Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:27

«Azərbaycanda hər şey gözləmək olar»


«Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov
«Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov
Azərbaycanda fəaliyyət göstərən bir qrup gənclər təşkilatı Adnan Hacızadə və Emin Millinin azadlığa buraxılması tələbi ilə imza toplayırlar. Gənclərin Müdafiə Hərəkatının üzvü Ramin Hacılı deyir ki, imzalar toplanıb prezident İlham Əliyevə göndəriləcək:
«Gələn həftədən bir sıra tədbirlər silsiləsi planlaşdırmışıq. Bura aksiyalar da daxildir. Təəssüf ki, biz indi bunu açıqlaya bilmirik. Açıqlasaq polis aksiyaların keçirilməsinə imkan verməyəcək…»

VALİDEYNLƏRLƏ GÖRÜŞƏ İCAZƏ VERİLMİR…

Adnanın atası Hikmət Hacızadə oğlu ilə görüşmək üçün istintaqa müraciət edib. Ancaq hələ ki, ona icazə verilməyib. Vəkillərdən Elton Quliyev isə iyulun 17-də «Yeni Müsavat» qəzetinin redaksiyasında olaraq həbsdə olan gənclərin təkziblərini çatdırıb.

«Yeni Müsavat» qəzetinin 15 iyul tarixli sayında dərc edilən bir məqalədə adının çəkilməsini istəməyən bir mənbəyə istinadən qeyd edilirdi ki, hakimiyyət düşərgəsində dolaşan fikirlərə görə Qərb Azərbaycanda narıncı inqilab planlaşdırır. Bundan ötrü də Adnan Hacızadə və Emin Millidən istifadə edirlər. Elton Quliyevin deməsinə görə, o müdafiə etdikləri gənclərin adından qəzet rəhbərliyinə çatdırıb ki, bu məlumatlar heç bir həqiqətə söykənmir:

«Qəzet əgər hansısa mənbəyə istinad edib bir informasiya verirsə, o informasiyada adları çəkilən və o informasiyanın səhv olduğunu deyən insanların fikirlərini çatdırırıq. Çünki adı çəkilməyən mənbənin informasiyası subyektiv ola bilər. Bu gənclər heç vaxt inqilab tərəfdarı olmayıblar.
Onlar təkamül tərəfdarlarıdır».

Elton Quliyev ümid edir ki, onların bu təkzibini qəzet növbəti sayında dərc edəcək.

«Yeni Müsavat» qəzetinin 17 iyul tarixli sayında xəbər xidməti imzası ilə gedən bir məqalədə qeyd edilir ki, onların təkzib edəcəyi bir şey yoxdur. Lakin həbsdə olan gənclərdə yaranmış rəyi nəzərə alaraq redaksiya istənilən təkzib və etiraz məktubunu dərc etməyə hazırdır. Ancaq məsələ tək təkzibdə deyil. İndi bəzi müşahidəçiləri bir sual düşündürür.

GƏNCLƏRƏ ƏLAVƏ SİYASİ İTTİHAMLAR İRƏLİ SÜRÜLƏ BİLƏRMİ?

«Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov deyir ki, həbsdəykən jurnalist Eynulla Fətullayevə qarşı terrora çağırışla bağlı uydurma ittihamın irəli sürülməsi göstərdi ki, Azərbaycanın hüquq mühafizə orqanlarından istənilən absurd ittihamlar gözləmək olar. Ancaq o hətta belə hal olarsa belə bunun hakimiyyətə uğur gətirəcəyinə inanmır:

«Həmin ittihamları sübuta yetirmək qeyri mümkün olduğundan hakimiyyətin manevr imkanları daralar. Bu gənclər vicdan məhbusu statusu alarlar. Yəni sağlam düşüncə ilə çıxış etsək belə bir şey hakimiyyətin maraqlarına uyğun deyil. Ancaq Azərbaycanda hər şey gözləmək olar».

Rauf Mirqədirov düşünür ki, gənclərin şərlənərək xulqanlıqda ittiham edilməsi də elə hakimiyyətin məsələni siyasiləşdirmək istəmədiyindən irəli gəlir. Əks halda gənclərə qarşı əsassız siyasi ittihamlar irəli sürmək elə də çətin olmazdı.
XS
SM
MD
LG