Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:36

Dəmiryolu İdarəsi bəzi işçilərin iş saatını iki dəfə azaldıb


«Yükdaşımalar azalıb, işçi kontingenti isə çoxdur».
«Yükdaşımalar azalıb, işçi kontingenti isə çoxdur».
Azərbaycan Dəmiryolu İdarəsi bəzi işçilərin iş saatını iki dəfə azaldıb. Bu barədə «Azadlıq» radiosuna dəmiryolu sistemində çalışan işçilərdən biri məlumat verib. Adının açıqlanmasını istəməyən müsahibimiz deyir ki, müdirdən tutmuş katibəyə, mühasibə qədər hər kəs 4 saatlıq iş rejiminə keçirilib, qatarların işinə birbaşa nəzarət edən işçilər isə yarım saat az işləməli olurlar. Ölkənin qərb bölgəsindəki dəmiryolu sistemində çalışan müsahibimizin sözlərinə görə, yarım iş rejimi onların maaşlarını da ikiqat azaldıb.

Azərbaycan Dəmiryolu İdarəsinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumatı təsdiqləyir və deyir ki, mayın 1-dən belə bir qərar verilib. Amma bu, məcburi deyil, işçilərə təklif olunub:

«Yükdaşımalar azalıb, işçi kontingenti isə çoxdur. Amma bu qərar hər kəsə aid deyil. İş prosesinin dayanmasına mane olmayanlara, idarədə çalışanlara aiddir. İstehsalda çalışanlar isə əvvəlki qaydada işləyirlər».

N.Əzməmmədov deyir ki, iş saatlarının azaldılmasının maaşa təsir etməsi təbiidir, ancaq onlar bu yolla işçilərin kütləvi ixtisarından qaçmağa çalışıblar:

«Biz istəyirik ki, işçiləri saxlayaq. Çünki gələcəkdə yüklərin daşınmasıyla bağlı sifarişlərin artacağı gözlənir. Bu çətinlikdən çıxmaq üçün təklif olunub ki, 4 saatlıq iş rejiminə keçilsin.

Azərbaycan Dəmiryolu İdarəsinin sözçüsü deyir ki, onlar təsərrüfat hesablı təşkilat olduqları üçün öz qazanclarından asılıdırlar. Ona görə də sifarişlərin azalması onları belə bir qərara vadar edib. Amma N.Əzməmmədov bu qərarın müvəqqəti olduğunu, təxminən 3 ay çəkə biləcəyini söyləyir.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə deyir ki, əslində dünya maliyyə böhranının Azərbaycanda da ciddi təsirlərə gətirib çıxaracağı gözlənən idi. Onun sözlərinə görə, kütləvi işçi ixtisarından qaçmaq üçün işverənlər iş saatının azaldılmasını daha humanist addım sayırlar. Ancaq S.Məmmədov işçilərin yarım iş rejiminə keçməsinin könüllü olmasına şübhəylə yanaşır, deyir ki, əslində, heç kəs maaşının yarısını itirmək istəməz:

- Məncə, bu kortəbii olmamalıdır. Belə şeylər olanda prezidentin yeni iş yerləri açmaqla bağlı həyata keçirdiyi tədbirlər, məşğulluqla bağlı dövlət proqramı kimi sənədlər nəzərə alınmalıdır. Əslində natamam iş sisteminə keçid gizli işsizlikdir. İş saatlarının azaldılması sistemli olmalıdır, həmkarlar komitələriylə razılaşdırılmalıdır.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov da deyir ki, maliyyə böhranına görə Dəmiryolu İdarəsinin bu qərarını anlamaq lazımdır. Millət vəkilinin proqnozuna görə, iqtisadi böhran nəinki bu ilin axırına qədər, hətta gələn il də davam edə bilər və buna görə də işçilərin ixtisarı və ya əməkhaqlarının azaldılması kimi hallar olacaq. Vahid Əhmədov deyir ki, gələn həftə 2009-cu ilin büdcəsinə baxılanda mümkündür ki, təsərrüfat hesablı dövlət qurumlarına dotasiya ayrılması təklifi də səslənsin.
XS
SM
MD
LG