Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:22

«İçərişəhər» təhlükədə olan abidələr siyahısından çıxdı


İçərişəhər divarları, 2009
İçərişəhər divarları, 2009
UNESCO-nun qərarı ilə «İçərişəhər» məhv olmaqda olan abidələr siyahısından çıxarıldı. İyunun 22-dən UNESCO-nun Sevilyada öz işinə başlayan Ümumdünya Mədəni İrs Komitəsinin 33-cü sessiyasında bu qərara gəliblər. Sessiyanın işində «İçərişəhər» Tarixi-Memarlıq Dövlət Qoruğunun rəisi Mikayıl Cabbarovun başçılığı ilə Azərbaycandan dəvət olunmuş nümayəndə heyəti də iştirak edib. Bu xəbəri «Azadlıq» radiosuna «İçərişəhər» qoruğunun mətbuat xidmətinin rəhbəri Rahib Azəri verib. «Can Bakı»nın «Bu qərarı necə qiymətləndirirsiniz» sualına həm Rahib Azərinin, həm də bakılıların fikirlərini öyrənmək qərarına gəldik:

Rahib Azəri (Qoruğun mətbuat xidmətinin rəhbəri):

Haqlı qərardır. Son iki ildə «İçərişəhər»də görülmüş işlərin həcmi və keyfiyyəti bunu etməyə əsas verir. «İçərişəhər»in ustad-planının təqdimatına dəvət olunmuş bütün xarici ekspertlər konservasiya işlərinin həcmindən və keyfiyyətindən məmnunluqlarını bildirdilər. Yeri gəlmişkən, ustad-planın iki ilə hazırlanmasında millət vəkili Mehriban Əliyevanın rolunu xüsusi qeyd etmək istəyirəm. Mən bir vətəndaş kimi, burada görülən işlərin keyfiyyətindən, konservasiyasından çox razıyam və «İçərişəhər»in «qara siyahı»dan çıxarılmasını alqışlayıram. Əslində, bu məsələyə 2010-cu ildən tez baxılmamalı idi. Ancaq görülən işlərin səviyyəsi və qoruğun rəhbəri Mikayıl Cabbarovun sessiyada çıxışı 21 ölkənin üzvlərinin yekdil rəyə gəlməsinə səbəb oldu – «İçərişəhər» məhv olmaqda olan abidələr siyahısından çıxarıldı.

Mir Teymur (rəssam):

Gəlib baxıb razı qalıblar. Düzdür, işlər yaxşılığa doğrudur. Maşınlar azalıb, bərpa işləri gedir. Amma yenə səfirliklər oradadır. Polşa, Yunanıstan, Macarıstan, Sloveniya, İtaliya səfirlikləri fəaliyyətlərini sürdürürlər. Səfirliklərin yanında firmalar da öz işindədir. Dünyanın heç bir ölkəsində qədim şəhərdə səfirlik yerləşmir. «İçərişəhər»in xüsusi bir görünüşü var. İndi orda istifadə olunan kiçik memarlıq formaları mənim xoşuma gəlmir. Özlərinə də demişəm. Məsələn, Qırğızıstanın memarlıq üslubunu burada tətbiq etməyə nə lüzum var? Bir də, adamlardan da çox şey asılıdır. Bizdə tarixi abidələrə qarşı bir vəhşilik, vandalizm var. Məsələn, nə qədər xərc çəkib qəşəng çıraqlar qoyublar. Ağa Mikayıl hamamının yanında beşini sındırıblar, Kiçik Qala küçəsində 12-sini...Axı, bu sənin şəhərindir!

Aytəkin İmranova (Tarix, Mədəni və Təbii İrsi Qoruma Şəbəkəsinin əlaqələndiricisi):

«İçərişəhər»in təhlükədə olan abidələr siyahısından çıxarılmasını olduqca qeyri-professional və prinsipsiz qərar hesab edirəm. Heç bir şey dəyişməyib. Rəhbərlik dəyişə bilər, ancaq binalar dağılmaqda davam edir, sökülən-sökülür, tikilən - tikilir! Ola bilsin müəyyən canlanma var, amma bunun bərpaya dəxli yoxdur. Yeni materiallar, yeni metodologiya tətbiq olunmur, abidələrin xarici görünüşü dəyişdirilir. UNESKO gəlsin dağıdılmışlar siyahısında olan abidələri araşdırsın, görsün onlardan nə qalıb?

Emil Axundov (əməkdar inşaatçı):

«İçərişəhər»i bir günə qoyublar ki, ona qoruq demək olmaz. Əvvəl idarəçilik Bakı Sovetində idi, sonra Nazirlər Kabinetinə verildi. Rəhbərliyə Kamran İmanovu gətirdilər. O da ürəklə çalışmağa başladı və işin ən qızğın vaxtında çıxardılar...Əslində, «İçərişəhər»i heç yerə tabe etmək lazım deyil. Bütün işləri orada yaşayanlara vermək gərəkdir. Bir şura yaradırsan, 10 il vergidən azad olunurlar, güzəştlər olunur, bankda öz hesabları olur, turizm üçün şərait yaradırsan və s. Özü-özünü idarə etsin. «İçərişəhər»dən bütün eybəcər binaları yığışdırmaq gərəkdir. İndiyə qədər kim o tikililərə icazə verib, kim orada ofislər, restoranlar tikib, onların adı açıqlanmalıdır. Cinayətkar cəzasını almalıdır. Bir də, o sessiyada hər şeyin təhlükədən uzaq olduğunu deyənlərlə mən, məmnuniyyətlə, «İçərişəhər»də gəzərdim...

Novella Cəfəroğlu (hüquq müdafiəçisi):

«İçərişəhər»ə mənim özəl münasibətim var. Ofisimiz burada yerləşir. Etiraf edək ki, «İçərişəhər» pis vəziyyətdədir. Bəzi evləri uçurublar, o da təsir edib başqalarına. Bizim ofisimiz də, necə deyərlər, tökülüb gedir. Yeraltı suları tərpədiblər. Döşənən yeni daşlar pis gündədir. Köhnə abidələri qorumurlar. Qız qalasının yanında tualet tikiblər. Avropada şəhərlərinə necə baxırlar? Ən köhnə binalarını da xilas edib saxlayırlar. Biz nə edirik? Şəhərin hətta ekologiyasını da qoruya bilməmişik. Bakıda qədimdən binalar amfiteatr formasında tikilirdi. Onu da pozduq. Göydələnlər tikdik, şəhəri, həm də «İçərişəhər»i təbii havalanmadan məhrum etdik.

Tahir Cəfərov (fotoqraf):

Nahaq çıxarıblar. Dağılanda gec olacaq. Orada heç də hər şey yaxşılığa doğru getmir. Metro keçəndə evlər tərpənir. Bir tərəfdən məmurlar dağıdır, bir tərəfdən də metro... Pribaltikada köhnə şəhərləri necə qoruyurlar? Nümunə götürmək lazımdır. Yeri gəlmişkən, «İçərişəhər»də çəkdiyim çoxlu şəkillərim var, gətirib verəcəm, qoyun saytınıza...

Xatırladaq ki, «İçərişəhər» 2000-ci ildən - məşhur Bakı zəlzələsindən sonra UNESKO-nun Ümumdünya Mədəni irs siyahısındadır və 2003-cü ildən 21 ölkənin iştirak etdiyi Mədəni İrs Komitəsinin qərarı ilə məhv olmaqda olan abidələr siyahısına salınmışdı.
XS
SM
MD
LG