Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:22

«İstintaqın bu şəkildə aparılmasına bəraət yoxdur»


«Həmməruzəçi olduğum üçün təəssüf ki, bu məsələni nəzarətdə saxlamalıyam»
«Həmməruzəçi olduğum üçün təəssüf ki, bu məsələni nəzarətdə saxlamalıyam»
«Adnan Hacızadə ilə Emin Millinin bu şəkildə saxlanmasına, həbs müddətinin artırılmasına və istintaqın bu şəkildə aparılmasına əlbəttə heç cür bəraət qazandırıla bilməz».

AŞPA-nın Azərbaycan üzrə həmmurəzəçisi Andres Herkel «Azadlıq» radiosuna açıqlamasında belə deyib. O, ötən həftə «Livan» restoranında döyülən və sonradan barələrində cinayət işi qaldırılan AN və OL gənclər təşkilatlarının fəalları Adnan Hacızadəylə Emin Millinin həbsinə münasibət bildirib.

«HADİSƏLƏR ÇOX QARIŞIQDIR»

- Mən bu gənclərlə bağlı müxtəlif mənbələrdən məlumat almışam. Məndə olan məlumatlara əsaslanıb deyə bilərəm ki, onların bu şəkildə saxlanmasına, həbs müddətinin artırılmasına və istintaqın bu şəkildə aparılmasına əlbəttə heç cür bəraət qazandırıla bilməz. Ələlxüsus da nəzərə alsaq ki, restoranda nə baş verdiyi sona kimi bəlli deyil.

Əlbəttə, mənim üçün uzaqdan-uzağa baş verənləri qiymətləndirmək çətindir. Hadisə özü də çox qarışıqdır və bu yöndə işləmək, informasiyalar əldə etmək lazımdır. Kütləvi mənbələrdən aldığım məlumatlardan hələ ki, dəqiq bir şey başa düşməmişəm.

- Bu gənclər həm də internet fəalları, bloq müəllifləri kimi tanınır. Hökumətsə ötən ay internetə nəzarət məsələsini gündəmə gətirmişdi. Sizcə, bu hadisə bəzilərinin dediyi kimi Azərbaycanda internet fəallarına təzyiqlərin başlanğıcı kimi qiymətləndirilə bilərmi?

- Mən bunu deyə bilərəm ki, internet yeni-yeni imkanlar açır. Bu bəzən də hakimiyyətin narazılığına, qınaqlarına səbəb olur. Və bu üzdən də onlarda interneti nəzarətə götürmək niyyəti, müəyyən anlaşılmazlıq yarana bilər. Amma hökumət yalnız xüsusi xidmət orqanlarını maraqlandıra biləcək məlumatlar yayıldıqda işə qarışmalıdır. İndiki halda isə bu oğlanların (Adnan Hacızadə və Emin Milli – Ş.B.) fəaliyyətinin təhlükə doğuracağı ilə bağlı ortada konkret dəilil və ya məlumat yoxdur.

«MƏSƏLƏNİ NƏZARƏTDƏ SAXLAYACAĞAM»

- Bu məsələni nəzarətdə saxlayacaqsınızmı?
- Həmməruzəçi olduğum üçün təəssüf ki, bu məsələni nəzarətdə saxlamalıyam. Saxlayacağam da. Düzdür, istintaq tez zamanda başa çatsa və onları buraxsalar, buna ehtiyac qalmayacaq. Amma vəziyyət indiki kimi davam edərsə, bu məsələni əlbəttə izləyəcəyəm.

«ÜMİD EDƏK…»

- Azərbaycanda mətbuat günü ərəfəsində həbsdəki jurnalistlərin əfvi gözlənir…
- Ümid edirəm ki, jurnalistlərlə bağlı məsələ müsbət yöndə həll ediləcək. Xüsusən də o jurnalistlər ki, həbsləri şübhə doğurur və bir çoxunun işi Avropa İnsan Haqları Məhkəməsinə göndərilib. Bu da ölkənin imicinə mənfi təsir göstərir.

«SƏFƏRLƏ BAĞLI PROBLEM VAR, AMMA…»

- Yaxın vaxtlarda Bakıya səfəriniz gözlənirmi?
- İndilik bununla bağlı qərar yoxdur. Növbəti səfərlə bağlı bir problem var. Həmməruzəçilərdən biri Jivkovanı kimin əvəzləməsi hələ ki məlum deyil. Amma iş davam edir. Mən yəqin ki, daha çox Strasburqda və ya Parisdə işləməli olacağam. Bildiyimə görə, «Qeyri-hökumət təşkilatları haqda» qanun daha yaxşı variantda qəbul edilib. Amma bununla belə, bütün məsələlərlə məşğul olacağıq.

Gənclərin həbsi ilə bağlı şərhiniz varsa Forumda iştirak edə bilərsiniz
XS
SM
MD
LG