Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 15:05

Ayətullanın xəbərdarlığından sonra hadisələr necə cərəyan edəcək?


Iranın ali dini rəhbəri Ayətulla Əli Xamənəyi Mahmud Əhmədinejadın saxtakarlıq yoluyla prezident seçilməsi haqda iddiaları qəbul etmir – o deyir ki, Əhmədinejadın qələbəsi qəti olub. Ayətulla iyunun 19-da Tehran Universitetinin qarşısındakı çıxışında belə deyib.

11 MİLYON SƏSİ SAXTALAŞDIRMAQ OLARMI?

Xamənəyi bildiri ki, bəzən səsvermədə 100 min səs fərqi olub, 500 min olur, onda saxtakarlıqdan danışmaq olar, amma əgər fərq 11 milyon səsdisə, burda saxtakarlıqdan necə danışmnaq olar? Prezident elan edilən Əhmədinejadla onun müxalifətçi rəqibi Musəvi arasındakı səslərdə məhz bu qədər fərq olduğu açıqlanıb.

Musəvi tərəfdarları polisin onların silahdaşlarını öldürməsinə etiraz olaraq küçədə maşın yandırırlar. 13 iyun 2009

Əyətullanın çıxışına qulaq asmaq üçün on minlərlə insan toplaşıb. O deyib ki, seçkilərə - səsvermə hüququ olan iranlıların böyük əksəriyyətinin – yəni 40 milyon adamın gəlməsi onların İslami quruluşa etibar etmələri ilə bağlıdır. Onun sözlərinə görə, İranın düşmənləri seçkinin nəticələrini şübhə altına almaqla iranlıların öz dövlətlərinə olan inamına zərbə vurmaq istəyirlər.

XAMƏNƏYİ KÜÇƏ NÜMAYİŞLƏRİNƏ SON QOYULMASINA ÇAĞIRIB

O deyib ki, seçki nəticələrini seçki qutularından çıxan bülletenlər müəyyən edir, küçə etirazları yox.

Xamənəyi bildirib ki, seçki rəqabəti bitib və kim ki küçələrdə qarşıdurma yaratmağa çalışacaq, baş verə biləcək xaosa görə məsuliyyət onların üzərinə düşəcək. Ayətulla seçkinin nəticələriylə razı olmayanlara tövsiyə edib ki, şikayətlərini Mühafizlər Şurasına təqdim etsinlər və mübahisəli məntəqələrdə səslər yenidən sayıla bilər.

Xamənəyi seçki zamanı hər iki tərəfin hərəkətlərində yolverilməz məqamların olduğunu deyib. Onun fikrincə, bir tərəfdən prezidentin yalan danışmaqda ittiham edilməsi, ölkə iqtisadiyyatı ilə bağlı yalançı statistik rəqəmlərdən istifadə edilməsini belə məqamlara aid etmək olar. Bu əsasən müxalifətçi Musəvinin arqumentləri idi. O biri tərəfdən Ayətulla deyib ki, əldə sənəd olmadan ölkənin nüfuzlu şəxslərini korrupsiyada ittiham etmək olmaz. Bu da Əhmədinejadın keçmiş prezident Rəfsəncani və keçmiş spiker Natiq Nuri haqda səsləndirdiyi ittihamlar idi.

"XARİCİ DÜŞMƏNLƏR" YENİDƏN AYƏTULLANIN HƏDƏFİNDƏ

Xamənəyi seçkidən sonra xarici qüvvələri, xüsusən də Britaniyanı İranın daxili işlərinə qarışmaqda ittiham edib. O ölkə əhalisini xarici qüvvələrin dəyirmanına su tökməməyə çağırıb.

Seçki etirazlarının davam etdiyi bir vaxtda Əhmədinejad Yekaterinburqda Rusiya prezidenti ilə görüşür. 16 iyun 2009

Avropa Birliyinə sədrlik edən Çexiyanın xarici işlər naziri Yan Kohout isə Brüsseldə Avropa Birliyinin 2 günlük sammitindən sonra keçirilən mətbuat konfransında - İrandakı demokratik hərəkatı bundan sonra da müdafiə edəcəklərini bildirib.

"Avropa Birliyinin sammiti dinc nümayişçilərə qarşı zor tətbiqini pisləyir və nümayişçilərə tam dəstək verir. Biz seçki nəticələriylə bağlı narahatlığımızı bildiririk və səslərin yenidən sayılmasına çağırırıq”.

"YENİ MUSƏVİLƏR DƏ PEYDA OLA BİLƏR"

Xamənəyinin çıxışından sonra hadisələr necə cərəyan edə bilər. Azadlıq Radiosunun İran xidmətinin əməkdaşı Hüseyn Aryan deyir ki, Ayətullanın xəbərdarlığından sonra Musəvinin yenidən öz tərəfdarlarını küçəyə çıxaracağına inam azdır. O deyir ki, Musəvi özü İran hakimiyyətindən çıxmış, 8 il baş nazir olmuş bir adamdır, hakimiyyətdən bəhrələnmiş bir adamın Ayətulla ilə konfrantasiyaya getməsi inandırıcı görünmür. Amma Hüseyn Aryan deyir ki, Musəvinin çağırışı olmadan da orda-burda etirazlar davam edə bilər.

“Amma polis və yarımhərbi Bəsic qüvvələri üçün belə qrupları zərərsizləşdirmək asan olacaq”.

Hüseyn Aryan deyir ki, bu seçkilər İranın müasir tarixində dönüş nöqtəsi oldu. Elə təkcə seçkiyə rekord sayda seçicinin gəlməsi insanların dəyişikliyi nə qədər arzuladığını göstərdi.

“Ola bilər ki, bu narazı insanlar yenə də Musəvini özlərinə lider saymaqda davam edəcəklər, ola bilər ki, yeni musəvilər peyda olacaq, ola da bilər ki, narazılıqlar başqa formalarda üzə çıxsın. Bunu yaşayıb görərik”.

DÖVLƏTİN BAŞÇISI PREZİDENT YOX, AYƏTULLADIR

Musəvi şənbə gününə qədər heç bir aksiya planlaşdırmayıb. Bundan başqa seçki nəticələrini təsdiq edən Mühafizələr Şurası Əhmədinejadən üç rəqibini – Musəvi, Kərrubi və Rezaini görüşə çağırıb ki, onların şikayətlərini müzakirə etsinlər.

Musəvi tərəfdarları iyunun 12-dəki prezident seçkilərində - əlavə çap edilən bülletenlərdən Əhmədinejadın xeyrinə saxtakarlıqda istifadə olunduğunu, müxalifətçilərin nümayəndələrinin səslərin sayılması mərhəsləsinə buraxılmadığını bildirirlər.

İranın ali dini liderinin - prezidentdən çox səlahiyyəti var. O kimləri vəzifəyə təyin edir? - Silahlı qüvvələrin rəhbərlərini, milli televiziya və radionun rəhbərini, xarici siyasət məsələlərələ məşğul olan milli təhlükəsizlik şurasının üzvlərini, baş prokuroru, məhkəmə sisteminin rəhbərini, parlamentdən keçən qanunların qüvvəyə minib-minməməsini müəyyən edən Mühafizlər Şurasının üzvlərini.

XS
SM
MD
LG