Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:26

Naxçıvanda haqqını tələb etmək dəlilikdir?


Naxçıvanda xalq qəhrəmanı Babəkin abidəsi

- Fevral ayından 4 min dollarlıq malını tutub vurublar anbara, sonra da satıblar. Bu da haqqın tələb edir. Deyirlər, haqını niyə tələb edirsən? Heç yerdə şikayətimizi eşitmirlər. Mən 4 qızla hara gedim, dərdimi kimə deyim?

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova şikayət etdikdən sonra ruhi xəstəxanaya salınan Məhəmməd Qurbanovun həyat yoldaşı Fəridə İsmayılova belə deyir.

Fəridə İsmayılova indi çıxılmaz vəziyyətə düşüb və nə etməli olduğunu bilmir. Onun deməsinə görə, son illər həyat yoldaşı işsiz qaldığından Türkiyədən mal gətirib Naxçıvanda səyyar ticarətlə məşğul olurmuş. «Dilucu-Sədərək» postunda həyat yoldaşından artıq pul istədiklərindən gömrük işçiləri ilə anlaşa bilməyib. Nəticədə malı müsadirə edilib.

Ancaq onun təkcə malı əlindən çıxmayıb. Şikayət etdiyinə görə, özünü də ruhi xəstəxanaya salıblar. Fəridə İsmayılova deyir ki, 2 min dollar borcları var. Borcu sələmə götürdüklərindən bu rəqəm də getdikcə şişir.

BU, BİRİNCİ DƏFƏ DEYİL

Eldar İbrahimov
Əslində, Naxçıvanda tək Məhəmməd Qurbanov bu aqibətlə üzləşməyib. Bundan əvvəl 70 yaşlı Ələsgər İsmayılov da Muxtar Respublika rəhbərliyindən ölkə başçısına şikayət etdiyi üçün ruhi xəstəxanaya salınmışdı. Ötən ilin dekabrında isə şəhər mərkəzində yolka ağacını kəsən gənclərin valideynləri eyni aqibətlə üzləşmişdilər. Ancaq nədənsə hələ də Bakıda rəsmi orqanlar belə məlumatlara inanmaq istəmirlər. Hər halda Naxçıvandan millət vəkili seçilən Eldar İbrahimov deyir ki, belə məlumatlar Muxtar Respublika rəhbərliyinə ləkə yaxmaq istəyən insanların uydurmalarıdır:

- Mən buna inanmıram. Belə şeylər ola bilməz. Ola bilər ki, kimlərinsə işi düz getmir və bundan Muxtar Respublika rəhbərliyinə ləkə vurmaq üçün istifadə etmək istəyirlər.

NAXÇIVANDAKI İNKİŞAFI QISQANANLAR VAR?

Eldar İbrahimovun fikrincə, bəzi insanlar Naxçıvandakı quruculuq işlərindən qısqanclıq hissi keçirirlər. Ona görə də Muxtar Respublika rəhbərliyinə qarşı çirkin iddialar səsləndirirlər:

- Mənə zəng vurub soruşurlar ki, Naxçıvanda zivədən paltarları yığışdırırlar. Yaxşı bu müsəlmanlığa, qanuna uyğundur ki, bizim ana-bacılarımızın alt paltarı küçədən asılsın və gəlib-gedənlər də tamaşa eləsin. Və yaxud köhnə maşınları yığışdırıb. Bu adam qanun-qayda yaradır da…

Sərdar Cəlaloğlu
Ancaq Azərbaycan Demokrat Partiyasının əslən Naxçıvandan olan sədri Sərdar Cəlaloğlu Fəridə İsmayılovanın düşdüyü vəziyyəti anlayır. Sərdar Cəlaloğlu deyir ki, hər Naxçıvana gedəndə onu heyrətə salan hallarla üzləşməli olur. Partiya sədrinin deməsinə görə, Naxçıvanda əksər mollaları xəbərdar ediblər ki, yas məclislərində siyasətdən danışa bilməzlər. Artıq bütün kəndlərdən çayxanalar da yığışdırılıb. Üstəlik, küçələrdə iki-iki, üç-üç dayanıb söhbət etmək də qadağandır.

Sərdar Cəlaloğlu deyir ki, hətta Naxçıvanda kəndarası yollarda da maşınları saxlayıb təhlükəsizlik kəməri taxmadıqlarına görə sürücüləri cərimə edə bilərlər:

POL POTUN KAMBOCASI


- Naxçıvandakı vəziyyət mahiyyət etibarı ilə Pol Potun (1975-1979-cu illər Kambocanın baş naziri olub. Onun dönəmində 2 milyona yaxın insanın qətlə yetirildiyi bildirilir - B.B.) Kambocasına oxşayır. Pol Pot qalstuk taxmağı qadağan etmişdi, eynək taxmağı qadağan etmişdi. Kişiləri qadınlarından ayırıb cərimə tarlalarına göndərirdi.

O ki qaldı Fəridə İsmayılovanın düşdüyü vəziyyətə, hüquqşünas İntiqam Əliyev deyir ki, bu hüquqdan kənar baş verənlərdir. Ancaq onun fikrincə, nə qədər ki, cəmiyyət belə ailələri müdafiə etmir, belə hallar bundan sonra da davam edəcək. İntiqam Əliyev deyir ki, bütün bunlar sadəcə məmur özbaşınalığı yox, sistemin pis idarə edilməsinin göstəricisidir.
XS
SM
MD
LG