Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:07

Fəxri Uğurlu "DUL" (Hekayə)




- Yoldan çıx, görmürsən maşın üstünə gəlir!.. Ay aman, nə oldu sənə?!
- Yavaş darta bilmirdin?.. Sən adamı xatadan qoruya-qoruya ondan betər xataya salarsan. Nə yaxşı vaxtında əlimi cibimdən çıxara bildim, yoxsa başım yerə dəyəcəkdi. Bu da elə maşın vurmaq kimi bir qəza olardı.
- Di bəsdi, üstünü çırp, özün də deyinmə, yaxşı qurtardıq. Qəzanın böyüyündən qaçıb kiçiyinə düşmək də qazancdı.

- Hə, mənim qazancım az qalmışdı maşın vuran adamın qazancına çatsın.
- Sənin üstünə o boyda ölüm şığıyırdı, bircə addım yana atmaqla ölümün təkərinin altından çıxdın. İtirdiyin nə oldu – qolun-qıçın bir balaca əzildi, üst-başın toza bulandı…
- …Palçıqlı suyu da üstümüzə sıçratdı əclaf.
- Bir də maşın yoluna çıxmayasan deyə sənə dərs verdi.
- Belə dərsdən nə çıxar? Gələn dəfə acığa düşüb yolun lap ortasıyla gedərəm, bərk şütüyən bir maşının yoluna çıxaram, özümü də, bir günahsız sürücünü də bədbəxt elərəm. Heç kim də bilməz bu işin əsil günahkarı kimdi.

- Axı hamı belə kinli deyil. Kiməsə də bu, bir xəbərdarlıq olar, qorxu onu silkələyər, yolu ayıq başla keçər.
- Hə, o qədər ayıq olar, maşın üstünə şığıyanda bilməz irəli getsin, ya geri qalsın. Sonra da qorxusundan özünü düz maşının qabağına atar…
- Sürücü saxlayıb qarşında diz çöksəydi, başını səkiyə döysəydi, ürəyinə yatardı?
- Yox, onda da özümü ya haqlı, ya da günahlı bilərdim.
- Haqlı olmaq istəmirsən?
- Haqsız ola-ola haqlı görünmək istəmirəm. Həm də başqasının haqsızlığı hesabına haqlı çıxmaq mənim gücümü artırmaz.

- Günahın ola-ola günahkar olmaq da istəmirsən?
- Günahla yaşamaq məni təmizə çıxaracaq? Günah qurban istəyir, özü də günahkarın əməlini yox, canını qurban istəyir. Mən özümü tikə-tikə doğrayıb günahıma yedirtsəm, bu elə günahın qələbəsi olmayacaq?..
- Bəs onda sən nə istəyirsən?

- Mən istərdim o sürücü mənim qaramca danışmayaydı: sənin kimisi elə təkər altına düşsə yaxşıdı… İstərdim o məni vurmadığına sevinəydi. Saxlayıb maşından düşəydi, üzümə mehriban-mehriban baxıb başını bulaya-bulaya məni gözləriylə qınayaydı. Mən də yıxıldığım yerdən qalxıb ona utana-utana baxaydım, həm onun məni vurmadığına, həm də vurulmadığıma sevinəydim. Çiynimi çəkib əllərimi yana açaydım: oldu da… Beləcə dinməz-söyləməz ayrılaydıq, o – maşınına, mən – yoluma. Daha günahkar-filan axtarmayaydıq, xatadan sovuşduğumuza doyunca sevinəydik. Bax, ondan sonra mən heç kimin təkərini qana bulamaq istəməzdim…

- Bilirsən, adam da var özgəni qana salmaq üçün yox, özünü sınaqdan çıxartmaq üçün belə oyunlar qurur. Yaşamaqda sevinc tapmır, ona görə özünə bir ölümcül təhlükə axtarır. Sonra o təhlükədən qaçıb qurtarmağına elə sevinir, deyirsən bəs qəbirdən qayıdıb. Baxırsan yenə qabaqkı kimi yaşayır, ancaq yaşadığına sevinə-sevinə yaşayır.
- Sən təbiət filmlərinə baxırsan?.. Onda bəlkə də mən deyəni görmüsən: quraqlıq Afrika timsahlarını tamam heydən salıb, get-gedə quruyub-bərkiyən palçığın içində ağızlarını açıb heykəl kimi yatışıblar. O biri heyvanlar da susuzluqdan əldən düşüb, yeyən də, yeyilən də bir dərdə, bir ölümə can verir. Susuzluq elə bil heyvanları fağırlaşdırıb, bir-birinə doğmalaşdırıb, otyeyən ətyeyəndən, uçan qaçandan çəkinmir, heç biri yem hayında deyil. Bu diri qəbirstanlıqda bircə meymunların kefi az-çox kökdü, arsız-arsız atılıb-düşürlər, bax belə-belə bir-birinə sitəşirlər…

- Yaxşı, meymunluq eləmə, camaat bizə baxır.
- İndi görəcəksən meymunluğu mən eləyirəm, yoxsa kim eləyir… Hə, meymunun biri halsız timsahla məzələnir, timsahın belindən o üz-bu üzə adlayır, başında-boynunda gəzir, dişlərinin arasından ağzının içinə boylanır. Birdən timsahın çənəsi yüngülcə örtülür. Meymun çöldə qalan əlləri-ayaqlarıyla əlləşib-vuruşub birtəhər timsahın çənəsini aralayır, başını ölüm tələsindən çıxarır… Meymun dünyanın ən güclü, ən amansız yırtıcısıyla oyundan sağ çıxmaqla timsahdan güclü olduğuna özünü də, özününküləri də inandırmaq istəyir. Axı meymunu necə qandırasan bu timsah o timsah deyil, bu olsa-olsa kərtənkələdi...

- Nə demək istəyirsən?
- Demək istəyirəm başımızın üstündə gerçək ölüm dura-dura özündən ölüm uydurub sonra da o yalançı ölümə üstün gəlmək o meymunun o timsahın ağzından sağ çıxmasına oxşayır. Sən dediyin adam ölümlə əlləşmir, meymunluq eləyir. Ölümün toruna yaxınlaşır-yaxınlaşır, sonra da qayıdıb var gücüylə ordan qaçır, baxırsan bunu heç qovan da yoxdu. Çaşıb addımının birini yanlış atanda ayağı şappadan düşür tora. Onda sən bunun çığırtısını eşidəsən!..
- Görən bu da intihar sayılır?

- Yox, intihar eləyən ölümə pənah aparır. Ancaq bu, ölümün yanına ölümdən qaçmaqdan ötrü gedir.
- Axı ölümə pənah aparan da bir ayrı ölümdən qaçıb ölümə sığınır. Elə ölümdən qaçan da ölümə qaçır. Bax, sən təbiətdən danışanda mənim də yadıma hardasa oxuduğum bir yazı düşdü: deyilənə görə, canavar dovşanı tuthatutda dovşanın ürəyi partlayır. Yəni dovşan canavara sağ can vermir, canavar ağzında ölməkdənsə ürəyini partlatmağı üstün bilir. Ancaq dovşan ürək partlamağının da ölüm olduğunu anlamır, ölümü öz içindən işə salmaqla qıraq ölümdən qorunur. Dovşan öz ölümünə yad ölümdən sığınacaq kimi baxır, yad ölümün ölüm olduğunu qansa da, öz ölümünü ölüm saymır, qurtuluş sayır. Bax, biz hamımız ölüm olanla ölüm olmayanı belə ayırırıq.

- Belə çıxır heç kim ölmək istəmir? Ya da hamı ölmək istəyir…
- Heç kim ölmək istəmir. Ərim xəstə yatanda gördüklərimi sonradan bir-bir yadıma salıb fikrimdən keçirəndə tam əmin oldum: heç kim ölmək istəmir! Ancaq bu ölmək istəməməyin özü hamını ölümə aparır. Yaman şiş ərimin bütün bədəninə kök atmışdı, dərdinə əlac olmadığını özü də bilirdi, di gəl, yenə bu dünyanın işlərinə qarışmaqdan əl çəkmirdi. Hara getdim, hardan gəldim, niyə gec gəldim – hamısının hesabını çəkməmiş mənə dinclik verməzdi. Ona dərman almağa gedirdim, deyirdi oynaşınla görüşə getmisən. Bilirdi beş-on gün ömrü qalıb, ancaq on illər sonranın qayğısıyla yaşayırdı. Ağrısı güclənəndə canını keyitmək üçün ağır iynələr vururdum. Deyirdi o iynədən birini də vur. Deyirdim axı çox vursam, dərman səni öldürər. Deyirdi heç nə olmaz, sən vur, təki ağrım kəssin.

- Deməli, ən yaxşı ağrıkəsən dərman ölümdü. Yəqin o rəhmətlik də ölümü ölmək üçün istəmirmiş, ağrıdan qurtulmaq üçün istəyirmiş…
- Mən onda başa düşdüm: heç bir canlıdan ötrü ölüm məqsəd ola bilməz. Ölümə getmək yoxdu, ölümdən qaçmaq var. Nə qədər biz sağıq, ölüm də var, ölümdən qorunmaq da. Biz olmayandan sonra ölüm də olmayacaq.
- Dayan görüm, onda belə çıxır ölüm də yaşamaq əlamətidi, olumun o biri başıdı. Olum varsa, ölüm də var, hər kəs ölümünü öz canında gəzdirir. Biz olmayanda ölüm də olmayacaq. Ancaq axı biz olanda da ölüm olmur, ölüm olsaydı, biz olmazdıq! Biz ölümdən qoruna bildiyimizə görə sağıq.

- Elədi, biz sağıqsa, ölüm yoxdu, ölümün ancaq qorxusu var.
- Elə o qorxu da bizi sağ saxlayır. Deməli, ölüm nə biz olanda var, nə də biz olmayanda. Belə çıxır ölüm yoxdu?
- Ölüm yoxdu… Ay aman, nə yaxşı oldu, ölüm yoxmuş! İki dəqiqəyə o boyda ölümü puça çıxartdıq! Sənə deyirdimmi ölüm yoxdu, qorxudan, ağrıdan qaçmaq var…
- Yaxşı, bəs ağrıdan ləzzət alan da var, o necə olsun? Ağrıya can atmaq nədi - ölümə can atmaq, ölümdən həzz almaq…

- Sən ağrı bildiyin onu ağrıtmır. Sən ölüm bildiyin ona həyat verir, o da ağrımayanda ağrıyır. Bax, götürək erkək-dişi cütləşməsini: erkək ağrıtmaqdan, dişi ağrımaqdan doyur. Dişinin ağrısı sənə ağrımaq kimi görünsə də, onu çox-çox ağrımaqlardan qoruyur. Biz ağrıyanda ağrımızın gücü barmağımıza batan tikanın ağrısından min qat artıq olur. Tikanın ağrısına dözmürük, ondan min qat artıq ağrını özümüz istəyirik, çünki bu biri ağrı bizi yaşadır…
- Sən də ağrımağı xoşlayırsan?
- O məni ağrıtmaqdan aldığı ləzzəti dünyada heç nədən almırdı. Hərdən onun ağrıtmağı xoşuma gəlirdi. Hərdən də lap zəhləm gedirdi ondan… Hə, cavan oğlan, mən sənin kimi həyatın böyründən hərlənməmişəm, bu türməyə pəncərədən baxmamışam, kişilər demiş, yatıb-çıxmış adamam.

- Dayan görüm, mənim kələfim lap dolaşdı. Ölümü yoxa çıxartdıq, bəs olumu neyləyək? Hesabla olum da ölümün yedəyində getməlidi. Ölüm olumun o biri başıdısa…
- Bəs necə, olum da yalandı! Olum gerçək olsaydı, mənim ərim indi sağ olardı.
- Hə, deməli, ortada nə ölüm qaldı, nə də olum. Əlləşib-vuruşduğumuz hamısı yox olmaqdan ötrüymüş…
- Onda mənə su ver, yoxsa gözünün qabağında yoxluğun canlı eksponatına dönə bilərəm… Gəl bu ağacın altında bir az oturaq.

- Bu qızlar görən bizə niyə elə baxdılar?
- Yəqin deyirlər qoca ifritəyə bax, cavan oğlanı qarmağına necə keçirib…
- İnanmıram, biz elə yaşıd kimi görünürük. Həm də beş yaşa görə heç kimi sən dediyin maddəylə ittiham eləməzlər.
-Sənin özündən beş yaş kiçiklərlə gəzməli olduğunu da nəzərə alsaq, mən özümdən on yaş kiçiklərin yerini tutmuşam… Bu bağda gəzməkdən xoşum gəlir, burda elə bil hamının gözündən uzaq oluram.
- Bəs deyirlər görünmək, göz qabağında olmaq qadına xoş gəlir?

- Düz deyirlər. Ancaq mən o qədər göz altında olmuşam, yad adam da üzümə çox baxanda cinlənirəm. Birdən elə bilirəm balalarım da mənə onun əvəzindən, onun gözüylə baxırlar, məni güdürlər. Tərs kimi ikisi də atasına oxşayır.
- Deyəsən, ölü ərin ağalığı dirininkindən ağır olur…

- Sağ olanda onu qarğıyırdım, söyürdüm, döyülsəm də, ürəyimi boşaldırdım. Elə ki xəstələndi, mənim üsyanımı da biryolluq boğdu. Onun xəstələnməyində özümü günahkar bilirdim, heç bir suçum olmasa da, onun yanında özümü suçlu kimi aparırdım. Di gəl, mənə yazığı gəlmirdi, halımı gördükcə bir az da zalımlaşırdı, ondan qabaq ölmədiyimə görə məni bağışlamırdı. Sarığını dəyişəndə ağrıdan başıma-başıma döyürdü. Dinmirdim, deyirdim qoy vursun, bəlkə bir az yüngülləşəm, ancaq birdən elə bərk vururdu, elə bilirdim məni öldürmək istəyir. Onda onun qapazları içimi oyan günahdan da qorxulu olurdu, xoflanıb qırağa sıçrayırdım, yarası açıq qalırdı. Halı pisləşən kimi əliylə, gözüylə, bacarsa, diliylə məni köməyə çağırırdı, yalvarırdı. Şillə-yumruğun ağrısı azaldıqca yenə yumşalırdım, yenə günah içimi didməyə başlayırdı, elə bilirdim ölməyincə o günahdan canımı qurtara bilmərəm.

- Nəsə vəsiyyət elədimi? Uşaqları tapşırmaq-filan…
- Nə danışırsan! Vəsiyyət eləsəydi, öldüyünü boynuna almış olardı, üstəlik, vəsiyyət hakimiyyətin təhvil verilməsi deməkdi. Hələ məni hədələyirdi, deyirdi o dünyadan səni qarabaqara izləyəcəm, ərə getsən, ya özünə kişi tapsan, çəkib səni öz yanıma aparacam… Öləndən üç gün qabaq uşaqları yanına çağırıb onlara gizlincə nəsə dedi, odu-budu balalarım mənə şübhəli-şübhəli baxırlar.
- Uşaqları sənə tapşırmaqdan səni onlara tapşırıb…
- Tapşırsa yaxşıdı, bəlkə ondan da artıq nəsə deyib. Həmişə məndən çoxlu uşaq istəyirdi – istəyirdi başım onun balalarını bəsləməyə qarışsın, özümü yaddan çıxarım. Üstümdə göz olanların sayını artırmaq istəyirdi… Bunların hamısına dözərdim, di gəl, mənim üsyanımı yatırtdı – bax, buna dözə bilmirəm. İndi onu nə qarğıya bilirəm, nə söyə bilirəm. Həftədə bir yol qara geyinib qəbrinə baş çəkirəm, silib-süpürürəm, ağlayıram, sonra da daşına baş endirib qayıdıram. Qəbirstanlıqdan çıxana qədər geri baxmıram, ürpənirəm, elə bilirəm indicə əl atıb saçımı biləyinə dolayacaq.

- Bəlkə ərə getsən… Necə deyərlər, pazı pazla… Başqa cür ər də olur, lap yaxşıları da olur…
- Qohumlarım da belə deyirdilər, daha yasını saxladın, neçə il gözlədin, bəsdi, cavan adamsan, gözəlsən, nə bilim, nə… Axı mən əsarətdəyəm, başa düşürsən, mən ərimdən ayrılmamışam, özümü onun ayağından sildirməmişəm. Mən dulam, dul! Həm də ərə getmək mənim nəyimə gərəkdi, indən belə ər mənə nə verəcək? Hələ uşaqlardan danışmıram – hər gün atalarının adını çəkirlər, şəklini ciblərində gəzdirirlər… Heç deyən yoxdu sev, sevil, işıqlı dünyaya gözün açılsın. Axı mən indiyəcən heç sevməmişəm. Mən lap anadangəlmə dulam. Ərim olanda da yiyəsiz kimiydim. Düzdü, o məni özgədən qoruyurdu, ancaq özü özgədən də qorxuluydu. Hərdən mənə elə gəlir min illərdi dul qalmışam, bütün dünya dul qalıb!.. Mən kimdən az görmüşəm – universitet bitirmişəm, qucaq-qucaq kitab oxumuşam, ömrü yarı eləmişəm, iki uşaq doğub-böyütmüşəm, o dünyaya ər yola salmışam, ancaq hələ də sevginin nə olduğunu bilmirəm.

- Hə, sən də ərə sürgünə gedən kimi getmisən – ya güclə veriblər, ya da güclə alıblar…
- Nə o, nə də o biri. Özüm getmişəm. Deyəcəksən sevməyə-sevməyə niyə gedirdin. Düzünü deyim, mənə elə gəlirdi onu sevirəm. Onun üstümdə ağalıq eləməsi, məni qısqanması, uğrumda dava salması, varından-pulundan keçməsi xoşuma gəlirdi. Başqa qıza-qadına gözünün ucuyla baxmazdı. Mən bunları sevgi bilmişdim. Onun özünü aparmağı sevən adamın davranışına çox bənzəyirdi - xalçanın astarından görünən naxışlar üzündəki naxışlara nə təhər bənzəyirsə, bax eləcə. Mən bunun astar olduğunu bilməmişdim. Bu astar dediyim sevginin özünə o qədər oxşayırdı, o qədər oxşayırdı, mən yaşda qız onları çətin ayırd eləyəydi. Sən demə, məni özgələrdən üstümdə təkbaşına ağalıq eləmək üçün qoruyurmuş. Özü də necə ağalıq! İlahi, insan haracan qəddar olarmış!.. Sən bilirsən qəddarlıq nədi?

- Başqasına əzab vermək deyil?
- Yox, başqasının əzabından həzz almaqdı. Bax, iki dost bir yerdə əsir düşər, əsirlikdə onları bir-birinə əzab verməyə məcbur eləyə bilərlər. Əzab çəkən dostun gözündə bir çağırış olar: mənə nə qədər desələr əzab ver, təki səni öldürməsinlər… Əzab verən dostun gözündə də bir yalvarış: özün görürsən, mənə səndən də pis əzab verirlər… Beləsi qəddar sayılmaz. Ancaq sən onun məni alçaltmaqdan ötrü qurduğu oyunları görəydin! Gecə səhərə yaxın eyş-işrətdən gəlirdi, məni durğuzmasa yerinə girib yatmırdı. Bir də görürdün gecə boyu çır-çır çığıran uşağı yenicə yatızdırıb başımı yastığa qoyanda üstümü kəsdirdi. Evdə beş cüt şalvarı ola-ola deyirdi gərək durub əynimdəki şalvarı yuyasan, qurudasan, ütüləyəsən, səhər geyinəm, gedəm. Dururdum, əynindən çıxan şalvarı yuyurdum, qurudurdum, ütüləyirdim, di gəl, səhər bu şalvarı yox, ayrısını geyib gedirdi… Deyirdim axı sən qabaqlar özgə qadınlara yaxın durmazdın, indi bəs nə oldu? Gör özünə necə bəraət qazandırırdı: mən o qadınlarla yatanda da, deyirdi, gözümün qabağına səni gətirirəm… Bir də görürdün hansısa qonşudan şübhələndi, başladı məni sorğu-suala tutmağa, filan qonşunu tanıyırsanmı, adı nədi, nə təhər adamdı, nə işin yiyəsidi, arvadı kim, uşağı kim?.. Mən də bildiyimi deyirdim, bilmədiyimi yox. Ona elə gəlirdi mən bilmədiymi qəsdən, bilə-bilə demirəm, özümü bilməzliyə vururam, qonşunu yaxşı tanıdığımı gizlədirəm. Soruşduqlarını hərləyib-fırlayıb bir ayrı vaxtda yenə soruşurdu, mənim dediklərimi tutuşdururdu. Bundan sonra da ürəyi soyumurdu, bir gün də görürdün həmən qonşunu yanına alıb deyə-gülə girdi içəri, mənə tapşırıqlar verdi, neçə cür yemək bişirtdi, süfrəyə neçə cür içki düzdü… Qonşu yazıq mənə «bacı» dedikcə baxırdım şəklənir, şübhəli-şübhəli bir onun, bir mənim üzümə göz atır görsün bu «bacı» söhbəti bir kələk-zad deyil? Qırğın-qiyamət qonşu gedəndən sonra başlanırdı: sən ona niyə belə baxdın, onun yanında dalını niyə burcutdun, yeməyi həmişəkindən dadlı bişirdin, qaş-qabağını sallamadın, nə bilim, nələr… Sonra da söyüş, dava, qırğın, uşaqların ağlaşması… Bir gün də uşaqlıq dostu gəlib çıxmışdı. Mən çay gətirmək istəyəndə tez mətbəxə sarı keçib elə yoldaca məcməyini əlimdən aldı. Dostu bunu sezdi, yerindən dik qalxıb çaya gözünün ucuyla da baxmadı, dedi ölüm olsun sənə, mən sənin evinə oğraşlığa gəlmişəm?.. Deyib ona biryolluq tüpürdü, qapını çırpıb getdi, heç öləndə yasına da gəlmədi. Dostunun dalınca nələr danışmadı! Dedi yaxşı tanıyıram onu, bacısına sataşan oğraşın biridi, bura da elə səndən ötrü gəlib. İnanırsanmı, heç utanıb eləmədi, oturub iştahla çörəyini yedi.

- Sən danışdıqca mənim ürəyim parçalanır, az qalıram gedəm onu bir də öldürəm. Sən axı buna necə dözmüsən? Necəliyi bir yana, niyə dözmüsən?
- Mən ona heç bir gün də dözməzdim, ancaq mənim başqa yolum olmayıb. Yaxşı ər də, yaxşı güzəran da tapa bilərdim, ancaq mənim istədiyim bu deyildi. Mən həyatın quruluşundan iyrənirdim. Mən bu quruluşu uf demədən bünövrəsinəcən söküb-dağıdardım, ancaq onun yerində nəsə qura bilməzdim. Necə olmamalıdı – bunu bilirdim, bəs necə olmalıdı – bax, burda ilişib qalırdım. Bayaq biz səninlə olumu da, ölümü də ikicə dəqiqənin içində puça çıxartdıq, bu boyda həyatı varından yox elədik. Yaxşı, həyatı yıxıb-uçurtduq, gözümüzün tozunu silib varın içində yoxu gördük, hər şey yoxa çıxdı, dünya özü boyda xarabaya döndü. Bəs yerdə nə qaldı? Hamısı gedib yoxluğa, puçluğa dirənirsə, yaxşı ərlə yaman ərin, xoş güzəranla pis güzəranın nə fərqi?

- Ayrı quruluşa keçməkdən ötrü ayrı da inam olmalıdı. Yoxluğa inandın, ya heç nəyə inanmadın – ikisi də birdi.
- Axı mən demədim yoxluğa inanıram. Yoxun nəyinə inanasan! Yoxluğa inanmasan da, yox yoxluğunda qalacaq, ancaq varlığa inanmasan, varlıq var olmaz. Mən yazıq neyləyim, varlığı duya bilmirəm, duya bilmədiyimdən inana da bilmirəm. Sevsəydim, bəlkə də… De görüm axı necə oldu sən özündə ruha, diriliyə inam yarada bildin?
- Elə şey olur, ona materiyanın heç bir düsturuyla açar tapa bilmirsən, baxırsan bu nədisə, yoxluğun qanunlarına baş əymir. Baş əyməməyi bir yana, yoxluğa meydan oxuyur, fələyə düşmən kəsilir. Onda deyirsən hə… deyəsən, fərman yazan təkcə fələk deyilmiş…
- Sevgidən danışırsansa, fizikada hamısının açması var…

- Bax, görkəmdə, gözəllikdə səndən qat-qat geri qalan qadın var, məndə yalnız şəhvət oyadır, onu görəndə, yadıma salanda bədənim at kimi kişnəyir, mən bədənimin çağırışını açıq-aydın eşidirəm. Sən ondan gözəlsən, biçimin onunkundan yaxşıdı, işvələrin qana işləyir. Mən də kişiliyimdən gileyli deyiləm, sənə nə qədər bağlandığımı da bilirsən, di gəl, səni heç cür gözümün qabağına çılpaq gətirə bilmirəm, xəyalımda səni yatağıma salmaqdan həzz ala bilmirəm… Fizika buna nə deyər?
- Bəs onda mən niyə eşitmirəm o çağırışı? Deməli, ya ruhum laldı, ya ağlım kardı?

- Sənə elə gəlir. Eşitmək nədi, sən hələ onun dilincə danışırsan da. Bayaq materiyanın daşını daş üstə qoymadın, elə bilirsən özbaşına elədin bunu? Yoxluqdan özgə heç nə yoxdusa, sənin ağlını kim qaldırır materiyanın üstünə? Yoxsa materiya özü özünə düşmən kəsilib?.. Düşmən kəsilməyinə kəsilər, ancaq özünün bundan xəbəri olmaz. Materiyanın özünə elədiyi ən böyük yaxşılıq da ən böyük pisliyin tayıdı, di gəl, göz özünü görə bilmədiyi kimi o da bunu özbaşına bilə bilməz, ölüm yolundan qayıda bilməz. Onu bir görən var, bir qaytaran var. Heyvan da ölümdən qaçır, ancaq görüm öləcəyini bilirmi? Adam bilirsə, demək, canında heyvandan başqa da nəsə gəzdirir. Demək, bizim ölümdən başqa da nəyimizsə var…
- Sözün düzü, yüz min dəlil-sübut bir arpa dəni inamın gördüyü işi görə bilməz. Mən inana bilmirəm.
- Ancaq çürüyüb getmiş cəsədin səni gördüyünə inanırsan…

- Ona da inanmıram. O da bir qorxudu, hərdən küləyi canıma dolur.
- Bəs hər həftə qəbir üstünə nəyə gedirsən? Olmaya yaxşı günlərindən ötrü darıxırsan?
- Deyirəm birdən ruhun ölmədiyi düz olar, onun əlinə bir də düşərəm.
- Ruh varsa da, arxayın ol, sənin ərin xasiyyətdə deyil. Sən xəyalındakı ruhu da materiyadan düzəltmisən. İndi gördünmü yoxa inanırsan, heçə-puça iman gətirirsən! Vara inanmamaq özü elə yoxa inanmaqdı. Yer üzündə inamsız adam yoxdu. Görürəm yaxşıya inanmaq, köləlikdən qurtarmaq sənə sərf eləmir.
- Hansı kölə azad olmaq istəməz? Lap azadlıq qorxulu olsa da…

- Doğrudan azadlıqdısa, o heç vaxt qorxulu olmaz. Ancaq yükü ağır olar. Sən də o yükü götürmək istəmirsən. Sən özünü bədbəxtliyə vurmaqla guya başqalarını xoşbəxt eləyirsən – yəni baxın, sevinin, ay camaat, sizdən də yazığı var, üstəlik, mən öz bədbəxtliyimlə sizi sevindirə bildiyimə görə xoşbəxtəm… Özünü də, özgəni də sevindirməyin namuslu yolu bu deyil. Sözün düzü, mənə elə gəlir sən inamını dəyişmək istəmirsən, sən üsyan dediyin o haqqı özünə qaytarmaqdan ötrü əlləşirsən. Üsyan haqqını da bədbəxtliyin lap dibinə yenib hamıdan bədbəxt olmaqla qazanmaq istəyirsən.
- Qazanıb kimə üsyan eləyəcəm, qəbirə?

- Guya fələyə, guya ərinə. Ancaq əslində yoxluğa, heçliyə, qəbirə. Di gəl, sənin üsyanın da ərinin ağalığını tanımağa tay olacaq. Ömrün boyu deyinəcəksən, taleyini yamanlayıb bəxtindən gileylənəcəksən, lap gedib ərinin qəbrinə tüpürəcəksən, ancaq onun hakimiyyətini devirə bilməyəcəksən. Bu gün tüpürəcəksən, sabah qaçıb qəbrini qucaqlayacaqsan, başdaşını öpüb gözünün üstünə qoyacaqsan. Belə-belə tüpürməyə də, tüpürdüyünü yalamağa da öyrəncəli olacaqsan. Ev-qəbir marşrutundan çıxa bilməyəcəksən, ayağını olum-ölüm xəttindən qırağa qoymağa təpərin çatmayacaq… Elə məndən ayrılıb evə qayıdanda da tez-tələsik qara donunu geyib özünü qəbirstanlığa yetirəcəksən. Yoxu var bilməyin axırı budu…
- Dayan görüm, bu nədi, üstün-başın qıpqırmızı qan oldu!
- Deyəsən, yenə burnumdan qan açıldı.

- Dəsmalı burnuna tut. Bir belə çön görüm… Gəl bir yerdə oturaq. Elə bayaqkı yerdə oturaq, ora kölgəlikdi… Aha, başını arxaya söykə. Belə… Bəlkə səni gün vurdu?
- Yox, gündən deyil, mənim qanım qıcqırmır.
- Bəlkə səni acıqlandırdım, ondan oldu, hə? Düzünü de!
- Yox. Mənim bədənim azca ehtiyat yığan kimi hamısı burnumdan gəlir. Azar qoymur sabaha pay saxlayım. Çox keçməz, öldürər məni.
- O nə azardı elə? Adı nədi sənin azarının?
- Adı həyatdı, yaşamaqdı. Həyat xəstəliyi, yaşamaq azarı.

- Sən bir həkimə gedəydin…
- Həkim neyləyəcək, məni sağaldacaq? Bu xəstəliyi ancaq ölüm sağaldar.
- Nə vaxt tapmısan bu azarı?
- Çoxdan.
- Axı sən nə bilirsən bu, xəstəlikdi, özü də sağalmazından? Mən eşitdiyimə görə, burundan qan açılması adama xeyirdi, deyir o qan ziyanlı qandı, başa vursa, adamı öldürər.
- Görürsənmi, azı da bizi öldürür, çoxu da. Mən də elə bilirdim qan yaşatmaq üçündü, sən demə, bu bizi öldürməkdən ötrüymüş.
- Qan həyatdı, oldurur da, öldürür də.

- Mənim işim asandı – mən lap yaxın zamanda öləcəyimi lap dəqiq bilirəm. Burnumdan açılan qan yoxdan yarandığımı tez-tez yadıma salır. Ona görə də qayğısızam – nə evim var, nə dükanım; nə bağım var, nə bağbanım; nə xəzinəm var, nə keşikçim. Quş kimi dolanıram, elə bilirəm bütün evlər, bütün bağlar, əkilən-biçilən nə var, hamısı mənimdi. Elə bilirəm heç vaxt olmamışam, heç vaxt da ölməyəcəm.
- Elə mənim ərim də ölümünə inanmırdı, özünü elə aparırdı guya qəbirə getmir, sehrli güzgüsünü də götürüb uzaq səfərə çıxır.

- Balaca bir fərqimiz var: mən o dünyamı bu dünyama daşıyıram, sənin ərin bu dünyanı ora daşıyıb–aparmaq istəyirmiş. Mən burda da günümü ordakı kimi keçirməyə çalışıram, sənin ərin o dünyada da burdakı kimi yaşamaq istəyirmiş, ona görə də bu dünyadan gözü kəsilməyib, sağında-solunda bir cüt keşikçi qoyub səni qəbirdən də güdür. Həkimlər onun xəstəliyinə patologiya deyərdilər, mənimkinə hələ ad tapa bilməyiblər…
- Arvadın olsaydım, məni güdməzdin? Düzünü de, qısqanmazdın məni? İstəməzdin məndən uşağın olsun?
- Qısqanardım da, güdərdim də, istəyərdim də.
- Bəs onda onu niyə qınayırsan?

- O yazıq elə bilirmiş hamının başına gələn onun yanından ötəcək – qınamayım neyləyim?
- Bax, sən dəqiq bilirsən başına nə gələcək. Bilmək nəyi dəyişir?
- Səni qısqanmıram, güdmürəm, olmayan düşməndən qorumaq üçün yanına qarovul düzmürəm. Öləndən sonra da dincliyini pozmayacam. Bəri başdan gedib sənin ərinin qonşuluğunda yer götürəcəm, bəlkə onun səcdəsinə gedəndə mənə də baş çəkəsən. Qəbrimi qazdırıb, başdaşımı yazdırıb hazır qoyacam. Yazısı da belə olacaq: «Filan-filanıncı illərdə bir göy adamı qalıqları burda saxlanan kosmik qurğunun köməyilə Yer planetiylə əlaqə yaradıb».

- Sonra nə olacaq, ölümün dişi qırılacaq? Bayaq onu öz əlimlə yox eləmişdim, indi yenə yerin altından mənə barmaq silkələyir.
- Mənim qəbrim səni yerin altına çəkməyəcək, göyə çağıracaq. Məni görməkdən ötrü torpağın dişinin dibinə yox, göyün dibinə boylanacaqsan. Başdaşım üsyana qalxacaq, qəbrim inqilab eləyib səni əsarətdən qurtaracaq…

- İnqilabını sağkən eləyə bilməzdin? Axı məni iki qəbir arasında qoyursan… Deməli, mənə həyat düşmür? İki ölümdən birini seçməliyəm?
- Seçiləsi başqa nəyimiz var? İndi daha mən də sənin ərinin tayı olacam, yaşımız, boy-buxunumuz, çəkimiz bir olacaq. Mən onunla bərabər şəraitdə yarışmaq istəyirəm. Sağ olmasam da, qorxma, diri olacam. İki qəbirdən sənə iki dünya əl eləyəcək…
- Birdən onun yeri sənin göyündən güclü çıxdı? Birdən sən yarışı uduzdun? Onda mənim axırım nə olacaq?

- Onda dünya durduqca dul qalacaqsan…

Gəncə, 06 fevral 2007
XS
SM
MD
LG