Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:34

«Belə məhkəmələrdə qərarlar öncədən hazır olur»


Gənc bloqqerlər Adnan Hacızadə və Emin Millinin sentyabrın 16-da keçirilən məhkəmə prosesində onların müdafiəçiləri Elton Quliyev və İsaxan Aşurov məhkəmədən sübutlar siyahısının qəbul edilməsini xahiş etdilər. Vəkillərin dediyinə görə, olay baş verən ərazidəki və gənclərin gətirildiyi 9-cu polis bölməsinin qarşısındakı videonəzarət kameralarından görüntülərin alınması, bloqqerlər polis bölməsinə gələrkən çəkilən şəkilləri, zərərçəkmişlərin isə mobil telefonlarındakı danışıqlar və SMS-lər duruma aydınlıq gətirə bilər. Hakim vəsatəti qismən təmin edib.

«BELƏ İŞLƏRDƏ MƏHKƏMƏ ÇALIŞIR Kİ, ORTAYA ÇOX CİDDİ SÜBUTLAR ÇIXMASIN»

Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı deyir ki, səslənən sübutların toplanmasına yardım edilməsi məhkəmənin borcudur. Ancaq Hacılı bu prosesdə ən bariz sübutlarla belə həqiqətin üzə çıxarılacağına inanmadığını deyir:

Rəşid Hacılı
- Məhkəmənin bu işlərdə axıra qədər yardım etməsinə inanmaq çətindir. Xüsusən belə siyasi işlərdə məhkəmə çalışır ki, ortaya çox ciddi sübutlar gəlib çıxmasın. Çünki sübutlar ortaya gəlsə, məhkəmə üçün qərar çıxarmaq imkanları xeyli çətin olacaq. Ancaq sübutlar gətirilməsə, bu, ədalətli məhkəmə hüququnun açıq-aşkar pozulmasına səbəb olacaq.

Dediklərinə misal olaraq R.Hacılı «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin məhkəmə prosesini misal gətirir. Onun sözlərinə görə, vəkil olaraq qatıldığı prosesdə videonəzarət qurğularındakı görüntülərin alınması ilə bağlı vəsatət qaldırsa da ona bildirilib ki, qeydlər yalnız bir gün saxlanır, daha sonra isə ləğv edilir.

«BELƏ MƏHKƏMƏLƏRDƏ QƏRARLAR ÖNCƏDƏN HAZIR OLUR»

Qənimət Zahidin digər bir vəkili Osman Kazımov da eyni fikirdədir. Onun sözlərinə görə, ölkədə siyasi sifarişlə həbs olunan heç bir şəxsin məhkəməsində hakimiyyətin iradəsindən kənar ən xırda detala belə yol verilmir:

Osman Kazımov
- Azərbaycan reallığında nə qədər istəsən sübut təqdim et, yenə dövlət ittihamçısı öz fikrini deyir və belə məhkəmələrdə qərarlar öncədən hazır olur. Son günlərdə əlimə maraqlı bir fakt keçib. Xuliqanlıq və qəsdən sağlamlığa zərər vurmada ittiham olunan şəxsə şərti məhkumetmə veriblər, ancaq eyni əməllərdə ittiham olunan Qənimət Zahidə cəzası sübut edilmədən 5 il azadlıqdan məhrumetmə cəzası verirlər. Azərbaycanda müstəqil məhkəmə sistemi olmadığından əlavə sübutların təqdim edilməsindən hər hansı nəticə gözləmirəm.

«BU İŞİN TƏŞKİLATÇILARI ÇOX PİS VƏZİYYƏTDƏ QALACAQ»

Milli Məclisin üzvü Arzu Səmədbəyli də bloqqerlərin siyasi sifarişlə həbs olunduğunu və bütün prosesin sifariş üzrə davam etdiyini deyir:

Arzu Səmədbəyli
- Bu insanlar özləri siyasətçi olmasa belə, işləri siyasi xarakterlidir. Məhkəmənin gedişində bunu çox asanlıqla görmək olar. Məhkəmədə zərərçəkmiş kimi tanınan Vüsal adlı şəxs, ona öyrədildiyi qədər danışa bilirdi. Kənar sualların heç birinə cavab verə bilmirdi. Bəhanələrlə durumdan çıxmaq istəyirdi. Bu zaman hakim də prokuror da ona yönəldici suallar verirdilər.

Millət vəkilinin sözlərinə görə, məhkəmədə sübutlarla durumu dəyişəcəyinə inanmır. Bununla belə, bu məsələ ilə bağlı Azərbaycan hakimiyyətinə beynəlxalq səviyyəli təzyiqlərin nəticə verəcəyinə inamını da itirmir:

- Əgər məhkəmə bu qaydada davam eləyəcəksə, bu işin təşkilatçıları çox pis vəziyyətdə qalacaq. O sıradan hakim də. Məncə, təşkilatçılar artıq ilk məhkəmə baxışından fiaskoya uğradıqlarının fərqindədirlər. Ona görə də ola bilər ki, sentyabrın 18-də keçirilən prosesdə qarşıdan gələn Ramazan bayramı ilə bağlı bu şəxslərin buraxılması üçün addım da atıla. Çünki bu, çox perspektivsiz işdir.

Adnan Hacızadə və Emin Millinin işi üzrə məhkəmə prosesi sentyabrın 18-də zərərçəkmiş Babək Hüseynovun ifadələri ilə davam edəcək.
XS
SM
MD
LG