Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 16:46

Azərbaycanlı siyasilər Bin Ladenin ölümü barədə


Matthew Bryza
Matthew Bryza
«Al-Qaeda» lideri Osama bin Ladenin öldürülməsi məsələsi Azərbaycanın siyasi dairələrində müzakirə olunmaqdadır. Bu barədə fikrini öyrəndiyimiz siyasilər dünyanın «bir nömrəli terrorçusu» adlandırılan Osama bin Ladenin zərərsizləşdirilməsinin dünya düzəninə müsbət təsir edəcəyini deyirlər.

ABŞ-ın Azərbaycandakı səfiri Matthew Bryza mayın 2-də jurnalistlərə açıqlamasında bildirib ki, bu hadisə yalnız ABŞ üçün deyil, sülh və əmin-amanlıq istəyən bütün xalqlar üçün böyük qələbədir:

«Bu insanın bütün fəaliyyəti dağıtmağa yönəlmişdi. O, dünyanın ən böyük dinlərindən birindən öz məqsədləri üçün istifadə edirdi. Biz çox şadıq ki, o, indi yoxdur. Biz dünyaya sivilizasiyalar arasında toqquşmanın olmadığını sübut edəcəyik. Bu yöndə fəaliyyətimizi daha da gücləndirəcəyik».

BİN LADENİ TƏKRARLAYAN OLMAYACAQ?

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, Ana Vətən Partiyasından olan deputat Zahid Oruc hesab edir ki, Osama bin Ladenin ölümü ABŞ-ın uzunmüddətli antiterror fəaliyyətinin nəticəsində baş verib. Bu, dünyada terrora qarşı aparılan mübarizənin effektliliyini göstərir.
Zahid Oruc
Onun fikrincə, bu hadisə bir daha sübut edir ki, terror nə qədər müasir silahlara, mühüm kəşfiyyat məlumatlarına malik olsa da, ona qalib gəlmək mümkündür. Z. Oruc deyir ki, bu, həyata keçirilməsi çox vacib olan bir hadisə idi:

«Hesab edirəm ki, dünyada terrora qarşı mübarizə bütün cinahlarda, bütün məkanlarda aparılmalıdır. Şəri - cəmiyyət həyatını, millətlərin həyatını təhdid edən bütün amilləri yalnız bu halda ortadan götürmək olar. Həmçinin, bu, heç bir halda soyuq savaş, dinlərarası konfliktlər, yeni ərazilərin ələ keçirilməsi vasitəsinə çevrilməməlidir».

Z. Oruc ümid edir ki, Osama bin Ladeni ətrafındakılardan kimsə təkrarlaya, eləcə də onun ölümündən kimlərsə dinlərarası konflikti dərinləşdirmək məqsədilə istifadə edə bilməyəcəklər. Dünya da artıq bütün terror qruplarına qarşı eyni səmimiyyətlə mübarizə aparacaq.

NƏZARƏTSİZ ZONALAR

İqbal Ağazadə
Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə isə deyir ki, dilindən, dinindən və irqindən asılı olmayaraq, dünyanın harasında terror varsa, orada pislik, qarşıdurma, ölüm var. Ona görə də dünyada heç bir terrorçu təşkilat qalmamalıdır:

«Təbii ki, «Al-Qaeda»ya, onun lideri Osama bin Ladenə qədər də terrorçular, adı dünyaya bəlli olan terrorçu qruplar var idi. Bu hadisə ilə də terror bitmir. Amma hesab edirəm ki, terrorun daha güclüsü olmayacaq».

İ. Ağazadə çağırışlara məhəl qoymayıb terroru durdurmayanlarla bu şəkildə davranmağı ədalətli sayır. O, deyir ki, belə terrorçuların zərərsizləşdirilməsinin əsas çətinliyi dünyada hələ də nəzarətsiz zonaların çox olmasıdır.

DEMOKRATİKLƏŞMƏYƏ TÖHFƏ

AXCP sədri Əli Kərimli isə bir atalar misalını xatırladıb deyir ki, «su sənəyi suda sınar», yəni terrorla məşğul olanın axırı belə olmalı idi.
Əli Kərimli
Osama bin Laden də bir gün cəzasını almalı idi. Onun fikrincə, bu hadisə təkcə dünyada terrorla mübarizə işinə böyük bir töhfə deyil. «Al-Qaeda» liderinin zərərsizləşdirilməsi eyni zamanda müsəlman dünyasının demokratikləşmə prosesinə öz müsbət təsirini göstərəcək:

«Demokratikləşmənin qarşısını almaq istəyən Şərqin bütün despotik liderləri çalışırdılar ki, Osama bin Ladenin, «Al-Qaeda»nın adından bəhanə kimi istifadə edib öz avtoritar rejimlərini qoruyub saxlasınlar. Hər cür müxalifət funksiyasını daşıyan insanları da onlarla əlaqədə suçlayırdılar».

Ə. Kərimli düşünmür ki, Osama bin Ladenin öldürülməsi ilə bu terror şəbəkəsi dünyada öz fəaliyyətini dayandıracaq. Amma deyir ki, hər halda bu hadisə terrorla mübarizəyə və müsəlman dünyasında demokratikləşməyə müsbət təkan olacaq.

BİR TERRORÇUNUN YERİNƏ BAŞQASI GƏLİR


Zərdüşt Əlizadə
Politoloq Zərdüşt Əlizadə isə deyir ki, «Al-Qaeda» lideri Osama bin Ladenin öldürülməsi ilk növbədə onun həqiqətən də mövcud olduğunu təsdiqləyən hadisədir. Digər tərəfdən, dünyanın ən qüdrətli dövlətinin Osama bin Ladeni 15 il təqib edəndən sonra ovlaya bilməsi onu göstərir ki, terrora qarşı mübarizə istiqamətində inkişaf var. Və belə getsə, növbəti hədəf Müəmmər Qəddafi olacaq:

«Amma Osama bin Ladenin öldürülməsi ilə məsələ həll olunmur axı. Terrorizmi doğuran ictimai, siyasi, iqtisadi səbəblər var. Tarixdən də bəlli - inkaredilməz həqiqətdir ki, bir terrorçu gedir, onun yerinə başqası gəlir. Ona görə də terrorizmi doğuran səbəbləri-ictimai bərabərsizliyi, ədalətsizliyi, qanunsuzluğu aradan qaldırmaq lazımdır».

Mayın 2-də ABŞ prezidenti Barak Obama elan edib ki, «Al-Qaeda» lideri Osama bin Laden Pakistanda keçirilən əməliyyatda öldürülüb. O, bildirib ki, «Bin-Ladenin ölümü «Al-Qaeda»nı məğlub etmək yönündə ölkəmizin ən mühüm uğurudur. Amma onun ölümü hələ də bizim səylərimizin sonu deyil».
XS
SM
MD
LG