Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:24

Türkiyə müxalifətindən prezidentə və hökumətə ağır ittihamlar


Abdullah Gül
Abdullah Gül
Milliyyətçi Hərəkat Partiyası (MHP) «kürd probleminin həlli» ilə bağlı proqram açıqlamağa hazırlaşan AKP hökumətinə və bunu dəstəkləyən prezident Abdullah Gülə qarşı sərt etirazını davam etdirir.

Prezident Gülün bazar günü Mardin vilayətinə gedərkən «Başımızı quma soxmayaq» sözünə cavab verən MHP parlament qrupu sədrinin müavini Oktay Vural, «Əsas sən başını quma soxma» sözləri ilə cavab verib. Oktay Vural, «Prezident vəzifəsini AKP-nin siyasi layihələrini həyata keçirmək yeri halına gətirməsi onun içdiyi anda uyğun gəlmir» sözləri ilə A.Gülü günahlandırıb.

Hökumətin «kürd problemi» layihəsi ətrafında MHP ilə müzakirə aparmaq üçün onlardan görüş istədiyini xatırladan Oktay Vural, «heç kim səfeh-süfeh layihələrlə bizim qapımızı döyməyə cəsarət edə bilməz» deyib. MHP parlament qrupu sədrinin müavini Vural sözlərinə belə davam edib:

«AKP siyasi kürdçülüyün mərkəzi halına gəlib.Bunları millətin gözünün qabağında müzakirə edə bilmərik. Baş nazirin anadan olduğu Güneysu kəndinə də «yunan probleminin həllinə cəhd» deyərək, oranın adını «Potamya» qoyacaqsınızmı? Bunlar cahillik dövründəki irqçi yanaşmalarla milləti bölmək istəyirlər. Bu ssenari açıq-aşkardır. Bu millətin adını dəyişdirəcəklərmi?Türkiyə adını dəyişdirəcəklərmi?»

«Kürd probleminin həllinə cəhd» layihəsi 29 martda keçirilən bələdiyyə seçkilərindən sonra Türkiyənin gündəliyində ciddi şəkildə yer alıb. Kürd təmayüllü Demokratik Toplum Partiyasının Türkiyənin cənub-şərq bölgələrindəki bəzi vilayətlərdə qalib gəlməsindən sonra prezident A.Gül «dövlətin qurumları arasında problemin həlli üçün tarixi bir ahəng yarandığına» diqqəti cəlb edərək «bu fürsətin əldən qaçırılmamasının vacibliyindən» bəhs edib.

«Kürd probleminin həllinə cəhd» məsələsi Milli Təhlükəsizlik Şurasının 30 iyunda keçirilən iclasında prezident, hökumətin bəzi üzvləri və ordu generallarının iştirakı ilə geniş müzakirə edilib. Hökumət məsələ ilə bağlı «yol xəritəsi» hazırlanmasını Daxili İşlər naziri Bəşir Atalaya həvalə edib. Atalayın 10 gün qabaq 12 jurnalistlə Polis Akademisyasında keçirdiyi «kürd konfransı» müxalifət partiyalarının sərt tənqidinə məruz qalsa da, o, proqram üzərində konsensus əldə edilməsi üçün müxalifət partiyaları, QHT-lər, elm adamları və jurnalistlərlə görüşlərə davam edəcəyini bildirib.

Cərəyan edən proseslər çərçivəsində ABŞ-ın Ankaradakı səfiri Cefri ana müxalifətdəki CHP-nin lideri Deniz Baykal və Demokratik Toplum Partiyasının sədri Ahmet Türk ilə görüşüb. Baş nazirin müavini Bülent Arınç isə kürd probleminin həlli ilə bağlı layihənin riskli olmasına baxmayaraq, işin son mərhələsinə gəldiklərini bəyan edib.

AKP hökumətinin kürd probleminin həlli ilə bağlı layihəsi ilk növbədə, PKK terror təşkilatının qeydsiz-şərtsiz silahı yerə qoymasını və ölkənin cənub-şərq bölgəsindəki kürd mənşəli əhaliyə geniş mədəni hüquqlar verilməsini nəzərdə tutur. AKP hökuməti 5 ay əvvəl kürd dilində 24 saat yayımda olan TRT-6 TV kanalını açıb.
XS
SM
MD
LG