Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:15

Məktəb illəri…


Sentyabrın 1-i keçmiş Bilik Günüdür
Sentyabrın 1-i keçmiş Bilik Günüdür
Hansımız uşaq olmamışıq. Hansımızın yaddaşında məktəblə bağlı acılı-şirinli, gülməli-kədərli, hamıdan gizlətdiyimiz, məhrəm və ya hamı ilə bölüşməyə hazır olduğumuz, bizi illər sonra uşaq olmağa sövq edən xatirələr yoxdur?..

Dedik sentyabrın 1-də, keçmiş bilik günündə ciddi görkəmli, adətən kostyumda-qalstukda görməyə adət etdiyimiz siyasətçiləri uşaq olmağa, daha doğrusu, məktəb illərinə qayıtmağa sövq edək. Qayıtdılar da. Suallarımızın cavabında bəzən sadəcə, qımışdılar, bəzən də şaqqıldayıb güldülər. Amma bəziləri illər sonra belə bu xatirələrini onların təbirincə desək, «ictimai müzakirəyə» çıxarmağa, bölüşməyə, suallarımıza doğru-dürüst cavab verməyə ürək eləmədi. Niyə? Bilmirik. Amma bəziləri o qədər xatirə danışdı ki, yığıb-yığışdırmaqda çətinlik çəkdik…

«SİNİFLƏ DALAŞIRDIQ, DƏRSDƏN QAÇIRDIQ…»

Müsavat Partiyasının başqanı İsa Qəmbər:

- Orta məktəb xatirələri elə xatirələr silsiləsindəndir ki, çoxdur, rəngarəngdir. Ancaq qəfildən kimsə soruşanda, o xatirələrin bütün gözəlliyini ifadə etmək olmur, o biri yandansa o xatirələr yalnız onu yaşayanlar üçün maraqlı, qəribə, təsirli olur. Bir də, onlar mənim əhvalatlarımdır.

- İsa bəy, orta məktəbdə elə hadisə olubmu ki, sizə dərs çıxarmağa kömək edib və ya hələ də təəssüflənirsiz ki, gərək onda uşaqlıq etməyəydim?

İsa Qəmbər
- (Gülərək) Təbii ki, olub. Ancaq indi onu ictimai mühakiməyə çıxartmaq da o qədər asan məsələ deyil. Olub, dərsdən də qaçmışıq, bəzən müəllimlərimizi də incitmişik, onlar da bizi incidib...

- Niyə incidiblər? Bəlkə qiymətinizi kəsiblər?

- Mənim oxumaqla bağlı problemim olmayıb. Yüksək qiymətlərlə oxumuşam. Ola bilər yaxşı oxuduğum üçün də özümü daha sərbəst hiss eləmişəm, öz mövqeyimi, eləcə də başqalarının haqlarını müdafiə etmişəm. Hər halda, səhvlərimiz də olub…Gözəl dövrüydü. Uşağıydıq. Özümüz üçün yaşayırdıq. Kimin həvəsi vardı, oxuyurdu, kimin həvəsi yoxdu, oxumurdu. İdmanla məşğul olurduq, dərsdən qaçırdıq, bəzən siniflə dalaşırdıq, bəzən müəllimlərlə mübahisə edirdik.

- İsa bəy, dalaşanda döyürdüz, döyülürdüz?

- Əksər hallarda qaliblər sırasında olurdum. Ancaq uşaq davalarıydı, hər şey olurdu. Bir-iki hadisə var ki, dava etmədən də məsələni həll etmək mümkünüydü. Ancaq uşaqdan indiki yaşın yanaşmasını, analizini tələb etmək də gülməli olar. O dövrdəki müəllimlərimi hörmətlə, şagird yoldaşlarımı həsrətlə xatırlayıram. Bizi eşidənlərə salamlarımı, hörmətlərimi çatdırıram.

«İKİ NƏFƏRİ GÖNDƏRDİK Kİ, ÇƏNLİBELİ TAPSIN»


Ümid Partiyasının sədri İqbal Ağazadə:

- Əlifba bayramından sonra bizə məktəb kitabxanasından kitab götürməyə icazə verdilər. İki nəfər daha yaxşı oxuyurdu: İlham Ağayev və mən. Mən uzun, qaraüzlü «Biri vardı, bir yoxdu» kitabını götürdüm, İlham «Koroğlu» dastanını. Oxuyub uşaqlara danışmalıydıq. «Koroğlu» dastanını oxuyub təsirlənən birinci sinif uşaqları günün birində qərar verdilər ki, bütün sinif, hamılıqla Çənlibelə qaçaq. Bizim sinfin Koroğlusu İlham Ağayev idi. O Çingizi və Aydını Çənlibeli axtarmağa göndərdi. Onlar da, birinci sinif uşaqları yola çıxdılar. Təsəvvür edin, bütün məktəb, valideynlər üç gün onları axtardı. Bizsə yoldaşlarımızın yerini demədik. Nəhayət, onları Biləcəridə yük vaqonlarında tapdılar.
İqbal Ağazadə
Və bütün məktəb, Maarif Nazirliyi, milis ayağa qalxmışdı ki, bu uşaqlar niyə qaçıblar. Məlum olanda ki, Çənlibelə getmək istəyiblər şoka düşdülər. O zaman bizim sinfə çox böyük cəza verdilər, tənəffüsə buraxmırdılar, məktəbdəki bütün proseslərdən təcrid edirdilər…

Başqa bir əhvalat da yadımdan çıxmır. 9-cu sinifdə oxuyurduq, fevralın 23-də keçirilən olimpiadada məktəbimizi bütün sahələrdə bizim sinif təmsil edirdi. Amma biz olimpiadanı boykot etdik.

- Səbəb nəydi?

- Bayramı keçirməyə icazə istədik, qoymadılar. Biz də «Ekspress» adlı kafeni bağlatdırdıq, bir az da spirtli içki qəbul etdik. Sonra da olimpiadanı boykot etdik, tədbirə getmədik. Hamımızı məktəb direktoru çağırıb danladı, poliklinikaya çağırıb içkili olmağımızı yoxladılar, sonra da məktəbdən çıxarılmaq məsələsi gündəmə gəldi, valideynləri məktəbə gətirtdilər. Günahımızı sinif rəhbərinin üstünə atıb birtəhər canımızı qurtardıq.

«SEVGİ MƏKTUBUNA GÖRƏ DOSTUMU CƏZALANDIRDILAR»

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu:

- Lap birinci sinifdən qapalı məktəbdə – internatda oxumuşam. Burda bilik almaqla ictimailəşmə prosesi yanaşı gedib. Məncə, ictimai fəallığımın, siyasi işlərə can atmağımın əsasında duran faktorlardan biri də budur. Mən kənd uşağıydım. Müharibədən sonrakı illəriydi, televiziya-radio yox idi, şəhərdən şəhərə üstüaçıq maşınla gedib-gəlirdik. Yadımdadır ki, əlifbanı, hərfləri şəkillərlə öyrədirdilər. Məni şəkillər daha çox cəlb edirdi. Məsələn, yazırdılar: «N», onun yanında da nar şəkli çəkirdilər. Mən də nar görməmişdim, «N» hərfindən çox nar sözü fantaziyama qol-qanad verirdi. Şəkillər məni hərfləri öyrənməyə qoymurdu…

Sərdar Cəlaloğlu
Dəqiq elmləri birinci sinifdən yaxşı oxusam da, humanitar elmləri zəif oxuyurdum, xəttim də pisiydi, pinti yazırdım, rəsm çəkmək qabiliyyətim çox zəifiydi. Amma 9-cu sinifdə ədəbiyyat sahəsində o qədər irəli getdim ki… Müəllimim deyirdi ki, sənin inşalarını oxuyanda dincəlirəm. Əsasən də sərbəst mövzuda yazırdım. Bütün fənləri yaxşı oxumuşam, qızıl medal düşürdü, amma pul istədilər. Mən də dedim ki, atam müəllim, kasıb adamdı, dedilər, onda bağışla. Nəsə. Söz yazıdan düşdüsə, bir əhvalatı danışım. Bir dostum vardı, qız istəyirdi. Dedi ki, mənim adımdan sevgi məktubu yaz. Dedim axı, sevməyə-sevməyə, o qızı tanımaya-tanımaya necə yazım? Qayıtdı ki, elə bil sərbəst mövzuda inşa yazırsan. Mən də yazdım. Bir müddət sonra maraqlandım ki, məktubun təsiri oldumu? Dedi ki, nə danışırsan, o məktubu göndərərəm heç, özümdə saxlamışam, qabağıma keçənə oxuyub ləzzət alıram. Heyfi gəlib göndərməmişdi…

- Bəs özünüz orta məktəbdə sevdiyinizə məktub yazmadız?

- Açığını deyim yazmamışam. Amma orta məktəbdə bir qızı sevmək demək olmaz, onunla maraqlanırdım. Bir dostum dedi ki, ona məktub yaz, o zaman da buna pozğunluq kimi baxırdılar, məktub yazmaq təhlükəli sayılırdı. Sən demə, bu dostum mənim adımdan qıza məktub yazar, mənə də deməz. Qız da bunu verər müəllimə. Direktor, müəllimlər yığışıb gəldilər, guya böyük cinayət baş verib, qovmaqla hədələdilər. Hamının xəttini tutuşdurdular və məktub müəllifini tapıb cəzalandırdılar. Sonra o qızla bir söhbətim oldu. O söhbət mənim ona müsbət münasibətimin üstündən xətt çəkdi...

«İNDİ NƏ QƏDƏR ƏDALƏTSİZLİK OLSA, DEYİRSƏN HƏYATDI DƏ, UŞAQ VAXTI DÖZMÜRDÜM»


Hakim Yeni Azərbaycan Partiyasından deputat seçilmiş, «Azərbaycan» qəzetinin redaktoru Bəxtiyar Sadıqov:

- Birinci sinfə getdiyim gün indi də yadımdadır. Özü də onda kasıbçılıq idi, müharibədən sonrakı çətin illər, pal-paltar yox, çanta yox. Uzun müddət kitabları qəzetə büküb aparmışam. O vaxt mürəkkəblə yazırdıq, mürəkkəbqabını da özümüzlə torbada aparırdıq. Mən də nadinciydim. Dərsdən qabaq, ya sonra çanta davası olurdu. O mürəkkəb də dağılırdı, ağ köynək də batırdı, əlimiz də, çanta da. Onun üstündə o qədər döyülmüşəm ki…

Bəxtiyar Sadıqov
O vaxt siniflərdə sanitar olurdu, yandan bir çanta asırdılar, içində də yod, pambıq, tənzif olurdu. Mənim də belə çantam vardı. Kimsə yıxılanda ilk yardım göstərməyə. Başqa sinifdən yıxılan, yaralanan olanda gəlirdilər ki, kömək elə. Amma nə qədər eləyirdilər vermirdim, deyirdim ki, o bizim sinif üçündür, qıymırdım.

…Dəcəliydim, amma əlaçıydım. Dedilər ki, qoy «sinifkom» olsun, bəlkə nadinclik eləməz. Amma xeyri yox idi. Elə ki, dərsdən qaçmaq məsələsi gəlirdi, başda mən olurdum. Bir dəfə sinif rəhbəri dərsdən çıxartdı ki, get valideynini gətir. Gördüm bu işdə ədalətsizlik var. Uşaqlıqda adam ədalətsizliyə dözmür, amma indi nə boyda ədalətsizlik olsa bunu qəbul edirsən ki, həyatdı də, belədir…Nəsə, anama heç nə demədim. Səhər yenə müəllim sinifdən çıxartdı ki, ananla gələrsən. Mən də tərsliyə düşdüm. Üç gün dərsə girmədim, vaxtımı Ağdamdakı Lenin bağında keçirirdim. Həmrəylik olaraq uşaqlardan biri də hər dəfə məni tək qoymur, dərsə girmirdi. Sonra müəllimə evə başqa uşaqla xəbər göndərdi, onun üstündə də o qədər döyüldüm ki…

Sentyabrın 1-i əziz gündür biz yaşlılar üçün, indisə sentyabrın 15-i bilik günü kimi qeyd olunur. Həmişə övladlarımızı məktəbə aparanda o illəri xatırlamışıq, bir-iki ilə nəvəmi birinci sinfə aparmalıyam, yəqin onda da özümü onun sinif yoldaşı kimi hiss edəcəm…

«MƏKTƏB XATİRƏLƏRİMİ XANIMIMLA YADA SALIRAM»

Millət vəkili Pənah Hüseyn:

- Məktəbin bizim biz olmağımızda fövqəladə, əhəmiyyətli rolu olub. Mən özüm yaxşı oxumuşam. Attestatımda əladan başqa qiymət yoxdur. Medal da vermək istəyirdilər, alınmadı.

- Bir az hər şey ideal alınır. Bəs şuluxluq-zad eləməmisiz?

- Onu deməyi düzgün saymıram. Başqaları deyər.

- Dərsdən də qaçmamısız?

Pənah Hüseyn
- (Gülür) Mən özüm məşhur şagird olmuşam. Elə-belə, sadə olmamışam. Hə…

- Dərsdən qaçmaqda da?

- Mən hər şeydə məşhur olmuşam. İctimai işlərdə fəal olmuşam, pioner-komsomol drujinaları qərargahının rəhbəri olmuşam, həm də davakar olmuşam.

- Sizin belə «fəallığınız», «məşhurluğunuz» qızların diqqətini cəlb edirdi?

- Mən indiki həyat yoldaşımla bir sinifdə oxumuşam…

- İlk və son məhəbbətiniz sinif yoldaşınız olub?

- Bu haqda danışmağım yaxşı deyil.

- Bir xatirənizi bölüşərdiz bəlkə.

- Mən xatirə danışmağı xoşlamıram. Uşaqlarla hərdən toplanırıq, onda danışırıq, hərdən bir yerdə oxuduğum həyat yoldaşımla məktəb illərini yada salırıq.

«ELƏ HƏR CÜR OLMUŞAM»

Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov maşında yol getdiyini deyib çox danışmadı. Ağlıma gələn ilk sualı verirəm ki, necə şagird olmusuz, nümunəvi, şulux, dalaşqan?

Etibar Məmmədov
- Elə hamısından olmuşam. Olub, hər şey olub. Ancaq daha onu yada salmağa ehtiyac yoxdur.

- Yadınıza düşəndə uşaq kimi sevindiyiniz əhvalat varmı?

- Olub. Amma indi onları danışmaq imkanım yoxdur…

- Millətçi kimi tanınan Etibar Məmmədovun bu cür dünyabaxışının formalaşmasında məktəbin təsiri olubmu?

- Bu, daha çox ailədən gəlib. O müzakirələr məktəbdə son siniflərdə gedirdi. Amma o da qorxuluydu deyə, dərhal da dayandırılırdı.
XS
SM
MD
LG