Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:31

«Nabucco» həyəcanı


«Nabucco» ilə bağlı sazişin imzalanması mərasimi, Ankara, 13 iyul 2009
«Nabucco» ilə bağlı sazişin imzalanması mərasimi, Ankara, 13 iyul 2009
İyulun 10-da Ankarada «Nabucco» layihəsi üzrə saziş imzalanandan sonra maraqlı ölkələrin mediasında layihə ilə bağlı müxtəlif fikirlər səslənməkdədir. Türkiyənin «Hürriyyət» qəzeti yazır ki, əsas məqsəd Türkiyə ərazisindən Avropaya təbii qaz daşınması olsa da, bu qazın mənbəyi hələlik dəqiq bilinmir. Qəzet onu da vurğulayır ki, Türkiyə «Nabucco»dan ehtimal etdiyi dividenti qazana bilməyəcək:

TÜRKİYƏNİN «NABUCCO» GÖZLƏNTİLƏRİ

«Rusiya son anda Ermənistan sərhədinə görə yaranan anlaşmazlığımızdan istifadə edib Azərbaycan qazını, yəni boru xətti üçün ən çox bel bağlanan qazı almaq üçün saziş imzaladı. Azərbaycandan hələ də qaz gəlmə ehtimalı yoxdurmu? Təbii ki, var - ancaq qaz miqdarı hələlik bəlli deyil.
Xülasə, oyunu yaxşı oynaya bilmədik. «Tranzit ölkə olmayacağıq, bu layihə sayəsində dünya enerji oyununun önəmli bir aktyoru halına gələcəyik»- dedik. «Qazı biz alıb Avropaya satarıq» – dedik. Ancaq bunları edə bilmədik. Yəni, burada da sadəcə iddialı sözlər dedik, prosesi idarə edə bilmədik və sadəcə boru xəttinin böyük bir bölümünün keçəcəyi tranzit bir ölkə olmaqdan qurtula bilmədik».

«Miliyyət» qəzeti isə yazır ki, Türkiyə enerji oyununda Azərbaycan kartından istifadə edə bilmədi:

«Srağagün ABŞ səfirinin rəsmi iqamətgahında prezident Barak Obamanın Qafqaz bölgəsi üzrə xüsusi enerji təmsilçisi Riçard Morninqstarla söhbət etdik. Morninqstar bu saziş mərasiminə İlham Əliyevin niyə gəlmədiyinə dair suallara cavab verərkən, onun daha əvvəldən müəyyənləşdirilmiş və təxirə sala bilmədiyi London səfəri olduğunu, bu məsələnin üzərində çox da durulmamasının lazım gəldiyini dedi.

Ancaq bilirik ki, Ermənistan sərhədinin açılmasıyla bağlı son anlaşmazlıq olmasaydı, Əliyev mütləq Ankaraya gələrdi.

Azərbaycan sadəcə «Nabucco» üçün deyil, bütün dünya enerji oyunu üçün kilid vəziyyətində olan bir ölkədir. Yəni, Türkiyə «qardaşı» saydığı Azərbaycan kartından bu böyük oyunda söz sahibi ola bilmək üçün istifadə edə bilərdi-ancaq bunu edə bilmədi. Hökumətin prosesi yaxşı idarə edə bilməməsinə görə Azərbaycanla aramıza ciddi bir məsafə girdi və bu durum ölkənin mənafeyinə mənfi təsir göstərir.

Bu layihələrin hamısında Azərbaycan qazı kilid rolu oynayır. Ancaq Türkiyə oyunu yaxşı oynaya bilmədiyinə görə, Rusiya keçən ay Azərbaycanla ilk təchizat sazişi imzaladı. Beləliklə, Azərbaycan qazı üçün qiymət təşəbbüsünü Rusiya ələ keçirdi. Halbuki Türkiyə prosesləri yaxşı görsəydi Azərbaycanla da Azərbaycan qazı üçün qiymət təşəbbüsünü ələ alacaqdı.

LAYİHƏNİN SİYASİ YÜKÜ

«Axşam» qəzetinin «Nabucco» ilə bağlı şərhində qışın şaxtasında Avropanı soyuqdan titrədən Rusiyanın maraqlarını titrətmək iqtidarında olmadığı bildirilir:

«Sazişdə imzası olmamasına baxmayaraq bu layihənin əsas memarı ABŞ-dır. Bakı-Tiflis-Ceyhan boru xətlərində olduğu kimi. ABŞ-ın enerji siyasətinin təməl daşlarından biri AB-nin Rusiyadan enerji asılılığını azaltmaq, digəri isə Xəzər hövzəsindəki ölkələrə rus boru xətlərindən kənarda alternativ enerji kanalları yaratmaqdır.

Ancaq AB-nin Rusiyadan olan asılılığını azaltmaq asan deyil. Rusiya dünyanın ən böyük qaz ehtiyatlarına sahibdir. Orta Asiyadan çıxan qazın bir bölümü də Avropaya Rusiya ərazisindən göndərilir. Moskvanın Türkmənistan və Azərbaycan kimi «Nabucco»nu qazla təchiz etməsi gözlənilən ölkələri əlindən qaçırmağa heç niyyəti yoxdur.

AB dəstəklədiyi «Nabucco»nun məqsədi Rusiyanı bir kənara itələmək deyildir. Qaz təchizatının variantlarını artırmaqdır. Xəttin böyük bölümünün Türkiyədən keçməsinin ölkəmizə verəcəyi strateji önəmi o qədər də böyütməmək lazımdır».

«NABUCCO» XƏYAL, YOXSA REALLIQ?

Saziş imzalanandan «Nabucco» Rusiya mətbuatının da gündəmindən düşmür. «Kommersant» yazır ki, 3,3 min kilometrlik kəmərlə bağlı saziş imzalansa da bu onun tezliklə reallaşacağı anlamına gəlmir:

«İdeya çoxdan yaransa da sazişin belə ləng imzalanması onu göstərir ki, tərəfdarlarda bu məsələnin necə reallaşacağı ilə bağlı aydın təsəvvür yoxdur. Türkiyə qabaqcadan təkid edirdi ki, kəmərlə keçəcək qazın 15 faizi daxili ehtiyacların ödənməsi üçün Türkiyədə qalsın. Türkiyə bu iddiadan əl çəkəcəkmi? Avropa Birliyi Türkiyənin bu tələbinə nə deyəcək? «Nabucco»nun taleyi bu sualların cavabından çox asılıdır».

«İzvestiya» isə iqtisadi böhranın bu layihənin gerçəkləşməsi üçün böyük maneə olduğunu yazır:

«Əgər işlər planlaşdırıldığı kimi getsə, Avropa dörd ildən sonra Rusiyadan keçməyən kəmərlə qaz ala biləcək. Hələlik isə sazişə imza atanlar onun reallaşması üçün gərəkli 11 milyard dolları, ən əsası isə kəmərdən keçməli olan təbii qazı tapmalıdır.

KƏMƏRƏ QAZ TAPILACAQ?

«Kommersant» isə yazır ki, «Nabucco» ideyası 1990-cı illərdə yaransa da o, hələ indiyə qədər reallığa bu qədər yaxın olmayıb:

«Soyuq qış Avropanı enerji təhlükəsizliyi məsələsi haqda ciddi düşürməyə vadar edir. Ancaq indi layihənin reallaşması üçün texniki-iqtisadi əsaslanmanı hazırlamaq, maliyyə qaynağı tapmaq gərəkdir.
Ancaq bunun üçün Ankara ən azı altı təbii qaz firması ilə anlaşma əldə etməlidir. Həm də bunun üçün maraqlı dövlətlərin başçıları siyasi iradə nümayiş etdirməlidirlər. Yalnız bundan sonra layihə beynəlxalq status ala bilər.
Ancaq ən böyük problem tələb olunan təbii qazın haradan əldə ediləcəyidir. Qabaqlar İranın qaynaq ölkələrdən biri olacağı düşünülürdü. İndi Avropanın İranla münasibətləri xeyli gərgindir. Siyasi münasibətlərin «Nabucco»ya təsiri isə danılmazdır.

Qazeta.ru İnternet qəzeti də yazır ki, Rusiyanı ən çox maraqlandıran qaynaq ölkələrdə yetərincə təbii qazın tapılıb-tapılmayacağıdır:

«Almaniya kansleri Angela Merkellə görüşündə Rusiya prezidenti «Nabucco»ya uğurlar arzulayıb. Prezident bildirib: «Rusiya «Nabucco»nun Avropanın enerji təhlükəsizliyi üçün önəmli olduğunu çox gözəl anlayır. Ancaq indiyə qədər heç kim məni başa sala bilməyib ki, bu kəmər üçün qaz haradan alınacaq».
XS
SM
MD
LG