Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:58

«Qarabağ» növbəti mərhələnin bir addımlığındadır...


«Qarabağ» «Honka»yla cavab oyununu avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Foto Qol.az portalına məxsusdur
«Qarabağ» «Honka»yla cavab oyununu avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Foto Qol.az portalına məxsusdur
Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda Helsinkidə «Honka»nın qonağı olan Ağdamın «Qarabağ» komandası meydan sahiblərinə 0:1 hesabı ilə qalib gəlməklə Avropa Liqasının növbəti mərhələsinə çıxmaq yolunda ciddi addım atıb. Dünənki oyunu Azərbaycanın futbol ictimaiyyəti indi bu cür qiymətləndirir. Oyunun 69-cu dəqiqəsində Elvin Məmmədovun vurduğu qol «Qarabağ»ın Bakıda keçirəcəyi cavab oyununda da qələbə qazanmaq, bununla da növbəti mərhələyə çıxmaq şansını artırıb.

«YERLİ FUTBOLÇULAR ÖZ SÖZÜNÜ DEYİR»

Veteran futbolçu İsgəndər Cavadovun da «Qarabağ»ın dünənki oyunundan sonra ümidləri artıb:

«Uşaqları təbrik edirəm. İstərdim ki, bütün klublar beynəlxalq oyunlarda öz sözlərini onlar kimi deyə bilsinlər. Bu gün bu cür oyunlar bizim üçün çox vacibdir. Komandalarımız nə qədər belə yüksək oyunlar göstərsələr, reytinq də qalxacaq, uşaq futbolu da inkişaf edəcək. Həm də sevindirici odur ki, yerli futbolçular öz sözünü deyir. Baxmayaraq ki, başqa klublarda əcnəbi çoxdur, «Qarabağ» komandasında daha çox yerli futbolçular oynayır. Uşaqlar əsl komanda oyunu göstərirlər».

Veteran futbolçu növbəti oyunlarda «Qarabağ»ı daha çətin oyunlar gözlədiyi üçün müdafiə və hücuma diqqət yetirməyi tövsiyə edir.

«Qarabağ»ın dünənki qələbəsindən sonra Azərbaycan UEFA-nın illik əmsallar cədvəlində 53 ölkə arasında 35-ci yerə çıxıb. Komanda Bakıya bu gün səhər 7-də gəlib. «Qarabağ»ın qapıçısı Fərhad Vəliyev dünənki oyunun çətin keçdiyini deyir:

«ƏLİMİZDƏN GƏLƏNİ EDƏCƏYİK»

«Birinci hissə bizim üçün bir az ağır keçdi. Qapımızın ağzında rəqib komanda təhlükəli vəziyyətlər yaradırdı. Ancaq müdafiə inamlı oynadı. İkinci hissədə isə futbolçularımız yaxşı oyun nümayiş etdirdi. Nəticədə çox gözəl qol vurduq. Cavab qarşılaşmasına da ciddi hazırlaşırıq. Çalışacağıq ki, azarkeşlərimizin qarşısında növbəti qələbə qazanaq. Məqsədimiz də növbəti mərhələyə adlamaqdır. Qrup mərhələsinə düşmək üçünsə əlimizdən gələni edəcəyik».

«Qarabağ»ın futbolçusu Vüqar Nadirov da deyir ki, «Honka» onlar üçün zəif rəqib deyildi. Komanda ucaboylu futbolçulara malik olduğundan qarşılaşma asan keçməyib. Vüqar Nadirov da «Qarabağ»ın növbəti mərhələyə adlayacağına ümid edir:

«Oyun asan olmadı. Ancaq biz ora qələbə üçün getmişdik. Yarısını elədik. Digər yarısına da Allah qoysa, Bakıda nail olarıq. Çalışacağıq ki, mərhələni adlayaq».

Futbol şərhçiləri isə növbəti mərhələlərin «Qarabağ» üçün asan olmayacağını düşünürlər. «Futbol plyus» qəzetinin redaktoru Mahir Rüstəmov deyir ki, əsas səbəb komandanın heyətiylə bağlıdır:

«TƏKCƏ MÜDAFİƏYLƏ İŞ BİTMİR»

«Bizdə yaxşı məsəl var, deyir, iştaha diş altındadır. «Qarabağ» heç kimin gözləmədiyi halda «Rusenborq»u mübarizədən kənarlaşdırandan sonra bu mərhələdə bizim komandanın işinin daha asan olacağını düşünürdük. Elə də oldu. «Qarabağ» «Honka»ı məğlub elədi. Fikrimcə, «Qarabağ» növbəti mərhələyə çox yaxındır. Səfərdəki qələbədən sonra mübarizəni bitirmək bizim üçün çox ağır zərbə olar. Ancaq «Honka»nı keçəndən sonra «Qarabağ»ın işi kifayət qədər çətin olacaq. Çünki bu heyətlə böyük uğurlar qazanmaq çətindir. Əgər irəlidəki futbolçulardan biri zədələnsə, onu əvəz edəcək oyunçu yoxdur. Təkcə müdafiəylə iş bitmir».

Futbol şərhçisi deyir ki, bununla belə heyətə bir yüksək səviyyəli hücumçu cəlb olunarsa, qrup mərhələsi barədə düşünməyə başlamaq olar.

«Qarabağ» «Honka»yla cavab oyununu avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Cavab görüşündə Ağdam klubunu heç-heçə də qane edəcək.
XS
SM
MD
LG