Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:37

Dindarlar şəhər rəhbərliyinə 3 gün vaxt verdilər


Sentyabrın 2-də bir qrup dindar meriyada olaraq bir gün əvvəl keçirdikləri aksiyanın qətnaməsini onlara təqdim ediblər
Sentyabrın 2-də bir qrup dindar meriyada olaraq bir gün əvvəl keçirdikləri aksiyanın qətnaməsini onlara təqdim ediblər
«Fatimeyi-Zəhra» məscidinin gələcək taleyinə aydınlıq gətirmək üçün dindarlar Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) 3 gün vaxt veriblər. Sentyabrın 2-də bir qrup dindar meriyada olaraq bir gün əvvəl keçirdikləri aksiyanın qətnaməsini onlara təqdim ediblər. Dindarlar deyirlər ki, məscidin sökülməsi ilə bağlı qərar ləğv edilməsə, kütləvi aksiyalarını bundan sonra da davam etdirəcəklər.

«Fatimeyi-Zəhra» məscidinin sökülməsi ilə bağlı qərar avqustun 31-də İqtisad Məhkəməsində qəbul edilib. Məhkəməyə qədər isə BŞİH bu məscidin inşası ilə bağlı sərəncamı ləğv etmişdi. Sentyabrın 2-də dindarlar dövlət başçısına da müraciət göndərərək ondan məscidin sökülməsi ilə bağlı qərarın ləğv edilməsinə kömək göstərməsini xahiş ediblər:

MƏSCİDİN SÖKÜLMƏSİNƏ İMKAN VERMƏYƏCƏKLƏR?

- Bizim borcumuz məscidin sökülməsinə imkan verməməkdir. Çalışacağıq ki, heç bu baş tutmasın. Bu, ölkə daxilində də, xaricdə də hökumətin ziyanına olan bir məsələdir. Bununla hökumətin həm bütün dünyada, həm də İslam Konfransında boynu yerə girər.
Gündüz İsmayılov
Çünki «Fatimeyi-Zəhra» sökülsə, bu, Azərbaycanda bir ildə uçurulan 3-cü məscid olacaq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu məsələdə dindarları müdafiə etməyəcəkləri isə şəksizdir. Komitənin şöbə müdiri Gündüz İsmayılov deyir ki, ortalıqda məhkəmə qərarı var:

- Məhkəmənin qərarı icra olunacaq. Çünki məhkəmələrin qərarları müzakirə edilmir, icra edilir. Bizim, hansı mövqedə olursaq-olaq, indi məhkəmənin qərarına və onun icra edilməsinə hörmət etməkdən başqa yolumuz yoxdur.

Gündüz İsmayılov dindarların kütləvi aksiya keçirmək istəyinə də hörmətlə yanaşır. Ancaq onun fikrincə, bu aksiyalar mütləq sanksiyalaşmalıdır. Əks halda aksiyalar yolverilməzdir. Gündüz İsmayılov məscid sökülərsə, dindarların buna imkan verməyəcəkləri haqda fikir səsləndirmələrini isə ciddi qəbul etmir.

ODLA OYNAMAZLAR…

Bəzi ekspertlər isə düşünürlər ki, din həssas sahə olduğundan dövlət məmurları bir qədər ehtiyatlı olmalıdırlar.
İlqar İbrahimoğlu
Dini Etiqad və Vicdan Azadlıqları Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu deyir ki, əgər Azərbaycanda bir ildə 3-cü məscid də sökülsə, bu, ölkənin mənəvi təhlükəsizliyinin ayaqlar altına atılması olacaq:

- Əgər söz azadlığı pozulursa, vicdan azadlığı pozulursa, demokratiya pozulursa, bu ölkədə hər cür anormallıqlar baş verə bilər. Din həssas sahədir, ehtiyatlı olmaq lazımdır. Bir tərəfdən Bakını İslam mədəniyyətinin paytaxtı elan edirlər, başqa bir tərəfdən də məscidləri sökülən paytaxta çevirirlər.

Dindarlar 2 saylı Bakı İqtisad Məhkəməsinin qərarından da apellyasiya şikayəti vermək niyyətindədirlər. Onlar hələ ki, hüquqi yolla «Fatimeyi-Zəhra» məscidinin sökülməsinin qarşısını ala biləcəklərinə ümidlərini itirməyiblər.
XS
SM
MD
LG