Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:53

Jurnalisti döyən polislər niyə cəzalandırılmırlar?


Elçin Həsənov
Elçin Həsənov
DÖYÜLƏN JURNALİSTİN ARZULARI…

- Mənim əsas məqsədim jurnalistləri döyən bir-iki polisin cəzalanmasına nail olmaqdır. Yoxsa cəzasızlığı görüb deməsinlər ki, hökumət bizim tərəfimizdədir, istədiyimiz jurnalisti döyə bilərik.

«Yüksəliş naminə» qəzetinin əməkdaşı Elçin Həsənovu mayın 10-u Səbail rayon 39 saylı Polis Bölməsinin qarşısında polislər döyüb. Ancaq hələ də bu məsələylə bağlı cinayət işi açılmayıb. Həmin gün gənclər «Gül bayramı»nın keçirilməsinə etirazlarını bildirirdilər. Etiraz aksiyasında saxlanan gənclərin taleyi ilə maraqlanan jurnalist özü polis zorakılığı ilə üzləşib:

- Heç gözləmədiyim şəraitdə arxadan məni təpiklə, yumruqla vurmağa başladılar. Yıxıldım, polislər yenə vururdular. Sonra huşumu itirmişəm.

JURNALİSTİN ŞİKAYƏTİNƏ BAXAN YOXDUR

Hadisə bir sıra jurnalistin, hüquq müdafiəçisinin və beynəlxalq təşkilatların təmsilçilərinin gözü qarşısında baş verib. Elçin Həsənov həm Daxili İşlər nazirinə, həm Baş prokurora, həm də prezidentə şikayət məktubları göndərib. Hələ ki, şikayətlərə müsbət reaksiya yoxdur. Hərçənd faktla bağlı Səbail rayon Prokurorluğunda araşdırma aparılır. Ancaq jurnalist hadisə ilə bağlı foto və video görüntülər təqdim etmək istəsə də, prokurorluqda bu materialları götürməkdən imtina eldiblər. Elçin Həsənov deyir ki, həmin video və fotolarda onu döyən polislərin sifəti açıqca görünür.

Hüquq müdafiəçisi Arzu Abdullayeva da Elçin Həsənovun döyülməsi ilə bağlı Respublika Prokurorluğuna müraciət edib. Müraciətdə jurnalistin döyülməsini öz gözləri ilə gördüyünü bildirən hüquq müdafiəçisi Baş prokurordan polislərin cəzalanmasını istəyir.

JURNALİSTİ DÖYƏN POLİSLƏRİ KİMLƏR HİMAYƏ EDİR?


Arzu Abdullayeva təəssüflə yada salır ki, indiyə qədər ölkənin bir sıra aparıcı jurnalisti döyülüb, oğurlansa da hələ də təqsirkarlar cəzalanmayıb. İki il əvvəl də «Realnı Azərbaydjan» qəzetinin əməkdaşı Üzeyir Cəfərovun döyülməsi ilə bağlı oxşar mənzərə üzə çıxmışdı. Ü.Cəfərov basqınçıların polis olduğunu və onları tanıdığını bildirsə də, jurnalistin şikayəti eşidilmədi. Arzu Abdullayeva deyir ki, belə hallara görə, bütün cəmiyyət məsuliyyət daşıyır:

- Bir tərəfdən, özümüzü günahlandırıram ki, işi düzgün qurub ədalətə nail ola bilmirik. Bir də istək yoxdur. Hüquq-mühafizə orqanları bir-birinin məsuliyyətini ört-basdır edir.

Respublika Prokurorluğunun mətbuat xidmətində də hələ bu faktla bağlı cinayət işinin açılmamasını etiraf etdilər. Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov dedi ki, hazırda araşdırma gedir və növbəti addımlar bu araşdırmanın nəticələrindən asılı olacaq.

İNSAN ÖMRÜ METRO KARTI DEYİL

Elçin Həsənov isə deyir ki, bundan əvvəl də peşə borcunu yerinə yetirərkən iki dəfə polis zorakılığı ilə üzləşib. Ancaq hüquq-mühafizə orqanlarından şikayətlərinin araşdırılacağına söz verilsə də, sonradan hər şey unudulub. İndi isə onun geri çəkilmək fikri yoxdur:

- Bilirsiniz insan ömrü metro kartı deyil ki, istəməyəndə aparıb qaytarasan. Mənim artıq 32 yaşım var. Ömür-gün keçir. Mən də demokratik ölkədə yaşamaq istəyirəm.
XS
SM
MD
LG