. Rayonumuz işğal olunandan sonra gəlib bura çıxmışıq.

Əvvəllər elə bilirdim ki, ürəyim partlayar o qayalarsız, o gilənar bağları olmadan... Partlamadı.

Abırsız-abırsız hələ gəlib burda yurd-yuva da saldıq. Özü də taleyin naxışına bax ki, burda da gəlib gilənarlığa çıxmışıq, burda da qatar stansiyasının yanında qalırıq...

Burda da atam dəmiryolunda işləyir, Nadir dəmiryolçudu. Amma burda gilənar ağacları ordakı kimi çiçəkləmir.

Çiçəkləməyinə çiçəkləyir e, amma mənim gözüm o çiçəklərə qara düşən kimi düşmür... Özü də burdakı gilənarlarların dadı da birtəhərdi...

Hələ gör sən allah gül kimi gilənara nə deyillər... kimi albalı deyir, kimi də vişnə?

Bəs gilənar nə olsun? Bəs o mahnı?.. Bir də bilirsiniz mənə nə yer eləyir? Burdakı gilənar ağacları danışmır adamla.

Eləcənə susub dururlar. Heç Nadir də danışmır. Ən əsas da o mahnını daha oxumur...


Mart 2011
XS
SM
MD
LG