Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:38

«Əbu Bəkr»in bağlanması dövlətə sərf etməz»


«Əbu Bəkr» məscidinin imamı Qamət Süleymanov
«Əbu Bəkr» məscidinin imamı Qamət Süleymanov
«Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi «Əbu Bəkr» məscidinə qarşı qərəzlidir və bu məscidin bağlanması dövlətə sərf etməz».

«Əbu Bəkr» məscidinin imamı Qamət Süleymanov «Azadlıq» radiosuna belə deyib. O, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun APA İnformasiya Agentliyinə məscidlə bağlı dediklərini şərh edib. Komitə sədrinin dediyinə görə:

«Dövlət Komitəsi heç bir məscidin, o cümlədən «Əbu Bəkr» məscidi kimi tanınan Cümə məscidinin fəaliyyətinin dayandırılmasında maraqlı deyil, ancaq mövcud reallıqlar bunu diktə edir. Nəzərə alınmalıdır ki, məsciddə qanlı hadisə baş verib, insanlar həlak olub».

Qamət Süleymanov isə əmindir ki, «Əbu Bəkr» məscidi Azərbaycanda radikallığa böyük iş görüb. Və bu məscidin bağlanmağı heç də dövlətə sərf etmir.

- Nə mənada sərf etmir? Bu gələcəkdə radikalların əl-qolunu aça bilər yəni?

- Əlbəttə. «Əbu Bəkr» yeganə yeriydi ki, radikallığa qarşı mübarizə aparırdı. Başqa belə yer yoxdur. Sadəcə, mən düşünürəm ki, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi bizə qaşı qərəzlidir və məscidi açmaq istəmirlər.

- Amma komitə sədri deyir ki, heç bir məscidin bağlanmasında maraqlı deyil, sadəcə, reallıq bunu diktə edir.

- Hər şey göz qabağındadır. Bəzi məscidlər bağlanıb, bəziləri sökülüb, bəzilərinin açlımasına problem yaradılıb. Hər şey göz qabağındadır. Məscidin bağlanması daha çox terrorçuları sevindirir. Həmçinin onlara şərait yaradılır. Onlar fikirləşir ki, Azərbaycanda bir yeri, xüsusən də dini qurumu bağlamaq üçün oranı partlatmaq bəs edir. Əksinə məscidi açmaq lazımdır. Məncə, bu bizə qarşı qərəzli hərəkətdir… Biz gözləyirik. Qanun çərçivəsində nə imkan var ondan istifadə edirik və edəcəyik.

Məhkəməyə müraciət etmişik. Heç istəməzdik məsələ Avropa İnsan Haqları Məhkəməsinə qədər getsin. Məscidin bağlanmasından bir ilə yaxın vaxt ötür. Hamı narahatdır ki, məscid niyə açılmır. Azərbaycanda bizə qarşı hərəkat başlanıb. Bu problem həll olunmasa, gələcəkdə yaxşı nəticələr vəd etmir. O biri məscidlərdə də problem yarana bilər.

- Məscidin açılmaması hansı problemə yol aça bilər ki? Yəni «Əbu Bəkr» camaatının narazılığına, hiddətinə səbəb ola bilər?

- Yox. «Əbu Bəkr» kimi məscidlər çoxdur, onlar da fəaliyyətlərini davam etdirəcəklər. Sadəcə, biz istəyirik ki, məscidimizi açaq. Vəssalam. Çalışmaq lazımdır ki, Ramazan bayramına kimi məscid açılsın, bir il bağlı qaldı bəsdi…
XS
SM
MD
LG