Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:37

«Putin məni bədənimin müxtəlif hissələrindən asmağı vəd etmişdi»


Georgia -- President Mikheil Saakashvili speaks at the Mukhrovani military base, 05May2009
Georgia -- President Mikheil Saakashvili speaks at the Mukhrovani military base, 05May2009
“Rusiyanın baş naziri Putinin məni bədənimin müxtəlif hissələrindən asacağı haqda təmtəraqlı vədlərinə baxmayaraq, mən hələ də prezident otağında otururam.

Gürcüstanın hələ də ayaq üstə dura bilməsi – bir möcüzədir. Putin elə bir adamdır ki, belə vədləri verməkdə və onları yerinə yetirməkdə qərarlıdır.

Biz qətiyyən illüziyalarla yaşamırıq ki, o mənimlə bağlı vədindən əl çəkib. O, Rusiya siyasətində qaldıqca, buna cəhd göstərməkdə davam edəcək”.

Gürcüstan prezidenti Mixail Saakaşvili bunları Röyters agentliyinə müsahibəsində deyir. Müsahibə Rusiya-Gürcüstan müharibəsinin bir ili tamam olan ərəfədə götürülüb.

SAAKAŞVİLİ QƏRBİ DƏ İTTİHAM EDİR

Keçən il avqustun 7-dən 8-ə keçən gecə Gürcüstan ordusu özünün separatçı Cənubi Osetiya bölgəsinə müdaxilə etmişdi, Rusiya isə ordakı sülhməramlılarını qorumaq adıyla nəinki Cənubi Osetiyanı, separatçı bölgədən kənar bir xeyli əraziləri də nəzarət altına almışdı.

Saakaşvili öz müsahibəsində deyir ki, Rusiya hələ də Gürcüstan dövlətçiliyini məhv etməkdə qərarlıdır.

O, Qərb ölkələrini də tənqid edib ki, onlar öz enerji maraqlarını əsas tutaraq və Rusiyanı qəzəbləndirmək istəmədikləri üçün Rusiyanın Gürcüstana qarşı təcavüzünə sərt reaksiya verməyiblər. Amma Gürcüstan prezidenti onu da etiraf edir ki, başqa dövlətlərin münaqişəyə cəlb olunması beynəlxalq böhrana gətirib çıxara bilərdi.

Rus tankları Tsxinvalidə Rusiyanın baş naziri Putinin portreti olan küçədən keçir. 20 avqust 2008
Saakaşvili Röyters agentliyinə verdiyi müsahibədə onu da deyir ki, beynəlxalq ictimaiyyət uzun müddət Cənubi Osetiya və Abxaziya rejimlərinin gürcülərə qarşı yönələn, gürcüləri separatçı bölgələrdən qovmağa istiqamətlənən siyasətinə biganə qalıb.

“Bir çox mənalarda dünya keçən il burda baş verən kütləvi qətllərə və etnik təmizləməyə biganə qaldı. Eləcə də uzdəniraq Rusiya sülhməramlılarının əməllərinə.

Həmin sülhməramlıların işi – faktiki işğalın bir forması idi. Biz sonradan əyani şəkildə bunun şahidi olduq”.

“RUS QOŞUNLARI YENƏ GÜRCÜSTANIN İÇƏRİLƏRİNƏ DOĞRU SOXULUR”


Saakaşvili deyib ki, bütün təhlükələrə baxmayaraq Gürcüstan demokratik dövlət quruculuğunu davam etdirir.

Gürcüstan przidentinin bu müsahibəsi Tbilisi ilə Moskva arasında münasibətlərin yenidən gərginləşməsi dövrünə təsadüf edir.

Avqustun 2-də Tbilisi Moskvanı “Cənubi Osetiya sərhədlərini dəyişməkdə və Gürcüstan ərazilərinin içərilərinə doğru soxulmaqda” ittiham edib.

Avqustun 1-də isə Rusiya Gürcüstanı Cənubi Osetiya ərazisini minaatanlardan atəşə tutmaqda günahlandlırıb.

Moskva “Gürcüstanın Cənubi Osetiyadakı provokasiyalarının qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə edəcəyini bildirib”.
XS
SM
MD
LG