Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:45

Zorakılıq və Azadlıq evlənəndə…


Çinin Tyananmen meydanında tanklar. 5 iyun 1989
Çinin Tyananmen meydanında tanklar. 5 iyun 1989
İyunun 7-də «Vaşinqton post» qəzeti Çində Tyananmen meydanında baş verən qırğından sonra Çin Kommunist rəhbərlərinin ölkədəki hakimiyyətlərini qorumaq üçün apardıqları islahatları təhlil edən məqalə dərc edib. «Tyananmendən sonra Çin Zorakılıq və Azadlığı Evləndirdi» başlıqlı məqalənin müəllifi Con Promfet 1989-cu ildə Tyananmen meydanında baş verənlər barədə reportaj dərc etdirdikdən sonra Çin hökumətinin tələbi ilə ölkədən qovulmuş Amerika jurnalistlərindən biridir.

Con Promfet yazır ki, o vaxt, onunla söhbət çox qısa olmuşdu. Çində xaricilərlə iş üzrə polis departamenti ona zəng edib onu polisə çağırmış və dərhal da ölkədən qovmuşdu. Müəllif yazır ki, o zaman baş verənlərin fonunda bir çox Qərb jurnalistləri, o cümlədən müəllifin özü, Çində də tezliklə kommunist hökumətinin çökəcəyini düşünürdülər, lakin bu belə olmadı.

(yazı videonun altında davam edir)
Tanklarla dağıdılan 100 000 nəfərlik mitinq
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00
Direct-ə keçid


Bu fenomenin səbəblərini araşdıran müəllif bir çox səbəbləri qeyd edir. 1990-cı illərdən başlayaraq davam edən ikirəqəmli iqtisadi artım göstəriciləri, təbii ki, böyük əhəmiyyət daşıyır. Çinin Kommunist lideri Den Syaopinin Şenjenə 1992-ci ildə səfər edərək ölkəni bazar iqtisadiyyatı üçün açıq elan etməsi ölkəyə xeyli pul və sərmayə gətirdi və bu da Den Syaopinin əhali ilə yeni bir «social müqavilə» bağlaması üçün əsas oldu. Dövlətin vətəndaşlara mesajı bu idi: Varlana bilərsən, mənim səninlə işim olmayacaq, yaxud siyasətə qarışa bilərsən və onda mənim səninlə işim olacaq.

Müəllif yazır ki, Çin kommunistləri öz hakimiyyətlərini təkcə bu siyasətlə qoruya bilməzdilər. Dövlət ortaya yeni bir şüar atdı: «Zamanın tələbi ilə ayaqlaşmaq». Bu şüar Çinin ən ucqar nöqtələrində də aparılan siyasət üçün əsas oldu.

Bir milyard üç yüz milyonluq Çin əhalisinin əksəriyyəti kənd yerlərində yaşayır və bu yerlərdə dövlət kiçik istehsal müəssisələrinin – TEV kimi tanınan sexlərin açılmasına icazə verdi və onlar Çinin inkişafı üçün güclü mühərrik rolunu oynadılar. Bu istehsal müəssisələri Çinin urbanizasiyasına da öz töhfəsini verdi, belə ki, son 20 ildə 200 milyondan çox Çinli kənd yerlərindən şəhər tipli qəsəbələrə üz tutdular.

Müəllif yazır ki, bu cür kiçik müəssisələr hesabına sənayeləşmənin özü də problemlərlə müşayiət olundu. Belə ki, bəzi partiya funksionerləri və iri biznesmenlər əhalini bəzi yerlərdən zorla çıxarmağa, bəzi yerləri zorla alaraq sənaye məqsədləri üçün istifadə etməyə cəhdlər etdilər. Belə hallara qarşı kütləvi etiraz aksiyaları da baş verdi. Lakin Çin hökuməti Tyananmendən sonra öz dərsini öyrənmişdi. Ucdantutma repressiyalar əvəzinə bir neçə kənd liderləri həbs edilirdi, yerdə qalan liderlər isə pulla satın alınırdı. Əhaliyə isə cəzasız olaraq öz əvvəlki həyatlarına dönmək imkanı verilirdi.

Bir sıra sosial islahatlar da aparıldı. Çində varlılarla kasıblar arasındakı böyük uçurumu azaltmaq üçün Çin hökuməti kəndliləri bütün vergilərdən azad edib. Müəllif yazır ki, bu addım kasıblarla varlılar arasındakı uçuruma elə bir ciddi təsiri olmasa da, kəndlilər tərəfindən müsbət qarşılanıb.

Şəhər yerlərində əhaliyə imkan verilib ki, öz qaldıqları evləri özəlləşdirsinlər. Bu da şəhər əhalisi arasında ev sahibkarlığını 17 %-dən 80 %-ə qaldırıb. Adambaşına düşən mənzil sahəsi də 9 kvadrat metrdən 30 kvadrat metrə qalxıb. Əhali nisbətən varlanaraq öz evlərini bəzəməyə başlayıblar və ev bəzəyi biznesi (şüşə, mərmər və s.) təkcə son on ildə 50 milyard dollardan 200 milyarda qalxıb.

Müəllif yazır ki, 1989-cu ildə o dövrün məşhur mahnı yazarı Sui Çian öz dövrünün adamları üçün oxuyurdu: «Bizim öz adımıza heç nəyimiz yoxdur». İndi isə Çinlilərin öz evləri, maşınları, cakuziləri var və onlar bu əmlakı itirmək istəmirlər.

Tom Li – 1989-cu ildə Çin kommunist partiyasından qovulmuş bir adam hazırda ABŞ-da doktorluq dərəcəsini müdafiə edib və Çinə qayıdaraq özü üçün kompüter proqramları şirkəti açıb. İndi o deyir: «Mən bunları qorumaq istəyirəm. Mən daha inqilab istəmirəm».

Müəllif yazır ki, iqtisadi imkanlar artdıqca, ölkədə şəxsi azadlıqlar da tədricən çoxalır. Bu, məsələn, boşanma saylarını artırsa da (kirayə ev tutmaq imkanı artanda insanlar üçün boşanmaq daha asan olur), insanlar bu azadlıqları başqa şəkildə də istifadə edirlər. İnternet azadlığı məhdud olsa da, məhdudiyyətlər getdikcə azalır. Xəbərlər və jurnalistika üzərində senzura əvvəlki qədər sərt deyil. İndi Çin hökuməti zorakılıqdan müntəzəm əsasda deyil, yalnız vaxtaşırı istifadə edir ki, vətəndaşlar dövlətin hələ də güclü olduğunu hiss edərək ondan bir qədər çəkinsinlər.

Yekunda müəllif onu da qeyd edir ki, Çinin iqtisadi azadlıqları ilə məhdudiyyətlərə əsaslanan siyasi sistemi nə vaxtsa toqquşacaq. Müəyyən bir vaxtda bu siyasi sistem artıq əldə olunmuş iqtisadi azadlıqlar üçün əngələ çevrilməyə başlayacaq. Ancaq hələ ki, Çin öz təcrübəsi ilə 20 il əvvəl bu sistemin yıxılacağını deyənləri səhv çıxarır və öz şərtləri daxilində inkişaf etməkdə davam edir.
XS
SM
MD
LG