Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:34

«Lənkəranda notariat xidməti iflic vəziyyətindədir»


Lənkəran rayon 2-ci Dövlət Notariat Kontoru
Lənkəran rayon 2-ci Dövlət Notariat Kontoru
Lənkəran və Masallıda dövlət notariusu vəzifəsi yeri bir ilə yaxındır ki, boşdur. Lənkəranda 200, Masallıda isə 160 mindən çox əhali yaşayır. Masallıya notarius Biləsuvardan gəlir. Lənkərana isə tək günləri Astara, cüt günləri isə Yardımlı rayonunun notariusu baş çəkir.

Lənkəranda notariat kontorunun biri məhkəmə binasında, ikincisi isə mikrorayonda yerləşir. Hər iki kontorun yerləşdiyi yer darısqaldır, iş görməyə yararlı deyil. Bu səbəbdən də notariat kontorlarının qarşısında həmişə növbələr olur.

Sakinlər deyirlər ki, sənədlərini təsdiq etdirmək üçün bir gün əvvəldən növbəyə durmaq lazım gəlir.

Sakinlərdən biri Fəridə İbayeva bildirir ki, əlindəki sənədi təsdiq etdirə bilmir. Bütün günü notariat kontorların önündə durmalı olur. Üstəlik, görülən işə görə adamlardan qanunda nəzərdə tutulduğundan çox pul alırlar. Adamlar da notariusun tələblərini yerinə yetirmək məcburiyyətində qalırlar. Çünki istənilən vaxtı notariusu tapmaq olmur.

5 ƏVƏZİNƏ 15, 3 ƏVƏZİNƏ 60-70 MANAT

Lənkəranda fəaliyyət göstərən «Hüquqi Yardım» İctimai Birliyinin rəhbəri İlqar Qasımov deyir ki, sakinlər sözügedən məsələ ilə bağlı onlara müraciət ediblər. Bu baxımdan da birlik monitorinq keçirib. Məlum olub ki, yerli notariusda kadrlardan biri işdən kənarlaşdırılıb, digəri isə vəfat edib.

İlqar Qasımov deyir ki, rayonda notariat xidməti iflic vəziyyətindədir. Əhalinin bu xidmətdən narazılığının səbəblərindən biri də, müxtəlif yollardan istifadə edən adamlar üçün növbəsiz iş görülməsidir.

Onun sözlərinə görə, dövlət rüsumları qanunda nəzərdə tutulduğundan artıq alınır. Monitorinq zamanı məlum olub ki, məhkəmədə nümayəndə kimi iştirak etmək üçün verilən etibarnamələrə görə 5 manat əvəzinə 15 manat, vəsiyyətnamənin təsdiqi üçün 2-4 manat əvəzinə 20-30 manat, vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsinə görə 3 manat əvəzinə 60-70 manat, əmlakın başqa şəxslərə keçməsi üçün 3 manat əvəzinə 150-200 manat, sənədlərin bir dildən başqa dilə tərcümənin təsdiqinə görə 2 manat əvəzinə 20-30 manat tələb olunur. Sadə notariat əməliyyatlarının - imzanın təsdiqi, sənədlərin sürətlərinin təsdiqi, vəsiyyətnamənin tərtibi və təsdiqi, mənzil sahələrinin müvəqqəti istifadəyə verilməsi barədə sənədlərin təsdiqi əməliyyatlarının ümumiyyətlə aparılmaması və ya 2-4 gün ərzində icra edilməsi, dövlət rüsumlarının hamının görə biləcəyi yerlərdə asılmaması faktları var.

İlqar Qasımov notariat kontorlarında «Notariat haqqında» və «Dövlət rüsumu haqqında» qanunlara əməl edilmədiyini bildirir. O, eyni zamanda deyir ki, bununla bağlı Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat İdarəsinə və Respublika Prokurorluğuna müraciət olunacaq.

NOTARİUS DEYİLƏNLƏRLƏ RAZILAŞMIR

Həftənin tək günləri Lənkəranda işləyən Astara notariat kontorunun notariusu Faiq Qurbanov isə deyilənlərlə razılaşmır. Deyir ki, dövlət rüsumları nəzərdə tutulmuş məbləğdə alınır. Əhalinin bu sahəyə ehtiyacı olduğuna görə, günün birinci yarısında kontorlarda növbələr olur. Lakin kontorlara müraciət edən vətəndaşların sənədləri qanun daxilində təsdiq edilir.

Faiq Qurbanov deyir ki, Lənkəranda notarius yerini tutmaq üçün bir nəfər onun yanında təcrübə keçir. Noyabr ayında müstəqil işə başlayacaq.

Sabiq dövlət notariusu Elman Hüseynovun sözlərinə görəsə, notarius yerini tutmaq üçün ağır şərtlər var. Ali təhsilli hüquqşünas test imtahanı verməli, sonra isə nazirliyin müsabiqəsindən keçməlidir.

Test varsa, müsabiqə nə üçündür?

Elman Hüseynov deyir ki, burada söhbət heç də savaddan getmir. Onun sözlərinə görə, imtahanı keçirənlər özlərinin yazılmamış şərtlərini, nazirlik də öz şərtlərini irəli sürür. Ola bilər ki, yüksək hüquqi savadı olan şəxs imtahandan keçsin, lakin müsabiqədən keçməsin.

E.Hüseynovun deməsinə görə, boş yerlərə adam təyin edənə qədər Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat İdarəsi bir işçisini müvəqqəti həmin yerlərə göndərə bilər.
XS
SM
MD
LG