Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:31

«Ermənistan Dağlıq Qarabağdan çıxan deyil»


İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun tədqiqat direktoru Svante Kornel
İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun tədqiqat direktoru Svante Kornel
Bu yaxınlarda Dağlıq Qarabağ sülh sazişi imzalana bilərmi? Bakıya- «Azərbaycan qlobal siyasətdə» beynəlxalq konfransına toplaşmış xarici ekspertlərin çoxu buna şübhəylə yanaşır. Son bir həftədə xalq diplomatiyası yenidən gündəmə gəlib, prezident İlham Əliyev Rusiyanın «Vesti» televiziyasına deyib ki, kompromis vaxtda əvvəlcə 5, beş il ərzində isə 2 rayon boşaldılacaq. Azərbaycan və Ermənistan prezidentlərinin iyulun ortalarında Moskva görüşündə saziş imzalanacağı barədə proqnozlar da səslənməyə başlayıb.

«RUSİYA ƏSL SİFƏTİNİ GÖSTƏRMƏLİDİR»

İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun tədqiqat direktoru Svante Kornel ümumiyyətlə Cənubi Qafqazda münaqişələrin tezliklə həll olunacağına şübhəylə yanaşır:

- Mən yaxın perspektivdə Cənubi Qafqazda münaqişələrin həll olunacağına nikbin baxmıram. Fikrimcə, münaqişələrin həll olunmamış qalması Rusiya xarici siyasətinin prioritetidir. Rusiya rəhbərliyi bundan faydalanır. Məncə, İlham Əliyev Rusiyanın enerji maraqlarının bir qismini ödəməklə düzgün iş görüb. Çünki bununla Rusiyadan münaqişənin həllində daha fəal və pozitiv iş tələb eləyə bilər. Görək Rusiya münaqişənin həlli üçün götürdüyü öhdəliyə əməl edəcəkmi?

- Belə çıxır ki, Rusiya ilə imzalanmış qaz sazişi Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir edə bilər?

- Rusiya həmişə bəyan eləyib ki, Qarabağ münaqişəsinə münasibəti Azərbaycanın xarici siyasətindən asılıdır. Son illər Azərbaycan Rusiyaya münasibətdə mehriban xarici siyasət yürüdüb. Moskvanın münaqişənin həlli üçün cəhdlərini artırmamağına əsas görmürəm. Rusiyanın Ermənistana təsiri böyükdür, Moskva istəsə münaqişənin həllində irəliləyiş eləyər. Düzdür, bu həllin nə dərəcədə Rusiyanın marağında olmasına şübhə edirəm, ancaq deyəsən, vaxtdır, onlar əsl sifətlərini göstərməlidirlər.

- Prezident İlham Əliyevin dediyi 5+2 formatını Azərbaycanın marağına uyğun hesab etmək olarmı?

- Məncə, indiki şəraitdə, bu, məntiqi güzəştdir. Çünki Laçın və Kəlbəcərin spesifik coğrafi mövqeyi var. Bu ərazilərin bərpası da bir gecənin işi deyil, uzun vaxt lazımdır. Ona görə də ilk olaraq beş rayonun azad edilməsi məntiqidir.

- Ölkə başçısı referendum barədə danışmır, ancaq status haqda həmişəki bəyanatlar səslənir. Sizcə status məsələsi necə həll olunmalıdır?

- Məncə, bunun üçün konkret vaxt qoyulmamalıdır. Qarabağda, ətraf rayonlarda vəziyyət normallaşsın, buna illər gərəkdir. Status məsələsi bir neçə il həll olunmamış qalsın, görək bu regionda əməkdaşlıq mühiti yaranacaqmı?

«QONŞU DÖVLƏTLƏR SÜLHMƏRAMLI OLA BİLMƏZLƏR»

- Rusiya sülhməramlıları yenidən regiona qayıda bilərmi? Cəmiyyətdə belə bir qorxu da var.

- Azərbaycan Rusiya sülhməramlılarına belə bir icazə versə, böyük səhv etmiş olar. Bunu tərcümə eləmək çətindir, ancaq rusca «sülhməramlılıq» həm də «piyadaları əlində saxlamaq» deməkdir. Biz sülhməramlıların Gürcüstanda törətdiklərini gördük, onlar münaqişədə fəallaşdılar, tərəf tutdular, Moldovada da rus sülhməramlıları mənfi imic qazandı. BMT-nin belə bir qaydası var ki, qonşu dövlətlər sülhməramlı funksiyasını yerinə yetirə bilməzlər. Azərbaycan-Ermənistan münaqişəsində bu prinsipə mütləq əməl olunmalıdır.

- Son bir həftədə Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin qarşılıqlı səfərləri olub. Bu səfərlər danışıqlar prosesinə necə təsir edə bilər?

- Çox böyük təsiri olacaq. İki cəmiyyət arasında inamsızlıq böyükdür. Təhsil, media sistemində bir-birinin düşmən obrazını yaradıblar. Danışıqlar prosesində istənilən irəliləyiş böyük xalq diplomatiyasından asılı olacaq.

«ERMƏNİSTAN DAĞLIQ QARABAĞDAN ÇIXANA OXŞAMIR»

Maykl Emerson
Belçikanın Avropa Araşdırmaları Mərkəzindən Dr.Maykl Emerson isə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında heç bir irəliləyiş görmür. O deyir ki, Ermənistan Dağlıq Qarabağ və bitişik ərazilərdən çıxana oxşamır, baxmayaraq ki, bu rayonların boşaldılması barədə ideya maraqlı səslənir.

- Mən eşitmişəm ki, Rusiya enerji və təhlükəsizlik müqavilələri əvəzində Dağlıq Qarabağı Azərbaycana verə bilər. Ermənistan buna razılaşacaqmı? Ancaq bir şeyi bilirəm ki, Azərbaycanla Ermənistanın əsas məsələdə mövqeyi heç uyğun gəlmir - Azərbaycan Dağlıq Qarabağı geri istəyir, Ermənistan isə ordan çıxan deyil. Münaqişə nə vaxtsa, bəzi güzəştlərlə həll oluna bilər, ancaq belə tezliklə yox.

«RUSİYASIZ REGİONDA SÜLH YOXDUR»

Sülhməramlı məsələsinə Tomas Qolts fərqli baxır
ABŞ-ın Montana Universitetinin professoru Tomas Qolts da nə vaxtsa sülh sazişinin imzalanacağına ümid edir, ancaq bu il bu sazişin bağlanması üçün fərqli şərait görmür. Rusiyanın bölgədə nüfuzuna gəlincə, deyir ki, Azərbaycan, ABŞ və Fransanın istəyib-istəməməsindən asılı olmayaraq, Rusiyasız bu regionda sülh yoxdur.

Sülhməramlı məsələsinə isə Tomas Qolts fərqli baxır:

- 1993-cü ildə rus qoşunları Qəbələ RLS istisna olmaqla Azərbaycandan çıxarılandan sonra bu ölkədə xarici əsgər olmayıb. Bu mövqe dəyişsə, mən çox məyus olaram.
XS
SM
MD
LG