Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 13:54

«Heç NATO da Azərbaycanın üzvlüyündə maraqlı deyil»


Gürcüstanda NATO təlimləri, 15 iyul 2008

Almaniyanın «Deutsche Welle» («Alman dalğası») radiosunun məlumatına görə, NATO təyyarələrinin hava məkanından keçməklə Əfqanıstana getməsinə Azərbaycan razılıq verməyib. Nəticədə bu, NATO-nun «Taliban»a qarşı keçirdiyi əməliyyatlarda müəyyən problemlər doğurub. Rəsmi Bakı isə bu məlumatları nə təsdiq, nə də təkzib edir. Bununla belə, Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov deyir ki, Azərbaycanın Əfqanıstana dair NATO ilə əməkdaşlığında heç bir problem yoxdur:

- Bu əməkdaşlıq indi də uğurla davam edir. Azərbaycan antiterror koalisiyası çərçivəsində üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir.

NATO-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ NATO-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNDƏN FƏRQLƏNMİR

Yerli ekspertlər isə indiki halda NATO-Azərbaycan münasibətlərini heç də uğurlu saymırlar. Konfliktlərin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev deyir ki, Azərbaycan artıq NATO ilə əməkdaşlığını Rusiyanın bölgədəki mövqeyi və təhlükəsizliyi çərçivəsində düşünməyə başlayıb. Onun fikrincə, indi NATO-Azərbaycan münasibətləri NATO-Ermənistan münasibətlərindən heç də fərqlənmir:

- Heydər Əliyev dönəmində isə NATO ilə münasibətlər artan səviyyədə idi. Ancaq İlham Əliyev hakimiyyətə gələndən sonra bəyan elədi ki, NATO-ya üzvlük heç gündəlikdə yoxdur.
Elxan Mehdiyev
Rusiya-Gürcüstan müharibəsindən sonra isə bu məsələnin heç gündəmə gəlməyəcəyi onların bəyanatından açıqca duyulmaqdadır.

AZƏRBAYCAN RUSİYAYA DA EHTİYATLA YANAŞIR

Ancaq Azərbaycanın Rusiya ilə münasibətlərdə də ehtiyatlı mövqe tutduğunu söyləyənlər var. Politoloq Vəfa Quluzadə deyir ki, Azərbaycanın MDB-nin təhlükəsizlik müqaviləsinə qoşulmaması buna bariz sübutdur. Ancaq o hesab edir ki, Rusiya Ermənistan silahlı qüvvələri adı altında Azərbaycan torpaqlarını işğal edib. V.Quluzadənin fikrincə, Rusiya tankları Bakıdan cəmi 360 kilometr bir məsafədə dayandığı halda, ehtiyatlı olmağın əsası var. Bununla belə, politoloq hesab edir ki, NATO ilə əməkdaşlıq Azərbaycanın daxili işidir:

- Azərbaycan müstəqil dövlətdir və NATO heç kimin düşməni deyil. Elə Rusiya hamıdan çox NATO ilə əməkdaşlıq edir.

«HEÇ NATO DA AZƏRBAYCANIN ÜZVLÜYÜNDƏ MARAQLI DEYİL»

Ekspertlər NATO ilə yaxınlaşmanın Azərbaycan üçün əhəmiyyətini də dəyərləndirməyə çalışırlar. Elxan Mehdiyev deyir ki, heç NATO da Azərbaycanın üzvlüyündə maraqlı deyil. Sadəcə, antiterror koalisiyasında Azərbaycanın da imkanlarından istifadə etməyə üstünlük verirlər.

E.Mehdiyev deyir ki, üstəlik, NATO-nun Qarabağ münaqişəsi ilə də bağlı aydın, birmənalı mövqeyi yoxdur. Belə olan halda Rusiya ilə körpüləri tamamilə yandırmaq da düzgün olmazdı.

Konfliktoloqun fikrincə, Azərbaycanın NATO ilə əməkdaşlığı demokratiya məsələləri ilə bağlı çox uğurlu nəticələr verə bilər, sadəcə, hökumət bunda maraqlı deyil.
XS
SM
MD
LG