Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:50

Jurnalistlər də Qarabağa getsinmi?


Nazir ziyalılarla yanaşı, jurnalistlərin də qarşılıqlı səfərlərinin vacibliyini vurğulayıb
Nazir ziyalılarla yanaşı, jurnalistlərin də qarşılıqlı səfərlərinin vacibliyini vurğulayıb
«Necə olur mənim oğlum, ziyalılarımız Qarabağa gedəndə, onların ofislərini dağıdırdılar, yumurtaya basırdılar. Amma indi xarici işlər naziri çıxıb jurnalistlərə təklif edir ki, siz gedin orda əlaqə yaradın».

«Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin atası Emin Fətullayev xarici işlər nazirinin təklifini qeyri-səmimi hesab edir.

Nazir Elmar Məmmədyarov Azərbaycan və Ermənistan ziyalıları ilə yanaşı, jurnalistlərin də qarşılıqlı səfərlərinin vacibliyini vurğulayıb. Emin Fətullayev isə deyir ki, oğlu məhz Dağlıq Qarabağa səfər etdiyinə və təəssüratları ilə bağlı yazdıqlarına görə 2 il yarım həbs cəzası alıb. İndi isə nazirin belə bir səfərin zəruriliyindən danışması Emin Fətullayevə görə anlaşılmazdır.

Emin Fətullayevlə yanaşı, işğal altında olan ərazilərə və Ermənistana səfər etdiyinə görə tənqidlərə məruz qalan digər jurnalist – Seymur Baycan da hökumətin mövqe dəyişikliyini anlaşılmaz hesab edir.

Amma Xarici İşlər Nazirliyindən deyirlər ki, heç nə dəyişməyib. Nazirliyin sözçüsü Elxan Poluxovun dediyinə görə, onlar həmişə icmalar arasında qarşılıqlı inam şəraitinin yaradılmasının tərəfdarı olublar. Problem sadəcə bu məqsədin həyata keçirilmə formasındadır:

«Yəni bu, kortəbii, bizim qanunvericiliyi pozan şəkildə həyata keçirilsə, sözsüz dövlət orqanları tərəfindən tənqidlə qarşılanacaq. Ancaq koordinasiya olduğu, qarşılıqlı marağa cavab verən formada keçirildiyi və icmalar arasında qarşılıqlı inam yaradılması istiqamətində iş olduğu halda biz həmişə çalışmışıq dəstək verək. Bu digər formada, yəni razılaşdırılmamış formada, dövlət qurumlarının məlumatı olmadığı halda və kortəbii halda həyata keçirildikdə neqativ hallara gətirib çıxara bilər».

Qarabağ Azadlıq Təşkilatı isə hansı formada və kimin getməsindən asılı olmayaraq bu cür səfərlərin əleyhinədir. Təşkilatın rəhbəri Akif Nağı deyir ki, onlar bir neçə il öncə bir neçə jurnalistin səfərinə etiraz etdikləri kimi, yaxın günlərdə ziyalıların da Dağlıq Qarabağ və Ermənistana getmələrinə qarşı çıxıblar. Hətta buna etiraz olaraq iyulun 8-də Xarici İşlər Nazirliyinin binası qarşısında aksiya da keçiriblər.

Xarici İşlər Nazirliyi isə etirazlara baxmayaraq, yaxın gələcəkdə jurnalistlərin işğal olunmuş ərazilərə səfərini planlaşdırmaq niyyətindədir. Nazirliyin sözçüsü Elxan Poluxov deyir ki, hazırda jurnalistlərin müraciətlərini gözləyirlər. Müraciətlər toplandıqdan sonra səfərin həyata keçirilmə yolları üzərində işləyəcəklər.

Dəfələrlə Ermənistan və işğal altında olan rayonlarda olan Seymur Baycan isə hesab edir ki, jurnalistin belə bir səfər üçün dövlətin icazəsinə və dəstəyinə ehtiyacı yoxdur. Onun fikrincə, bu yolla hökumət xalq diplomatiyasını nəzarət altına keçirməyə çalışır.

Qarabağa səfər təəssüratlarını yazdığına görə həbs olunan baş redaktor Eynulla Fətullayevin işinə isə artıq Avropa Məhkəməsində də baxılıb. İndi Fətullayevlər bu məhkəmənin qərarını gözləyirlər.
XS
SM
MD
LG