Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:59

«Bərbad diplomatiya»


Ərdoğanın Milli Məclisdə çıxışı. Bakı, 13 may 2009
Ərdoğanın Milli Məclisdə çıxışı. Bakı, 13 may 2009
Baş nazir Tayyip Ərdoğan Bakıda-Azərbaycan parlamentində bol-bol şer oxuyaraq başda İlham Əliyev olmaqla bəlkə də, Azərbaycan ictimaiyyətinin Türkiyə ilə bağlı «şübhələrini aradan qaldırdı», ancaq Türkiyə diplomatiyasını Qafqazda batağa sapladı.
Axırda deyəcəyimizi əvvəldə deyək: bərbad bir diplomatiya örnəyi nümayiş etdirdi. Ölçüləri və mənası Türkiyənin coğrafiyasından çox uzaqlara gedən Qafqaz diplomatiyasını «İlham Əliyev ipotekası»na bağladı.

Baş nazirin 5 naziri də yanına alaraq çıxdığı «Bakı-şou»sunun arxa planında ABŞ və Rusiyadan çox yaxında bir «Qarabağ çözümü təminatı» almağın bilgisi və rahatlığı yoxdursa, Tayyip Ərdoğan bəyanatları ilə Türkiyəni hərəkətsizliyə və son illərin dəyişməsi lazım olan statikliyinə məhkum etdi. Bunun belə olduğunu sanmırıq-çünki işlər belə getməz və getmir.
(Tayyip Ərdoğan) Bakıda dedi ki, «Burada səbəb-nəticə əlaqəsindən söhbət gedir». «Qarabağ bir səbəbdir. Ermənistan ilə qapının bağlanması oradakı işğalın bir nəticəsidir. İşğal aradan qalxmadığı müddətcə qapının açılmasından söhbət gedə bilməz. Bunu kim deyir? Türkiyə cümhuriyyətinin baş naziri deyir. Bundan daha təminatlı söz ola bilərmi?»

Məncə, əsil sual budur: «Türkiyə cümhuriyyətinin baş nazirinə bu sözləri kim dedizdirir?»
Çünki Qarabağ problemi və Türkiyə-Ermənistan sərhəd qapısının qapadılması ilə bağlı xronologiyanı bilən heç kim Tayyip Ərdoğana bu sözləri bu şəkildə dedizdirə bilməz. Əcəba, öz ağlına görə hərəkət edirmi?

Türkiyə-Ermənistan sərhədinin bağlanmasının Qarabağın erməni hakimiyyəti altına girməsi arasında birbaşa əlaqə yoxdur. Sərhəd 1993-cü ildə Qarabağın ətrafındakı Azərbaycan torpaqlarının (5 rayon və 2 rayonun bir hissəsi) erməni işğalı altına düşməsindən sonra bağlandı. Ermənilər 1992-ci ildə Xocalı qətliamını törədərək və Şuşanı işğal edərək etnik təmizlik həyata keçirmiş və Qarabağı bütünlüklə ələ almışdılar. Sərhəd o vaxt açıq idi və açıq qaldı. Qarabağ probleminin yaxın tarixi sərhədin qapadılmasından xeyli qabaqdadır. Dağlıq Qarabağ Sovet İttifaqı vaxtında Azərbaycan Sovet Cümhuriyyəti içində bir «Muxtar vilayət» idi. 1989-cu ildə keçirilən əhali sayımına görə əhalisinin 76.9%-i(145.000) erməni, 21.5%-i (40.700) azəri idi. 1989-cu ilin dekabrında Ermənistan sovet respublikası ilə Dağlıq Qarabağ muxtar vilayəti «Dağlıq Qarabağın Ermənistanla yenidən birləşməsi» adı altında qərar qəbul etdi. Diqqət-hələ Sovet ittifaqının vaxtında.

Təbii ki, Azərbaycan bu qərarı rədd etdi. 1988-ci ildə Qarabağdakı çəkişməyə görə hər iki ölkədə başlayan etnik təmizliklərdən sonra problem ağırlaşdı.

30 avqust 1991-ci ildə Azərbaycan müstəqillik elan etdi. 2 sentyabr 1991-ci ildə - yəni, Azərbaycanın müstəqilliyindən üç gün sonra ermənilər də «Yuxarı Qarabağ respublikası»nın Azərbaycandan müstəqilliyini elan etdilər.

Dağlıq Qarabağ problemi-zənn ediləndən daha qarmaqarışıq bir problemdir. Yuxarı Qarabağın ətrafındakı Azərbaycan torpaqları isə hərbi səbəblərə görə və diplomatik üstünlük əldə etmək üçün rusların dəstəyi ilə ermənilər tərəfindən addım-addım işğal edildi. Bu torpaqların sahəsi 7409 kvadrat kilometr. Yuxarı Qarabağla birlikdə 11722 kvadrat kilometr və Azərbaycan torpaqlarının 13.4%-nə bərabərdir.

Türkiyə ilə Ermənistan arasında İsveçrənin vasitəçiliyi ilə iki ildən artıqdır ki, aparılan müzakirələrdə eynilə soyqırım məsələsi kimi, Qarabağ bir «ön şərt» olmamış, bunun əvəzində «normallaşma» ilə Qarabağ məsələsi arasındakı irəliləyiş arasında «paralellik»dən söz açılmışdı. Bu, avtomatik şəkildə, Azərbaycan ilə Ermənistanın Qarabağın ətrafındakı torpaqlardan çəkilmə təqvimi və daha əvvəl dəfələrlə yazdığımız kimi, «Qarabağa dair çözüm prinsipləri» anlaşmasının altına imza atanda Türkiyə-Ermənistan sərhədinin açılmasını nəzərdə tuturdu.

Tayyip Ərdoğan sərhədin açılması məsələsində özünü Qarabağda «işğalın aradan qalxması»na bağladı ki, Qarabağın son statusu çox uzun müddət həll edilməyəcəyinə görə, baş nazirin bu bağlanışı Ermənistan ilə münasibətlərin normallaşmasının yaxın gələcəkdə qeyri-mümkün olması ilə eyni mənanı daşıyır.

Tayyip Ərdoğan Türkiyənin «diplomatik ipləri»ni İlham Əliyevin əllərinə təslim etmişdir. İlham Əliyev isə «Dəyərli qardaşımın sözləri ən dəyərli cavabdır. Cavabına minnətdaram. Bundan daha aydın bir cavab olmazdı» - deyərək Türkiyəni ipoteka altına almaqdan duyduğu məmnuniyyəti ifadə etmişdir.

İlham Əliyevin atası Heydər Əliyev ilə Ermənistan dövlət başçısı Robert Koçaryan 2001-ci ildə ABŞ-ın Kubaya ən yaxın nöqtəsi olan Ki-Uest adasındakı müzakirələrdə məsələnin həllinə millimetrik dərəcədə yaxınlaşmışdılar. Heydər Əliyevin problemi həll etmə modeli «Paket çözüm» idi. İlham Əliyev 2003-cü ildə hakimiyyətə gələndən sonra atasının çözüm yolunu da tərk etmiş, «Paket çözüm»dən «Addım-addım» deyilə biləcək bir çözüm yoluna girmişdir. Sadəcə 2003-2005-ci illərdə Koçaryan ilə 5 dəfə görüşdü. Son bir ildə Sarkisyanla 3 dəfə.

Tayyip Ərdoğan Qafqazda və Qafqaz üzərindən beynəlxalq səhnədə Türkiyəyə məsafə qət etdirmək üçün bundan sonra İlham Əliyevin kefinə tabe olacaq. Bakının qazancı budur.

Bakı şousunun ən ürək sıxan tərəfi - Türkiyənin problemi həll etmə qabiliyyətsizliyinin bir daha nümayiş etdirilməsidir. Heybəliada ruhani məktəbi məsələsi 1973-cü ildən bəri həll edilə bilmir. Kipr məsələsində «Çözümsüzlük ən yaxşı çözümdür» - siyasətindən düz 30 il sonra vaz keçdi-orda da limanlar məsələsində özünə kilid vurdu. Kürd məsələsi - məlumdur.
Ermənistanla sərhədin açılması belə -«Qaf dağının arxasındadır».

«Bir millət, iki dövlət» demaqogiyasının vurduğu zərərlərdən biri budur. Bu, bir demaqogiyadır-çünki soruşmaq lazımdır: Nə üçün «Bir millət, üç dövlət yox?» Türk milləti Azərbaycan milləti ilə eyni millətdirsə, İranın 25%-i, Paytaxt Tehranın isə 30-35 %-i azəridir. Azərbaycandakı azəridən daha çoxu İranda yaşayır.

Kürdləri nə edəcəyik?
Kürdlər də «bir millət»dirsə, «Bir millət, dörd dövlət»- deyə Türkiyə-İraq-İran-Suriyadan söhbət açmağımız lazımdır. Ya da yaxın keçmişdə mətbuatda da yazıldığı kimi, Türkiyə ilə Azərbaycan «bir millət-iki dövlət»dirsə və Türkiyənin unitar strukturunu bir kənara qoyaraq, «iki millət-bir dövlət» prinsipi ilə kürd məsələsi həll edilsə, pis olarmı?
Nə isə… Tayyip Ərdoğanın Bakıda Türkiyənin öz qapısına vurduğu «diplomatiya qolu»nu necə çıxaracağıq?
Hamımız birlikdə görəcəyik...
XS
SM
MD
LG