Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:42

Gürcüstan MDB-nin 60-a yaxın müqaviləsində qalmaq istəyir


AMİP-in lideri Etibar Məmmədov deyir ki, MDB-də qalmağın Azərbaycana ciddi ziyanı yoxdur
AMİP-in lideri Etibar Məmmədov deyir ki, MDB-də qalmağın Azərbaycana ciddi ziyanı yoxdur
Gürcüstan Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxmaq işlərini bu gün yekunlaşdırsa da, həmin Birlik daxilində bəzi razılaşmaların qüvvədə qalmasını istəyir.

Gürcüstan Xarici İşlər nazirinin müavini David Calağaniya avqustun 18-də bildirib ki, Tbilisi MDB çərçivəsində imzalanan azad ticarətə, vizasız gediş-gəlişə dair razılaşmalarda qalmaq istəyir.

Nazir müavini deyib ki, qalan məsələləri MDB ölkələri ilə ikitərəfli müqavilələrlə həll etmək niyyətindədirlər. O, xüsusilə də əsas iqtisadi tərəfdaşları olan Qazaxıstan və Ukrayna ilə yeni ikitəfəli müqavilələr imzalayacaqlarını deyir.

«TBİLİSİNİN BU QƏRARI YALNIZ GÜRCÜ XALQINA ƏLAVƏ PROBLEMLƏR YARADA BİLƏR»

Hələlik Gürcüstanın MDB-dən çıxmaq qərarını reallaşdırmasına qurumun əsas təşəbbüskarı olan Rusiyadan ciddi etiraz səslənməyib. Rusiyanın Xarici İşlər Nazirliyindən deyiblər ki, hanısasa birliyə daxil olmaq, ya da oradan çıxmaq dövlətlərin suveren hüququdur. Nazirlik hesab edir ki, Tbilisinin bu qərarı yalnız gürcü xalqına əlavə problemlər yarada bilər.

Gürcüstanın prezidenti Mixeil Saakaşvili keçən il avqustun 12-də ölkəsinin MDB-dən çıxması barədə qərarını Rusiyanın Gürcüstana hərbi müdaxiləsinə görə vermişdi. O zaman Saakaşvili öz qərarını qurumun bu münaqişənin qarşısını ala bilməməsi ilə izah edirdi.

Gürcüstanın MDB-ni tərk etməsi ilə bu qurumda 11 keçmiş sovet respublikası qalır: Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistan. Amma Ukraynanın da necə üzv olaraq qaldığı hələlik mübahisəlidir. Ukraynada bəzi mənbələr ölkənin bu birliyə üzv olmadığını deyirlər.

«MDB-də QALMAĞIN AZƏRBAYCANA CİDDİ ZİYANI YOXDUR»

1991-ci ildə Rusiyanın keçmiş sovet respublikalarına təsirini saxlaması məqsədilə yaradılan bu birliyə qoşulmaqla bağlı təkidli təklifləri Azərbaycanın o zamankı rəhbərliyi rədd edirdi. Amma 1993-cü ildə hakimiyyət dəyişikliyindən sonra Azərbaycan da MDB üzvü oldu. O zaman buna müxalifətin kəskin etirazları var idi. Hətta, müxalifət təşkilatları Milli İstiqlal Partiyasının qərargahında Milli Müqavimət Hərəkatı da yaratmışdılar.

Amma indi müxalifətin MDB-yə etirazları 18 il əvvəlki səviyyədə deyil.

AMİP-in lideri Etibar Məmmədov deyir ki, MDB-də qalmağın Azərbaycana ciddi ziyanı yoxdur:

- Oradan çıxmaq Rusiya ilə münasibətlərin pozulması deməkdir. Ona görə də MDB-də qalmağın bu gün Azərbaycana ziyanı yoxdur. Çünki elə bir ciddi öhdəlikləri yoxdur, Azərbaycan birliyin hərbi strukturlarında iştirak etmir.

MDB-dən çıxması ilə Gürcüstan vətəndaşlarının birlik ölkələrinə vizasız getmək hüququ da ləğv oluur. Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov deyir ki, bu vəziyyət avtomatik olaraq MDB üzvü olan Azərbaycanla artıq üzvlükdən çıxmış Gürcüstan arasında viza rejiminin yaranması demək deyil. Bu iki ölkənin ayrıca vizasız hərəkət haqqında ikitərəfli müqaviləsi var. Ona görə də Gürcüstana getməyə viza tələb olunmayacaq.

Elxan Poluxov bildirir ki, MDB-nin katibliyi 60-a yaxın çoxtərəfli müqaviləni Azərbaycana göndərib. Gürcüstan həmin müqavilələrin qüvvədə qalmasını istəyir. İndi Bakıda bunun mümkünlüyünü araşdırırlar.
XS
SM
MD
LG