Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:22

Ermənistanda rus dilinə maraq azalır


Ermənistan müstəqilliyini əldə edəndən sonra rus məktəblərinin sayı ölkədə get-gedə azalmaqdadır. Bu gün rus məktəbləri ancaq Yerevan və Gümrüdə qalıb. Onlar da Rusiya hərbi hissələrinin ərazisindədir və rus hərbçilərinin uşaqları üçün nəzərdə tutulub.

Hazırda Ermənistanın 40 məktəbində «rus sinfi» var və onların cəmi 3-də təhsil rus dilindədir. Qalan 37 məktəbdə «erməni sinifləri» ilə yanaşı «rus sinifləri» də fəaliyyət göstərir.

TƏXMİNƏN 9-10 MİN NƏFƏR
Ermənistanın Təhsil Nazirliyinin ümumtəhsil idarəsinin aparıcı mütəxəssisi Liliya Balasanyan deyir ki, rus dilində təhsil alanların sayı təxmini məlumatlara görə 9-10 min nəfərdir. Onların 1/3-i milli azlıqların və qarışıq nikahlardan olan uşaqlardır, 1/3-i Rusiya vətəndaşı və ya etnik ruslar, qalan 4000 isə Rusiyada 5-ci sinfi oxuyub qayıdan ermənilərdir.

11 yaşlı Aram Moskvada 10 il ailəsi ilə yaşayandan sonra vətəninə qayıdıb. Erməni dilində yazmağı və oxumağı bilmir. 176 saylı məktəbin 5-ci sinfinə getsə də orada problemlə qarşılaşıb, çünki fənlərin bəzisi erməni dilində keçilir.

Aramın valideynləri məktəbi dəyişməyə qərar veriblər, ancaq dövlət məktəbinin heç birində rus dilində tam tədris olmadığından, uşağı «Slavyan» məktəbinə qoymağa məcbur olublar. Bu məktəbdə təhsil planı eynidir, ancaq dərslər rus dilində keçilir. Özəl olduğundan isə ay ərzində 30 min dram, yəni təxminən 100 dollar ödəyirlər.

«Geri qayıtmışıq - istəyirik qalaq, uşaq burada oxusun. İstərdik ki, məktəb pulsuz olsun. Ancaq məcburiyyət üzündən bu yolu seçməli olmuşuq, bilmirik uşağın gələcəyi necə olacaq».

Ən ciddi problemlərdən biri Rusiyadan gələn erməni uşaqların tədrisidir. Bu barədə «Rusiya» ictimai təşkilatın rəhbəri Yuri Yakovernko danışır:

«Ermənistana gələnlərin çoxu uşaqlarının doğma dili bilmədiyi ilə qarşılaşır. Məcbur olurlar övladlarını rus siniflərinə aparırlar. Ancaq həmin siniflərdə oxuyan şagirdlər erməni dilini qəbul imtahanlarında verəcək səviyyədə öyrənə bilmirlər. Təəssüflər olsun ki, uşaqların gələcəyini qura bilməyənlər sonradan geri qayıtmalı olurlar».

UŞAQLARIN ADAPTASİYASI
«Slavyan» məktəbi Ermənistanda yeganə qeyri-dövlət, rus dilli təhsil ocağıdır. 13-cü tədris ilində bu məktəbin cəmi 80 şagirdi var, çünki məhdudiyyət var. Ruslarla yanaşı, gürcülər, osetinlər, kürdlərlə yanaşı bu məktəbdə valideynlərindən biri hökmən başqa ölkə vətəndaşı olan ermənilər də oxuyur. Direktor deyir ki, onlar ölkəyə qayıdan erməniləri adaptasiya edirlər:

«Biz onların normal adaptasiyası üçün müəyyən şərait yaratmışıq. Ermənistanla tanış olmaq üçün tədbirlər keçirilir, ekskursiya, ölkənin diqqətəlayiq yerlərinə səfərlər təşkil edirik. Uşaqlar öz ölkəsinin mədəniyyəti və tarixini bilməlidir, bu bizim bir nömrəli vəzifəmizdir».

Ermənistanda ali məktəblərlə bağlı vəziyyət daha mürəkkəbdir. Hazırda yalnız bir universitetdə təhsil rus dilindədir – Rus-Erməni Slavyan universitetində. Orada 2600-ə yaxın tələbə oxuyur. Tələbələrin 25-30 faizi milliyyətcə erməni olsalar da, keçmiş Sovet ölkələrindən birinin vətəndaşıdırlar, əksəriyyəti isə Rusiya Federasiyasının.

«BİZDƏ BU GÜN KEYFİYYƏT YOXDUR»
İndi Ermənistanda rus dilinə tələb sovet dövründən azdır, bunu bütün ekspertlər qeyd edir. Təhsil Nazirliyinin ümumtəhsil idarəsinin aparıcı mütəxəssisi Liliya Balasanyan deyir ki, rus dilini əsaslı öyrədən məktəblərdən başqa, digərlərindən hansısa keyfiyyət gözləmək lazım deyil. Adi məktəblərdə rus dili həftədə 2 dəfə keçirilir:

«Bizdə bu gün keyfiyyət yoxdur. Orta məktəblər bütün diqqətini ingilis dilinə yönəldib, rus dili kənarda qalıb. Bir dili digərinin hesabına öyrənmək olmaz».
«Slavyan» məktəbinin direktoru Yuli Yakovenko deyir ki, Ermənistanda orta məmur sinfi səviyyəsində rus dilinin sıxışdırılması gedir.
XS
SM
MD
LG