Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:50

Orta təbəqənin üzvü o şəxsdir ki...


İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu
Orta məktəb müəllimi Şəfi Babayev üç-dörd il əvvələ qədər özünü orta təbəqəyə aid edirmiş. Həmin vaxt kiçik biznesi varmış, ailəsini pis dolandırırmış, aylıq gəliri də 1000-1500 dollara yaxınmış. Müflisləşəndən və hər şeyi əlindən çıxandan sonra o köhnə peşəsinə, müəllimliyə qayıdıb. İndi o özünü daha çox yoxsul təbəqənin üzvü sayır:

«Öz işimdən 200-300 manat maaş alıram. Ailəm isə böyükdür. İndi bu maaş ancaq çörəyə çatır. Əlbəttə, mən özümü yoxsul təbəqənin üzvü sayıram».

DÜNƏN ORTA TƏBƏQƏ İDİ, BU GÜN YOXSULDU…

Azərbaycanın prezidenti İlham Əliyev xüsusilə regionların sosial-iqtisadi inkişafıyla bağlı çıxışlarında ölkədə orta sinfin formalaşması haqqında xeyli danışır. O bu cür çıxışlarında ölkədə orta sinfin formalaşmasını iqtisadi uğurun göstəricisi kimi dəyərləndirir.

Ancaq ölkədəki təbəqələrdən danışanda iqtisadçıların çoxu müqayisəni həmişə varlı və yoxsul siniflər üzərində qururlar.

«Orta səviyyədə evi, maşını olan, ailəsinin yaşayışını orta səviyyədə təmin edə bilən insanlar var. Ancaq mən güman etmirəm ki, bu təbəqə əhalinin 15 faizindən yuxarıya qalxa bilsin».

«Ekspert» jurnalının redaktoru Dünya Sakit deyir ki, ölkədə hansı təbəqənin üstünlük təşkil etməsindən danışanda o da elə sıravi adamlar kimi yoxsul sinfin üzərində daha çox dayanır. Baxmayaraq ki, rəsmi statistikaya görə Azərbaycanda yoxsulların sayının 13 faizə endiyi bildirilir. İqtisadçının fikrincə, ölkədə orta təbəqənin formalaşmasına mane olan çox amil var. Bu səbəbdən də dünən özünü orta təbəqənin üzvü sayan bu gün yoxsul ola bilər:

«Düzdür, keçən il Dünya Bankının biznes hesabatında Azərbaycan ən islahatçı ölkə kimi göstərilib. Ancaq Azərbaycanda həm xidmət, həm də biznes sektorunda iqtisadiyyatın çox ciddi inhisarlaşması var ki, bu da orta təbəqənin inkişafına çox ciddi mane olur. Digər bir maneə isə siyasi amillərlə bağlıdır. Orta təbəqə həm də müstəqil qərar vermək imkanına malik olan bir təbəqə deməkdir. Azərbaycanda isə siyasi hakimiyyətin maraq dairəsində deyil ki, hazırkı şəraitdə belə bir təbəqə formalaşsın. Çünki müstəqil qərar verən təbəqə o qərarın ardınca getməyi də bacaracaq. Bu isə Azərbaycanın hazırkı hakimiyyətinə sərf eləmir».

MÜƏLLİM, HƏKİM… ORTA TƏBƏQƏ DAXİL OLA BİLMİRLƏR

Azərbaycanda istər Dövlət Statistika Komitəsi, istərsə də iqtisadi tədqiqatlarla məşğul olan qruplar müxtəlif sahələrin araşdırılmasıyla məşğul olsalar da, orta sinfin neçə faiz olması haqda bir rəqəm söyləyə bilmirlər. Hamı daha çox bu sinfin az olmasından danışa bilir:

«Orta təbəqə yaşayışının dəyəri orta standartlardan yüksək olan, gəlirləri orta aylıq əmək haqqından yüksək olan təbəqədir. İndiki halda orta təbəqəni formalaşdıran insanların çox az qismi dövlət büdcəsindən maliyyələşənlərdir. Bəzi biznes sahələrində, o cümlədən bank, maliyyə, sığorta sahəsində çalışanların əmək haqları yüksəkdir. Eyni zamanda neft-qaz, enerji sahəsində çalışanların bir qisminin əmək haqqı orta aylıq əmək haqqından yüksəkdir. Amma müəllim, həkim, mədəniyyət, informasiya sahəsində çalışanlar orta təbəqə daxil ola bilmirlər. Çünki onların gəlirləri buna imkan vermir».

Ekspert Vüsal Qasımov
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu deyir ki, bu təbəqə ölkə əhlisinin cüzi hissəsini təşkil edir.

Bəs, özünü orta təbəqənin üzvü sayan azərbaycanlının gəlirləri necə olmalıdır? Qubad İbadoğlu deyir:

«Orta təbəqənin nümayəndəsi o adam sayıla bilər ki, o ildə bir dəfə müntəzəm olaraq ailəsiylə birlikdə xarici ölkələrin birində istirahət etsin. Qazandığı buna imkan versin. Bu adam həmin istirahətinə 5-10 min dollar xərcləyə bilməlidir. Həmin adamın illik qazancı 15-18 min manat arasında olmalıdır. Ailəsinin sayına uyğun olaraq yaxşı mənzili, maşını olmalıdır».

Bakı sakini Azər Əliyevə isə iqtisadçının dediyi xülya kimi görünür. Sual eləyir ki, görəsən bizdə bu cür imkanı olan adamlar nə qədərdir. «Belə imkanı olan əməlli-başlı varlı adamdır, onu orta təbəqəyə aid etmək düz deyil».

Azərbaycanda aylıq gəliri 84 manat olan şəxs yoxsul sayılır.

İqtisadi İnkişaf Nazirliyində və Dövlət Statistika Komitəsindən dedilər ki, onlara orta təbəqəylə bağlı hər hansı məlumat yoxdur. İqtisadçılara deyirlər ki, orta təbəqənin formalaşması üçün şərtlər mövcud olmalıdır. Ekspert Vüsal Qasımov:

«Mütləq dövlətin sosial-iqtisadi siyasəti buna hesablanmalıdır ki, orta təbəqə inkişaf etsin. Bunun üçün dövləti əldə etdiyi gəlirlərin ədalətli bölgüsü həyata keçirilməlidir. Həm büdcə, həm də qeyri büdcə fondları vasitəsiylə. Ölkədə korrupsiya, bürokratiya, məmur özbaşınalığıyla bağlı məsələlər həll olunmalıdır. İnsanlar özlərini hüquqsuz sayanda da yoxsul hesab edirlər. İş yerləri yaradılmalıdır. Xüsusilə sənaye, kənd təsərrüfatı sahələrinin inkişafına dövlət fikir verməlidir».

İqtisadçılar orta təbəqənin formalaşması üçün azad biznes şəraitinin, mülkiyyət toxunulmazlığının, qanunun aliliyinin, rəqabətli mühitin, investisiyalara təminatın, müstəqil məhkəmə hakimiyyətinin mövcudluğu da başlıca şərt sayırlar.
XS
SM
MD
LG