Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:46

«Belə bəyanatlar indiyə qədər çox səslənib»


Minsk Qrupunun Rusiya, Fransa və Amerikadan olan həmsədrlərinin Bakıda mətbuat konfransı, 10 iyul 2009
Minsk Qrupunun Rusiya, Fransa və Amerikadan olan həmsədrlərinin Bakıda mətbuat konfransı, 10 iyul 2009
ATƏT-in Minsk Qrupunun Rusiya, Fransa və Amerikadan olan həmsədrləri Bakıda mətbuat konfransı keçirdiyi ərəfədə Böyüu Səkkizliyin İtaliyadakı sammitində sözügedən ölkələrin prezidentləri birgə bəyanatla çıxış ediblər. Bəyanatda Azərbaycan və Ermənistan prezidentləri qalan bir neçə fikir ayrılığını aradan qaldırmağa və sülh sazişini yekunlaşdırmağa çağırılır.

Bəyanatda deyilir ki, prezidentlər prinsipcə, baza prinsipləri ətrafında fikir ayrılıqlarını azalda və baza ideyalarına razılaşa biliblər.

Madrid sənədində göstərilən və bu gün Minsk Qrupu həmsədrlərinin bəyanatında təsdiqlənən prinsiplərindən biri kimi «Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması və Dağlıq Qarabağın müvəqqəti statusu, təhlükəsizliyinin və özü-özünü idarə edə bilməsinin təminatı» qeyd olunur.

«BELƏ BƏYANATLAR İNDİYƏ QƏDƏR ÇOX SƏSLƏNİB»

Politoloq Arif Yunus həmsədr ölkələrin rəhbərlərinin birgə bəyanatının sülh sazişinin imzalanmasını tezləşdirəcəyinə inanmır. O, hesab edir ki, bu məcburiyyət xarakteri daşımayan bir sənəddir. Onun sözlərinə görə, belə bəyanatlar indiyə qədər çox səslənib:

«Bunu təklif kimi qəbul etmək lazımdır. Həmsədr ölkələr münaqişə tərəflərinə müraciət edirlər ki, problemi sülh yolu ilə həll etmək lazımdır, vəssalam. Mən inanmıram ki, Moskvada Madrid prinsipləri adlandırılan sənədə qol çəkilsin».

Prezidentlərin iyulun ortasında Moskva görüşündə hər hansı sazişin imzalanacağını heç Bakıda səfərdə olan həmsədrlər də gözləmir. Rusiyalı həmsədr Yuri Merzlyakov hesab edir ki, hər halda onlar əmindilər ki, bu görüş münaqişənin həlli istiqamətində baza prinsiplərilə bağlı razılaşmada irəliyə doğru mühüm addım ola bilər:

«Düzünü deyim indiki mərhələdə Moskvada sənəd imzalanması planlaşdırılmır. Bu o demək deyil ki, bu baş verə bilməz. Misal üçün Moskva bəyannaməsi imzalanma üçün planlaşdırılmırdı. Amma son anda prezidentlər onu imzalamaq qərarına gəldilər. Çərçivə sazişinə gəldikdə, biz bu barədə də deyə bilmərik ki, bunu prezidentlər imzalayacaq və ya dəstəkləyəcək. Ola bilsin ki, bu bəyannamə, razılaşma və ya hansısa formada olsun, amma bu dəqiq sülh razılaşması formasında olmayacaq. Razılaşma prinsiplər əsasında və bəndlərlə ayrıca olacaq».

Arif Yunusa görə, hətta Azərbaycan və Ermənistan prezidentlərinin ən uğursuz görüşlərindən sonra da danışıqlarda müəyyən irəliləyişlər olduğu barədə bəyanatlar yayılması köhnə bir məsələdir.

Politoloq Mübariz Əhmədoğlu isə bu bəyanatı indiyə qədərkilərdən daha konkret bir bəyanat sayır. O, hesab edir ki, bəyanatda səslənən mərhələli həll Azərbaycanın səsləndirdiyi bir məsələdir. Amma bu sənəddə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması qeyd olunsaydı, daha yaxşı olardı:

«BELƏ BİR BƏYANAT 11 İL ƏVVƏL DƏ VERİLMİŞDİ»

Vaxtilə Dağlıq Qarabağ danışıqlarında yaxından iştirak edən sabiq dövlət müşaviri Vəfa Quluzadə isə deyir ki, belə bir bəyanatla 1998-ci ildə həmsədr ölkələrin keçmiş prezidentləri də çıxış etmişdilər:

«Belə bir bəyanatı 11 il əvvəl ABŞ prezidenti Bill Klinton, Rusiya prezidenti Boris Yeltsin və Fransa prezidenti Jak Şirak birgə vermişdilər. Heç bir nəticəsi olmadı. Bəyanatlar vermək yaxşıdır, amma nəticəsi olsa».

Amma Azərbaycan və Ermənistan prezidentlərinin iyulun 17-də Moskvada keçirəcəyi görüşlə bağlı regiona səfər edən həmsədrlər hər iki ölkə rəhbərliyinin bu görüşün nəticə verəcəyinə inamlı göründüklərinin deyirlər.

Yuri Merzlyakov ötən gün Ermənistan mətbuatının cəbhə xəttindən snayperlərin geri çəkilməsilə bağlı ona istinadən yaydığı məlumatları təsdiq edib. Onun sözlərinə görə, snayperlərin geri çəkilməsilə bağlı Ermənistan və Qarabağ rəhbərliyi razılığını bildirsə də, Azərbaycan rəhbərliyindən belə bir razılıq hələ də alınmayıb.

XALQ DİPLOMATİYASI TƏKLİFİ AZƏRBAYCAN RƏHBƏRLİYİNDƏN GƏLİB

Xalq diplomatiyasına gəlincə, rusiyalı həmsədr bu təklifin səfirlər və ya həmsədrlər tərəfindən yox, Azərbaycan rəhbərliyindən gəldiyini, qarşı tərəfin də bunu qəbul etdiyini bildirdi.

Fransalı həmsədr Bernar Fasie isə deyir ki, avqust fasiləsindən sonra ilin sonuna qədər ümumilikdə bütün baza prinsipləri ilə bağlı razılıq əldə etməyə ümid bəsləyirlər. Onun sözlərinə görə, bu halda növbəti il bu prinsiplərin sülh müqaviləsi layihəsinə qəbul edilməsinə imkan yaradacaq.

Dağlıq Qarabağın azərbaycanlı icmasının da müəyyən mərhələdə danışıqlara cəlb olunmasının mümkünlüyünə gəlincə, cənab Merzlyakov hesab edir ki, bu, Azərbaycan nümayəndələrinin istəyindən asılıdır. Əgər istəyərlərsə, bu, mümkün bir məsələdir.
XS
SM
MD
LG