Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 15:32

«Rejimə qarşı çıxan müxalifət liderlərini edam edirlər»


Rahat Əliyev. Vyana, 2008
Rahat Əliyev. Vyana, 2008
Qazaxıstan prezidenti haqda «Xaç qayınatası» kitabını yazan Nursultan Nazarbayevin keçmiş kürəkəni Rahat Əliyev «Azadlıq» Radiosuna eksklüziv müsahibəsində kitabın yazılma səbəblərindən, qorxularından və müxalifət liderlərinin öldürülməsindən danışıb.

-Sizə qarşı ciddi ittihamlar irəli sürülüb, barənizdə 40 il azadlıqdan mərhum etmə cəzası çıxarılıb, amma siz hələ də keçmiş qayınatanız haqda açıqlamalar verisiniz. Bu yaxınlarda yazdığınız «Xaç qayınatası» kitabını oxumağa, yaymağa görə ölkənizdə ciddi cəzalar müəyyənləşdirilib. Görünən odur ki, Qazaxıstan hakimiyyəti ölkə vətəndaşlarının sizin kitabınızı oxumaqlarını istəmir. Burda istər istəməz sual çıxır, niyə Rahat Əliyev Nursultan Nazarbayevlə açıq-aşkar qarşıdurmaya getdi? Siz niyə bu kitabı yazdınız? Bir çox ekspertlər və şərhçilər sizin bu kitabınızı birbaşa olaraq Nursultan Nazarbayevdən şəxsi qisas almaq cəhdiniz kimi qiymətləndirir. Belədirmi?

-Həm Qərbdəki, həm də Şərqdəki ekspertləri təəssüfləndirməli olacağam. Onlar Mərkəzi Asiya haqda, burdakı avtoritar liderlər haqda çox az şey bilirlər. Xüsusən də Qazaxıstanda 20 ildən çox hakimiyyətdə olanlar haqda.

Amma bu kitabı yazmaq mənim üçün elə də asan olmayıb, çünki bu yaxınlara qədər Qazaxıstan prezidentiylə mənim ancaq xidməti münasibətlərim olmayıb, ilk növbədə qohumluq münasibətində olmuşuq.

25 ildən çoxdur ki, biz bir-birimizi tanıyırıq. Bizim tanışlığımız Nursultan Abışeviçin Qazaxıstan prezidenti olmasından əvvələ gedib çıxır. Bu, uzaq 1983-cü ilə, Nazarbayevin Karaqanda vilayətindən Alma-Ataya gəlib, Qazaxıstan Kommunist Partiyasının Mərkəzi Komitəsində işləməyə başladığı vaxta təsadüf eləyir.

Uzun müddət uğuru üçün çalışdığımız liderin dövlət, konstitusiya qarşısında götürdüyü öhdəliklərindən kənara çıxdığı, müxalifət liderlərinin öldürülməyə başladığı vaxt isə mənimçün münasibətlərimizdəki qırılma nöqtəsi oldu. Bu qırılma nöqtəsi 2006-cı ilin fevralı oldu. Məhz bu vaxtdan bizim yollarımız ayrıldı, çünki mən öz işi naminə bütün ağla-gələn və ağla-gəlməyən cızıqları keçən bir liderlə yanaşı ola bilməzdim. Xüsusən də bu, kobud-krimanl idarəetmə qaydalarına hüquqi don geydirilməsindən sonra oldu.

-Gəlin sizin mövqeyinizi dəqiqləşdirək. Siz Qazaxıstan prezidentinin Qazaxıstan müxalifətinin liderlərinin itməsinə və ya öldürülməsinə görə bilavasitə siyasi və hüquqi cəhətdən məsuliyyət daşıdığını deyirsiniz, belədir?

-Bəli, siz doğru başa düşündünüz ki, Qazaxıstan prezidenti dövlət başçısı kimi Qazaxıstanda törədilən cinayətlərə görə, bütün cinayətlərə görə, məsuliyyət daşıyır. İlk növbədə müxalifət lideri – Qazaxıstanın Moskvadakı keçmiş səfiri Altınbek Sarsinbayevin qətlinə görə, çünki onları faktiki olaraq, başqa cür düşündüklərinə görə, rejimin siyasətinə qarşı çıxdıqları üçün edam eləmişdilər.

-Nursultan Nazarbayev haqqında danışanda «Uzun müddət uğuru üçün çalışdığımız lider» ifadəsini işlətdiniz. Siz bu sistemin tərkib hissəsiydiniz. Siz Nazarbayevin sizin də iştirakınızla yaratdığı bu sistemdəki yeriniz haqda nəyi deyə bilərsiniz?

-Mən təkzib eləmirəm ki, biz 2002-ci ilə qədər, Nazarbayev tərəfindən çağırılan çoxlu dostlarım - biznesmenlər, bazar iqtisadiyyatı sahəsində nəzəri yox, praktiki təcrübəsi olan başqa gənc kadrlar, Moskvada təhsil alan, aspirantura, doktoranturanı orda bitirən gənc iqtisadçı biznesmenlər idik. Biz biznesdə uğurlar əldə edəndən sonra, Nazarbayevə də partokrat kommunist aparatının yerinə Qazaxıstanın bazar iqtisadiyyatında islahatlar aparmağa qabil olan, iqtisadiyyatı bazar iqtisadiyyatının relsləri üzərində oturda biləcək idarəçilər lazım idi. Nazarbayevin uzaqgörənliyi də onda idi ki, o vaxt məhz o belə gəncləri işə götürüb, onları nazir müavini, nazir vəzifələrinə təyin elədi, irəli çəkdi. Və biz 3-4 il ərzində dövlət monopoliyasında olan, dövlət tərəfindən planlaşdırılan iqtisadiyyatda təsirli islahatlar həyata keçirdik.

-Siz tibb elmləri və iqtisadiyyat elmləri doktorusunuz, keçmiş general-mayorsuz, diplomatik ranqınız isə - fövqəladə və səlahiyyətli səfir ranqıdır. Nazarbayevin qohumu olmasaydınız, sizcə bu vəzifələrə Nazarbayev rejimində yüksələ bilərdinizmi?

-Hər şeydən əvvəl ekspertləri, eləcə də sizi təəssüfləndirməli olacağam. Saydığınız elmi adlara gəlincə, hər şeydən əvvəl mənim atam 80-ci illərdə uzun müddət səhiyyə naziri olub, məşhur akademik, həkim, cərrah idi. Mən də onun yoluyla getmişəm, ordinatura, aspirantura, doktoranturanı Rusiyada bitirmişəm. Məhz bu cür, ittihamlar demək olmasa da, şayiələrdən uzaq durmaq üçün. «Guya ki bütün bunlara vəzifədəki valideynlərim, ya da yoldaşımın valideynlərinin sayəsində nail olmuşam kimi» şayiələri deyirəm.

Bu həm namizədlik dissertasiyasına aiddir, hansını kimi mən Moskvada, ikinci Tibb İnstitutunda müdafiə eləmişəm. Həm də doktorluq dissertasiyama aiddir, onu da Omskda müdafiə eləmişəm. İqtisadiyyat üzrə doktorluq dissertasiyamı isə Moskvada müdafiə eləmişəm.

Düzdür, mən deyə bilmərəm ki, hansısa məsələlərdə Nazarbayev tərəfindən heç bir dəstək olmayıb. Təbii ki, o bir dövlət başçısı kimi, hansısa məsələlərdə, mənim üçün əlverişli şərait yaradırdı. Ancaq bu, mən deyərdim ki, 50-50-yə olurdu. Bir tərəfdən belə əlverişli şərait yaradılırdı, digər tərəfdən isə tələbat da varıydı. O məni elə-belə hansısa vəzifədə irəli çəkmirdi, konkret tapşırıqlar verirdi. Əyər tapşırığın öhdəsindən gəlməsəydim, məni rahatca vəzifədən uzaqlaşdıra bilərdi. Mən heç vaxt dövlət vəzifəsinə, necə deyərlər, özəlləşdirilən bir mənzil kimi yanaşmamışam ki, yəni, açarını verdilər və istədiyin qədər orda yaşayırsan. Mən vəzifəyə, belə deyək, daha çox rahat bir otel otağı kimi baxırdım.

-Bəlkə elə sizin belə qeyri-müəyyən vəziyyətdə qalmanızın, belə ciddi hökmlə üzləşmənizin səbəbi odur ki, siz Nursultan Nazarbayevin fikrincə, verilən tapşırığın öhdəsindən gələ bilməmisiniz? Siz Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini olmusunuz, Prezidentin mühafizə xidmətinin rəis müavini olmusunuz. Sizin kitabınız da «Xaç qaıynatası» adlanır, italyan mafiyasına işarə eləyir sanki. Mafiya hər zaman qisas alır və sizin başınıza gələnləri çoxları qayınatanızın qisası kimi qiymətləndirir. Necə düşünürrsünüz, Qazaxıstana qayıda biləcəksiniz?

-Bilirsiniz, mən hesab eləmirəm ki, mən hansısa qeyri-müəyyən bir vəziyyətdəyəm, sürgündəyəm və ya Nazarbayevin mafioz rejimindən qaçıram. Mən azadlıqdayam, Avropa Birliyi ərazisindəyəm və burda günahsızlıq prezumpsiyası var, burda Qazaxıstanda olmayan demokratiyanın verdiyi fundamental hüquqlar var. ATƏT-də Qazaxıstanın səfiri olduğum dövrdə Qazaxıstanın ATƏT-ə sədrlik məsələsi məhz mənim fikrim idi. Dövlət Təhlükəsizlik Komitəsi və başqa vəzifələrdə çalışdığım dövrdə mənə məlum idi ki, Qazaxıstanda ölkənin indiki inkişaf yoluna müxalif, fərqli, alternativ yanaşmalar faktiki olaraq olmayıb və indi də yoxdur. İslahat üçün, Qazaxıstan qanunlarının beynəlxalq standartlara, qərb standartlarına uyğunlaşdırılması üçün yeganə mümkün yol avtoritar liderə təsir imkanıydı. Qazaxıstanın ATƏT-ə sədrlik ideyası da məhz bundan qaynaqlanırdı ki, Qazaxıstan məcbur olub seçki, KİV azadlığı qanunlarını yenidən gözdən keçirsin, Avropa İnsan Haqları Konvensiyasına qoşulsun...

-Siz kitabınızda Qazaxıstanının prezidentini «kommunist sultan» adlandırıbsınız. Buna biz izahınız varmı?

-Məncə, hamı hansısa mərhələdə hörmət etdiyi adamı hər şeydən əvvəl öz kumiri kimi görür. İmtina etmirəm ki, mən də Nazarbayevə pərəstiş edirdim. Onun siyasi gücünə, rəqibləri ilə mübarizəsinə, problemləri qabaqcadan görmək qabiliyyətinə heyran idim. Əlbəttə ki, bu hər halda sovet partiya məktəbinin yetirməsi idi. Nazarbayev və Kərimov – bu iki «dinozavr» keçmiş sovet məkanında sovetlərin dağıldığı dövrdə də hakimiyyətlərini qoruyub saxlayıblar. Bu göstərir ki, onlar həqiqətən də güclü idarəçilərdir.
Amma mən qeyd etməliyəm ki, o, özünə rəqabətsiz, qanunsuz mühit və özünə sonsuz hüquqlar yaradıb. Hətta, özünü 15 milyonluq əhalidə hamıdan yüksək tutaraq Konstitusiyanı dəyişib. Dəyişikliyə görə Qazaxıstanın birinci prezidenti ömrünün sonuna qədər prezident seçilə bilər.

Mən faciəni məhz onda görürəm ki, o, göylərə qalxır, uçur, yerə qayıtmaq istəmir. Bunun üçün də idarəçilikdə kriminal vasitələrdən istifadə edir.

Güclü vətəndaş cəmiyyəti, güclü partiyalar, hər bir vətəndaşı seçilmək hüququ yoxdur. Parlamentdə onun partiyasının adamları oturur.

Qanunun aliliyi deyilən bir şey yoxdur. Qazaxıstanda bütün hakimləri, xüsusi vurğulayıram ki, hətta, rayon məhkəmələrinin hakimlərini Nazarbayev təyin edir. Faktiki olaraq bu, bir adamın hakimiyyətidir.

- Qazaxıstanda hakimiyyət Sizin kitabınıza çox qəzəbli reaksiya verdi. Prezidentin özü və ətrafındakılar Sizin bu kitabınızdan vətəndaşların daha çox nəyi oxumalarını istəmirlər? Mən əminəm ki, bildiyiniz hər şeyi yazmayıbsınız ki, istəsəniz, yenə yazasınız. Sizin hazırkı hakimiyyətlə hansısa formada razılaşıb vətənə dönməyiniz, üzərinizdən cinayət işlərinin götürülməsi mümkündürmü? Yoxsa, Siz bütün hallarda respublikadakı siyasi sistemin dəyişməsi üçün işinizi davam etdirməkdə qərarlısınız?

-Çətin sualdır. İndiyə qədər bir dəfə də mənə təklif edilməyib ki, müsahibə verim, videokamera qarşısında ünvanıma səslənən əsassız və məntiqsiz iddiaları qəbul edim.

Məni onların baxışlarına görə müxtəlif cinayətlərdə ittiham edərək 40 il qiyabi azadlıqdan məhrum ediblər. Burda ağır cinayətlərdən bəhs olunur. Rejim istədiyi şeyi mənə yapışdırmağa çalışıb. Bütün bunlar saxtakarlıq, qurama işlərdir.

İlk növbədə bunu Milli Təhlükəsizlik Komitəsinin rəhbərliyi, baş prokurorluq, Daxili İşlər Nazirliyi, bütün güc təşkilatları uydurub.
Milli Təhlükəsizlik Komitəsinin özünün yazdığı telefon danışıqlarının səs yazıları da var. Orda açıq-aşkar görünür ki, həmin ittihamlar mənə qarşı necə hazırlanır.

Mən əvvəlcədən deyə bilmərik ki, danışıqlar üçün imkan yoxdur. İstənilən vaxt, istənilən siyasi prosesdə Qazaxıstanda repressiyalara məruz qalan bircə adamın xilası naminə də olsa, bu mümkündür.

On illərdir ki, yüzlərlə adamı qapalı məhkəmələrdə uzun müddətə azadlıqdan məhrum edirlər. O cümlədən də mənim dostlarımı, yaxınlarımı, valideynlərimi, iş yoldaşlarımı. Onların Milli Təhlükəsizlik Komitəsinin həbsxanasından çıxmaları üçün danışıqlar mümkündür. Amma bu, heç vaxt mənim düşüncəmə zidd bir şey olmayacaq.

-Hazırda Sizin ailənizlə necəsə əlaqə imkanınız varmı? Keçmiş xanımınızla, uşaqlarınızla əlaqələrinizi saxlayırsınızmı?

-2007-ci ilin iyununda Alma-Atıda rayon məhkəməsi bir günün içində məni xanımımdan ayırdı. Bizim iki oğlumuz, bir qızımız var. Bircə günün içində, mənim, vəkilimin iştirakı olmadan hər şeyi həll etdilər. Yenə də vurğulayım ki, birbaşa Nazarbayevin göstərişi ilə.
Həmin gündən də təəssüf ki, mən nə oğlanlarımı, nə qızımı, nə də keçmiş həyat yoldaşımı görə bilməmişəm. Telefon nömrələrini daimi olaraq dəyişirlər ki, onlarla heç bir əlaqəm yaranmasın.

Bu vəziyyət məni hər şeydən çox üzür. Əlbəttə, hər şeydən çox da məni Qazaxıstanda – Alma-Atıda qalan anamın taleyi narahat edir. Onun pasportunu əlindən alıblar, Avropaya gəlmək imkanı yoxdur. Ona Avropadakı əri - mənim atamla əlaqə saxlamağa imkan vermirlər. Hər şeydən çox məni bu problem narahat edir.
XS
SM
MD
LG