Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:43

Özbək pambığı və acı həqiqətlər


Noyabrın sonunacan 2 milyon uşağı məcbur edirlər ki, pambıq yığsın

Amerikada yeniyetmələr məktəbə qayıdır, Özbəkistanda isə pambıq tarlalarına. Çünki pambıq yığımı başlayıb. Düz noyabrın sonunacan ölkədə 6 yaşdan 15 yaşadək 2 milyon uşağı hər gün məcbur edirlər ki, pambıq yığsın.

Kənd təsərrüfatında uşaq əməyindən məcburi istifadə edən başqa ölkələrdən Özbəkistanın bir fərqi var. Burda uşaqları bu işə plantasiya sahibləri, yoxsul ailələr yox, hökumət cəlb edir. Hər il üçaylıq yığım vaxtı özbək hakimiyyəti yüzlərlə məktəbi, xəstəxananı, idarəni bağlayır. Uşaqlarla yanaşı, minlərlə müəllim, həkim, idarə işçisi tarlalara çıxarılır. Bu məcburi əməyi avtoritar özbək hökuməti diktə və idarə edir, dünyanın heç yerində görünməmiş miqyasda həyata keçirilir.

UŞAQ ƏMƏYİ VƏ PAMBIQ MONOPOLİYASI

Dünyada üçüncü xam pambıq ixracatçısı olan Özbəkistan hər il pambıq ixracından 1 milyard dollar qazanır. Bu gəlirlər hökumət və dövlət müəssisələri rəhbərlərinin ciblərinə gedir. Uşaqlara isə gördükləri işə görə yavan yemək verilir.

Prezident İslam Kərimov Özbəkistanda təkcə demokratiyanı boğmur, ölkə pambığını da monopoliyaya alıb. Özbək fermerləri pambığı ancaq dövlət idarələrinə sata bilərlər, özü də dünya bazarındakı qiymətdən 3 dəfə ucuz. Sonradan hökumət bu pambığı bazar qiymətinə satır və böyük gəlir qazanır.

ÖZBƏK PAMBIĞINI BOYKOT

Qərb istehlakçıları, şirkətlər bilməyərəkdən məcburi uşaq əməyi ilə yığılmış bu pambığı alırlar. Özbək pambığı əsasən Cənubi Asiya və Şərqi Avropa ölkələrinə satılır. Emal olunur, hazır paltarlarsa ABŞ, Kanada və Qərbi Avropada satılır.

Qərb istehlakçıları, şirkətlər bilməyərəkdən məcburi uşaq əməyi ilə yığılmış bu pambığı alırlar
2007-ci ildə bir qrup QHT özbək uşaqlarının əziyyətini Amerika brendlərinin, pərakəndə ticarətçilərin diqqətinə çatdırdı. O vaxtdan ticarətçilərin bir şəbəkəsi özbək hökumətini inandırmağa çalışır ki, məcburi uşaq əməyindən istifadəyə son qoysun. «American Eagle Outfitters», «Bed Bath&Beyond», «Gap Inc.», «JC Penney», «Kohl's», «Levi Strauss & Co.», «Limited Brands», «Nike», «Nordstrom», «Timberland», «TJX Cos. Inc.», «Phillips-Van Heusen Corp.», «Target», «the Walt Disney Co.», «Wal-Mart» bu kampaniyaya qoşulub.

Bu şirkətlər təchizatçılarına tapşırıblar ki, özbək pambığını almasınlar, hökumət pambıq sahəsində insan haqlarını bərpa edənə qədər. ABŞ ticarət assosiasiyalarından dördü ABŞ Dövlət Departamentinə, Əmək Departamentinə, BMT-nin Beynəlxalq Əmək Təşkilatına və Prezident Kərimova məktub göndəriblər, onu uşaq əməyinə son qoymağa çağırıblar.

BOŞ VƏDLƏR, HAVAYI SÖHBƏTLƏR

Təəssüf ki, özbək hökuməti boş vədlər verməklə məşğuldur. Hazırkı icbari əmək sistemini dəyişməyə söz verir, ancaq əməl etmir.

Yazının müəllifi bu ilin aprelində özbək hökumətinə qətnamə təqdim edib ki, Beynəlxalq Əmək Təşkilatına (BƏT) müstəqil araşdırmaya icazə versin. Rəsmilər buna şifahi söz versələr də, beş ay keçməsinə, məhsul yığımının başlamasına baxmayaraq, heç bir hərəkət yoxdur.

Özbək hökuməti Amerikada, başqa ölkələrdə sərt təpkiylə üzləşə bilər. Hökumət BƏT ekspertlərini ölkəyə dəvət etməlidir, özbək uşaqları tarlalardan çıxarılmalı, məktəbə qayıtmalıdır.

P.S. Tom Harkin (D-Iowa) ABŞ Senatının Səhiyyə, Təhsil, Əmək və Təqaüdlər Komitəsinin sədridir. Bütün dünyada uşaq əməyindən sui-istifadəyə qarşı mübarizəyə rəhbərlik edir.
XS
SM
MD
LG