Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:48

«Məhbusların etirafı da, seçkilər qədər saxtadır»


Iran -- Opposition supporters gather to mark the death anniversary of prominent revolutionaries killed in a bombing 28 years ago, at Ghoba mosque in Tehran, 28Jun2009
Iran -- Opposition supporters gather to mark the death anniversary of prominent revolutionaries killed in a bombing 28 years ago, at Ghoba mosque in Tehran, 28Jun2009
Rəsmi telekanallarda İranda prezident seçkilərinin nəticəsinə etiraz olaraq aksiya keçirib, tutulanların bir qisminin «etirafları» yayılır. İran Keşikçilər Korpusunun rəsmi orqanı olan «Cavan» qəzeti həbsdə olan sabiq vitse-prezident Ayətullah Məhəmməd Əli Əbtəhinin də «hönkürərək, məxməri inqilaba təlim gördüyünü etiraf etməsi» barədə xəbər yayıb.

Nobel Sülh Mükafatı laureatı Şirin Ebadinin rəhbərlik etdiyi İran Vəkillər Fondunun vitse-prezidenti və Milli Sülh Şurasının rəhbəri xanım Nərgiz Məhəmmədi Tehrandan telefonla «Azadlıq» radiosuna müsahibəsində bircə onu deyib ki, «konstitusiyanın 38-ci maddəsinə əsasən, etirafların hüquqi dəyəri yoxdur, vəssalam». Xanım Məhəmmədi bu haqda artıq izahat verməyin daha lazım olmadığını bildirib.

İran polis komandiri general Əhmədi Müqəddəm elan edib ki, aksiyalar başlanandan bəri 1032 nəfər tutulub, 20 nəfər ölüb. Bundan əvvəl, Təhlükəsizlik naziri (Ettelaat) Möhsün Ejei, «bəzi iğtişaşçılar polis paltarı geyərək, xalqı güllələyib» - deyə, polis qüvvəsinə bəraət qazandırmağa çalışmışdı.

«Sərhədsiz Reportyorlar» Təşkilatının İran bürosunun rəhbəri Rza Moini hadisələrlə bağlı «Azadlıq» radiosuna müsahibə verib:

- İran hakimiyyəti müxalifətdəki bəzi şəxsləri telekanallara çıxararaq, etiraf etməyə məcbur edib. Siz hazırda telekanallardan yayılan etirafları necə qiymətləndirirsiniz?


- Bizim üçün hər şey aydındır. Biz illərdir ki, hakimiyyətin bu növ addımları haqda beynəlxalq ictimaiyyətə xəbərdarlıq etmişdik. İranın konstitusiyasına əsasən də, bu etirafların dəyəri yoxdur. Yəni, vəkil tərəfindən müdafiə olunmadan, işgəncə, qorxu və hədə vasitəsilə alınan etiraflar qanuna ziddir. İran xalqı da artıq bunu bilir ki, telekanallardan yayılan etiraflar oyundur.

- Aksiya zamanı boğazından güllələnmiş gənc xanım Neda Ağa Sultani haqda İran rəsmilərinin fikirləri səsləndi. Onlar bu hadisənin «xarici qüvvələrin ssenarisi» olduğunu bildirərək, Nedanı xilas etməyə cəhd edən və sonra Londona qaçan həkim Arəş Hecazini «İnterpol»a axtarışa verdiklərini bildirirlər. Siz bu haqda nə düşünürsüz?

- Gülüncdür, hansı ssenari? Hakimiyyət Neda xanımın qatilini axtarmaq yerinə, onun Bəsic (Könüllü İnqilabçı) tərəfindən güllələnməsinin şahidini məsuliyyətə cəlb etmək istəyir. Bildiyiniz kimi, Hecazi İrandan çıxandan sonra, Nedanın qətli haqda xarici medialara, xüsusilə də BBC-yə müsahibə verib. Nedanın qətli kameraya çəkilib və dünyada yayılıb. Bu, hakimiyyəti təşvişə salıb.

- İrandakı hadisələrlə bağlı məlumatlar əsasən, internetdə yayılan foto və videolar vasitəsilə xaricə çatdırılırdı. Bəs ölkə daxilində mətbuatın hadisələri əks etdirmə imkanlarını necə dəyərləndirirsiz?

- Hazırda, 1979-cu ildən indiyədək (İran İslam İnqilabından etibarən) analoqu olmayan təhlükəsizlik tədbirləri həyata keçirilir. İran kəşfiyyat qüvvələri bütün nəşr yerləri, qəzet redaksiyaları və medialarına tökülüb, xəbərlərin yayılmasına nəzarət edirlər. Xarici jurnalistlər ölkədən çıxarılıb və daxildəki medialara azad informasiya yaymağa qadağa qoyulub. Təbii ki, dünyada rezonans doğurmuş bir qətlin canlı şahidinin Qərb telekanallarına müsahibəsi, yaxud həmin mobil telefonlar vasitəsilə çəkilmiş videolar hakimiyyəti qorxudur.

Hakimiyyət mətbuatı məcbur edir ki, yalan informasiya yaysınlar, xarici qüvvələrin ssenarisindən danışsınlar və s. Bunların hamısı, seçkilərin özü kimi başdan-ayağa saxtadır və heç kim bunlara inanmır. Hakimiyyət inandıra bilməz ki, xalqa atəş açan qüvvələr polis deyilmiş. Bunu prezidentliyə namizəd Mehdi Kərrubi, Mir Hüseyn Musəvi, sabiq prezident Məhəmməd Xatəmi və həmin islam inqilabı sisteminin tərkib hissəsində olanların çoxu da bəyan ediblər.

- Sizcə, bu hadisələrə necə aydınlıq gətirmək olar və «Sərhədsiz Reportyorlar» Təşkilatı hansı addımları atır?

- Biz lap əvvəldən (13 iyunda aksiyaların başlandığı gündən) bəyanat yaymışdıq ki, etirazları fiziki zorakılıqla dağıtmaq düzgün deyil. Biz İran hakimiyyətindən azad mətbuatın fəaliyyətinə qadağa qoymamağı istəməklə paralel, Avropa Birliyi nümayəndələri və BMT Baş katibi Ban Ki Mundan da istəmişik ki, İranda hadisələrlə bağlı araşdırma heyəti göndərsinlər. Yalnız bu vasitə ilə məsələyə aydınlıq gətirmək olar.
XS
SM
MD
LG