Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:55

Gənclərin məhkəməsindən gözləntilər nədir?


Hikmət Hacızadə
Hikmət Hacızadə
Sentyabrın 4-də gənc bloqqerlər Adnan Hacızadə ilə Emin Millinin məhkəməsi başlayır. Bununla da təxminən 2 ay əvvəl paytaxtın «Livan» restoranında baş verən müəmmalı olaylara aydınlıq gətirilməlidir. Gənclərin vəkilləri hesab edirlər ki, ittiham aktı birtərəfli və ədalətsiz hazırlanıb. Adnan Hacızadə və Emin Milli həmin olayda döyülsələr də, işdə təqsirkar kimi tanınıblar.

Bəs görəsən, məhkəmə istintaqı ibtidai istintaqdan fərqlənəcəkmi?

HİKMƏT HACIZADƏ MƏHKƏMƏDƏN BƏRAƏT İSTƏYİR


Hər halda Adnan Hacızadənin atası Hikmət Hacızadə məhkəmədən bəraət istəyir. Onun fikrincə, əgər məhkəmə ədalətli mövqe tutsa, gənclərin günahsızlığı üzə çıxacaq:

- Ümid edirəm ki, rəhbərlik müdriklik nümayiş etdirəcək. Nəticədə ölkə onu beynəlxalq aləmdə hörmətdən salan, gənclərin ailələrinə əziyyət verən bu absurddan xilas olacaq.

Ombudsman Elmira Süleymanova da məhkəməyə müraciət edib. Müraciətdə ombudsman gənclərin ilk dəfə məsuliyyətə cəlb olunmalarını nəzərə alaraq, alternativ cəza növlərinin seçilməsinin mümkünlüyünü nəzərdən keçirməyi xahiş edir.

HƏMİN DALĞA, HƏMİN KOORDİNAT?


Ancaq bu məhkəmə tək yerli yox, bir sıra beynəlxalq təşkilatların da diqqətindədir. «Freedom House» təşkilatının bəyanatında deyilir ki, gənclərin sentyabrın 4-nə təyin edilən məhkəməsi yeni media da daxil olmaqla ifadə azadlığının boğulmasının davamıdır. Təşkilat qeyd edir ki, bu, iki il qabaq xuliqanlıqda və bədənə az ağır xəsarət yetirməkdə ittiham edilən müxalifətçi jurnalist Qənimət Zahidin işini xatırladır.

Parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova isə deyir ki, o, Azərbaycan məhkəmələrində ədalətli mühakiməyə inanır:

Rauf Mirqədirov
- Mən inanıram ki, həqiqət ortaya çıxacaq. Əgər gənclərin günahı sübut olunacaqsa, onlar ədalət qarşısında cavab verəcəklər. Yox əgər onların günahsızlığı üzə çıxsa, azadlığa buraxılacaqlar. Ona görə də bəri başdan məhkəməyə təsir göstərməyə ehtiyac yoxdur.

«Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov isə deyir ki, son vaxtlar Azərbaycanda nə siyasi məntiq, nə hüquqi məntiq, nə də beynəlxalq öhdəliklər nəzərə alınır. Ona görə də məhkəmənin ədalətinə ümid eləmək mümkün deyil:

- Təəssüf ki, Azərbaycan hökuməti bir sıra hallarda özünü beynəlxalq aləmə mümkün olduğundan daha artıq təqdim etməyə çalışır. Bu mənada mən gənclərə məhkəmədə hansısa müddətə həbs cəzası veriləcəyini istisna etmirəm.

Ancaq Rauf Mirqədirov düşünür ki, gənclərin həbsi ətrafında beynəlxalq reaksiyalar artdıqca, ölkənin imicinə daha böyük zərbələr dəyir. Əgər hökumət ölkənin imicini şəxsi maraqlarına qurban verməsə, gənclər azad oluna bilər.
XS
SM
MD
LG