Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:42

İpoteka kimin maraqlarına xidmət edir?


Ekspertlər hesab edirlər ki, bu il ancaq 600 nəfər ipoteka krediti götürə biləcək
Ekspertlər hesab edirlər ki, bu il ancaq 600 nəfər ipoteka krediti götürə biləcək
Bu ilin iyunun 1-dən bir çoxlarının gözlədiyi ipoteka kreditlərinin yenidən verilməsinə başlanır. Kreditin verilmə şərtlərinin bir çoxu dəyişməz qalsa da, bəziləri ev almaq arzusunda olanları yamanca təşvişə salıb.

HƏR KƏS ONDAN YARARLANA BİLMƏYƏCƏK

Tələbə yataqxanasında ailəsi ilə yaşayan jurnalist Elxan Salahov deyir ki, iqtisadi böhran şəraitində hazırda adi ipoteka kreditinin verilmə şərtləri sərfəlidir, ancaq hər kəs ondan yararlana bilməyəcək:

«Kreditlərin veriləcəyi barədə məlumatları ciddi qəbul etmirəm. Əvvəla ona görə ki, keçən il ayrılan 34 milyon manatın 22 milyonun bu ilin yanvarında xərcləndiyi barədə məlumat verildi. Hətta maliyyələşmə olsa belə, mexanizm o qədər mürəkkəbdir ki, hamı istifadə edə bilmir. İmkanı olan adamlar kreditləşmə sənədlərini yaxın adamlarının adına rəsmiləşdirir və kredit mənzil üçün yox, biznes strukturu, yeni sahələr üçün xərclənir».

«DÖVLƏT ZƏHMƏT ÇƏKİB YENİ TİKİLİYƏ «KUPÇA» VERSİN»

Bakı Dövlət Universitetinin müəllimi Natiq Məmmədov isə deyir ki, yeni şərtlər gənc ailələrin deyil, tikinti biznesinin maraqlarına xidmət edir. Müraciət etdiyi banklarda ona deyiblər ki, yeni şərtlərə görə ipoteka krediti ancaq yeni tikililərdən ev götürənlərə veriləcək. Ancaq digər əsas məqam da odur ki, mülkiyyət hüququ, yəni «kupça» sənədi olan başqa bir mənzil girov qoyulsun:

«Yəni burada maraq vətəndaşın ev almasını deyil, tikinti sektorunu stimullaşdırmaqdır. Əgər yeni tikilən bina istifadəyə verilibsə, onda dövlət zəhmət çəkib ona «kupça» versin. Vətəndaş da o binadan mənzil alıb «kupça»sını banka girov qoysun, 25 illik ödənişini etsin. Kim razı olar ki, bütün sənədləri qaydasında olan evi 25 il bankın girovunda qalsın? Nəzərə alsaq ki bilinmir yeni tikililərə dövlət şəhadətnaməsi veriləcək ya yox...»

CƏMİ 600 NƏFƏR SEVİNƏ BİLƏCƏK

Bu il dövlət büdcəsində ipoteka kreditləri vermək üçün 14 milyon manat nəzərdə tutulub. Ötən ildən isə İpoteka Fonduna ayrılan 34 milyondan 12 milyon manat qalıq qalıb. Və son 4 ildə ödənilən kredit faizlər də hesablanarsa, iqtisadçılar - 30 milyona yaxın vəsaitin bu məqsədlə sərf ediləcəyini deyir. Mənzil bazarında təxmini qiymətlər nəzərə alınarsa, ekspertlər bu pulla ancaq 600 nəfərin sevindirəcəyini bildirir.

Ancaq Maliyyə Nazirliyi də bəyan edib ki, əgər lazım gələrsə, əlavə vəsaitlərin ayrılması məsələsinə baxılacaq.

İpoteka kreditlərinin yalnız yeni tikililərdə mənzil alanlara veriləcəyinə gəlincə, Azərbaycan İpoteka Fondu bu məlumatı təkzib edir.

Fondun mətbuat xidmətinin rəhbəri Samirə Nəsibova:

«Bizim qaydalara əsasən, heç bir məhdudiyyət qoyulmayıb yeni tikililərə və ya artıq hazır evlərə. Belə bir məhdudiyyət yoxdur. Əhali tərəfdən bizə hələ heç bir müraciət gəlməyib ki, hər hansı bank belə bir məhdudiyyət qoyur».

«BU, İPOTEKA FONDUNUN ŞƏRTİDİR»


Vəziyyətin əslində nə yerdə olduğunu öyrənmək üçün müvəkkil kredit təşkilatlarından bir neçəsi – «Bank Standart» QSC və «Texnikabank» ASC ilə əlaqə saxladıq.

«Bank Standart» QSC-nin ipoteka filialından bunları dedilər:

«- Zəhmət olmasa məlumat verərdiniz ipoteka krediti üçün hansı sənədlər lazımdır, şərtləriniz nədir?
- Dövlət ipotekası illik 8 faizlə veriləcək. İlkin ödəniş 15 faizdir. Kreditin maksimum məbləği 50 min manatdır. Bir də əsas şərt var - siz aldığınız mənzil yeni tikili olmalıdır.
- Köhnə tikililərdən götürmək olmaz?
- Yox, İpoteka Fondunun şərtidir bu.
- Konkret hansı yeni tiklidən götürülə bilər, o da müəyyən edilibmi?
- O tikili ki, icazə aktı var və tikinti tam başa çatıb, damı var».

BU, ARTIQ QANUN POZUNTUSU DEMƏKDİR

İpoteka haqda qanunvericilikdə ipoteka kreditlərinin yalnız yeni tikililərə verilməsi ilə bağlı heç bir müddəa yoxdur. İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyir ki, əgər kreditlər tək yeni tikililərə verilirsə, bu artıq qanun pozuntusu deməkdir:

«2005-ci ilin sentyabrında prezidentin təsdiq etdiyi İpoteka sistemi haqında fərmanda, 2007-ci ilin mayında «İpoteka sistemi haqında» qanuna edilən əlavə və dəyişikliklərdə ipoteka kreditləri almaq istəyən vətəndaşlar bütün mənzillərdə, hətta tikilməkdə olan mənzilləri də almaq imkanına malikdir. Yeganə tələb alınan mənzilin «kupça» sənədinin olmasıdır. Banklar yalnız yeni tikililərə ipoteka kreditləri verirsə, bu birbaşa qanun pozuntusudur. Bu o deməkdir ki, Mərkəzi Bank deyil, məhz tikinti şirkətləri banklara təsir göstərir ki, yalnız yeni tikililərə ipoteka krediti verilsin».

Azərbaycanda İpoteka Fondunun xətti ilə kreditlər 2006-cı ildən verilməyə başlayıb. Ancaq 1 il sonra dayandırılıb. Dövlət rəsmiləri deyirdi ki, ipotekaya tələbat böyükdür, amma dövlətin təklif etdiyi kredit məbləği və şərtlər bazara uyğun deyil. Buna görə də adi ipoteka vermək dövlətə sərf etmir.

Siz necə fikirləşirsiniz dövlətin təklif etdiyi ipoteka şərtləri kimlərin maraqlarına xidmət edir? Bu şərtlərlə ev almaq mümkündürmü?
XS
SM
MD
LG