Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:49

Azərbaycanlı idmançıları nə yoldan çıxarır?..


Olimpiya çempionu Fərid Mansurov, Afina -2004
Olimpiya çempionu Fərid Mansurov, Afina -2004
İdman çempionlarına mənzil verilməsini qanun tələb etməməlidir. Bu qənaətə parlamentin Sosial Siyasət Komitəsinin üzvləri gəliblər. Səbəb də deputatların qənaətincə, mənzil və başqa imtiyazlar əldə etdikdən sonra idmançıların növbəti qələbəyə imza atmağa həvəs və maraqlarının qalmamasıdır.

Yəni deputatlara görə, bu idmançıları daha böyük uğurlara şirnikləndirmək əvəzinə onlarda arxayınlıq hissi yaradır. Bu üzdən də həmin müddəa «Bədən tərbiyəsi və idman haqqında» qanun layihəsindən Sosial Siyasət Komitəsinin bu həftəki müzakirələrində çıxarıldı. Məsələ parlamentin iyunun 30-da keçiriləcək iclasına saxlanmadı.

«BU SƏHVDİR, İDMANÇILARA MƏNZİL DƏ VERİLMƏLİDİR, QIZIL DA, PUL DA…»

Amma bu yanaşma idmançılar və idman şərhçiləri arasında birmənalı qarşılanmır. Deputatların fikrinə şərik çıxanlar, onlara haqq qazandıran da var, əksini düşünənlər də.
Məsələn, 1980-ci illərdə «Neftçi» futbol komandasının kapitanı olmuş İsgəndər Cavadovun fikrincə, bu məsələ qanundan kənarda da tənzimlənir.
«Dövlət birinci, ikinci, üçüncü yer qazanan idmançılara kömək edir də… Eləcə də sponsorlar da uşaqlar üçün şərait yaradırlar».

Azərbaycan Sambo Federasiyasının keçmiş prezidenti Zəlimxan Məmmədli isə bu müddəanın qanun layihəsindən çıxarılmasının əleyhinədir. Bunu yanlış adlandırır.
Fərid Mansurov 2008-ci ilin Pekin Olimpiadasında uğur əldə edə bilmədi
«İdman fədakarlıq tələb edir. İdmançılar ömürlərinin ən yaxşı illərini həm də dövlətə, onun bayrağını yüksəyə qaldırmağa həsr edirlər. Bu baxımdan onlar yüksək sosial müdafiəyə layiqdirlər. Yeni qanunda ola bilsin Avropa dövlətlərinin təcrübəsindən çıxış etmək istəyirlər. Əgər belədirsə, Türkiyə təcrübəsinə də dayanmaq olar. Məsələn, idmançılara qızıl verirlər, adlarına hesab açırlar, torpaq sahəsi, villa bağışlayırlar. Məncə, olimpiya çempionuna daha yüksək şərait yaradılması dövlətin borcu olmalıdır. Bilmirəm, qanundan bu müddəanı çıxarıb, əvəzinə nə salacaqlar. Amma düşünürəm ki, onlara mənzil də verilməlidir, qızıl da, pul da…»

«BİR VAR İDMANÇINI SİYASİ HAKİMİYYƏT MÜKAFATLANDIRSIN, BIR DƏ VAR, İDMANÇI BU EVİ QANUNLA ALSIN»

Milli Olimpiya Komitəsinin mətbuat xidmətinin rəhbəri Cəmaləddin Rəhimov isə söhbətə belə başladı:
«Əlbəttə insani baxımdan birincilik əldə edən idmançılara mənzil verilməsi düzgün olardı. Amma bu işin başqa tərəfi də var. Mənim fikrimcə, birincilik əldə edənlərin hamısının evlə təmin edilməsi düzgün olmazdı, bu başqalarında, tutaq ki, müəllim də, mühəndis də narazılıq yaradardı. Eyni zamanda, xeyriyyəçilər, sponsorlar da bu işə cəlb olunub, ölkənin şan-şöhrətini qaldıran, müəyyən nailiyyət əldə edən idmançıları qiymətləndirirlər. Eləcə də bəzi qurumlar, o cümlədən Mili Olimpiya Komitəsi də sosial şəraiti pis olan idmançılara qayğısını göstərir».

Bu müzakirələr zamanı bir fikir də ortaya çıxır. Həmin müddəa qanundan çıxarılmaqla idmançıların mənzil təminatı ayrı-ayrı adamların və ya qurumların ümidinə qalacaq. Amma bu müddəa qanunla möhkəmləndirilsə asılılıq da azalardı. Hətta burda siyasi məqamlar axtaranlar da var. Məsələn, Zəlimxan Məmmədli deyir ki, bir var, uğuru qazanmış idmançıya avtomatik olaraq qanunla mənzil verilsin. Bu halda o heç kimdən asılı vəziyyətə düşmür, haqqı olanı qanuni şəkildə alır. Bir də var idmançını siyasi hakimiyyət mükafatlandırsın.

«Bu da gələcəkdə idmançıların siyasi hakimiyyətin əlində alətə çevrilməsinə səbəb olacaq. Böyük idmanın maraqlarına toxunur. İdmançıların bu halda federasiyaların (federasiyaların əksəriyyətinə nazirlər və komitə sədrləri rəhbərlik edir –Ş.B), iş adamlarının, sponsorların, icra hakimiyyətlərinin yedəyində getməsinə səbəb olacaq…»

İdmançıların mənzillə təminatının qanunla möhkəmləndirilməsi haqda deyilənlərə MOK sözçüsü Cəmaləddin Rəhimovun münasibəti belə oldu:
«Qanunda böyük nailiyyət qazananların stiumllaşdırılması və qayğı ilə əhatə olunması nəzərdə tutulur. Amma onu konkretləşdirmək, yüksək nəticə əldə edən idmançıların mənzillə təmin edilməsi ideyasının qanuniləşdirilməsi düzgün deyil. Məncə, bu təcrübədə də yoxdur…»

«BELƏ ŞEYLƏRƏ GÖRƏ, İKİQAT-ÜÇQAT OLİMPİYA ÇEMPİONLARIMIZ YOXDUR»

«Futbol plyus» qəzetinin baş redaktoru Mahir Rüstəmli isə məsələnin başqa tərəfinə önəm verir. Onun qənaətincə, Avropa və dünya çempionlarına yox, yalnız olimpiya çempionlarına ev verilməlidir. Amma baş redaktorun fikrincə, bəzən olimpiya çempionlarının mükafatlandırılması da özünü doğrultmur.

«Olimpiya çempionu olanlar da sonradan öz uğurlarını təkrar edə bilmirlər. Millət vəkilləri arasında gedən müzakirələrdən yəqin xəbərdarsız, olimpiya çempioları «şişirlər», uğurlardan hədsiz qanadlanırlar və nəticədə uğurların davamı gəlmir. Yada salaq, Azərbaycanda müstəqillik dönəmində ikiqat olimpiya çempionu olmayıb. Amma başqa ölkələrdə bir adamın bir neçə dəfə olimpiya çempionu olması təcrübəsi var və bu idman dahisidir…»

Mahir Rüstəmliyə görə, idmançılara imtiyazların yaradılması, xüsusən də mənzil verilməsi işləri korlayır:
2008-ci ilin Pekin Olimpiadasının qalibi Elnur Məmmədli

«Bəzən bir dəfə Avropa və ya Dünya çempionu olanlara mənzil verirlər, maşın verirlər, sonra görürsən, o idmançıdan səs-soraq yoxdur, onlar inkişafdan qalırlar. Azərbaycanda bəzi idmançıların hədəfi sadəcə, mənzil sahibi olmaqdır. Bununla da, biz məqsədə çatan idmançının qazandığı nəticələrin davamını, eləcə də ikiqat-üçqat olimpiya çempionlarını görmürük».

«İKİQAT OLİMPİYA ÇEMPİONUNA İKİQAT DA STİMUL VERİLMƏLİDİR»

Azərbaycan Sambo Federasiyasının keçmiş prezidenti Zəlimxan Yaqublu isə bu fikirləri bölüşmür və deyir ki, əslində, bu cür yanaşma yetərincə primitivdir. Bu idmanı inkişaf etdirmək əvəzinə, onu daha da tənəzzülə aparar.

«Bir dəfə olimpiya çempionu olmaq özü də ağırdır. O elə bir dəfə bu zirvəni fəth edibsə, böyük işdir. İkiqat-üçqat olimpiya çempionu üçünsə əlavə stimullar yaradılmalıdır. Ev qadağası və ya nəyəsə məhdudiyyətlə azərbaycanlı idmançıları stimullaşdırmayacaqlar. «Qoy beşqat çempion olsun mükafatlandıraq» düşüncəsi səhvdir. Əksinə hər dəfə çempion olduqca bu imtiyazlar ikiqat-üçqat artırılmalıdır. Bax, bu halda uğurdan, stimuldan danışmaq olar».

Zəlimxan Məmmədliyə görə, yanaşmanı dəyişmək lazımdır. «Ona qalsa, mən elə idmançı, məşqçi tanıyıram ki, layiq deyil ev də alır, maşın da… Söhbət bu halda qadağadan yox, ədalətli yanaşmadan getməlidir».
XS
SM
MD
LG