Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:41

Novruzəli Məmmədovun ailəsi 3 milyon manat tələb edir


Novruzəli Məmmədov
Sentyabrın 29-da Nəsimi Rayon Məhkəməsində «Talışı-Sədo» qəzetinin mərhum baş redaktoru Novruzəli Məmmədovun ailə üzvlərinin iddiası üzrə məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

N.Məmmədovun həyat yoldaşı Məryəm Məmmədova və oğlu Emil Məmmədov Penitensiar Xidmətin hərəkətsizliyi və yaşama hüququnu pozması ilə bağlı dəyən ziyanın qarşılığında 3 milyon manat tələb edir.

Məmmədovların vəkili Ramiz Məmmədov bildirir ki, bugünkü prosesə cavabdeh tərəf də qatılıb:

«Biz Novruzəli Məmmədovun 2009-cu ildə 15 saylı cəzaçəkmə müəssisəsində və Penitensiar Xidmətin Müalicə Müəssisəsində müayinə və müalicə kurslarını keçməsi, həkim rəyləri ilə bağlı xəstəlik tarixçələrinin surətlərini tələb etdik. Hakim bu sənədlərin uyğun qurumlardan tələb olunacağını bildirdi».

Tərəflərin mövqeyi dinləndikdən sonra hakim İkram Şirinov məhkəmə prosesini 15 oktyabr saat 15-ə təyin edib.

Vətənə xəyanətdə ittiham olunan «Talışı-Sədo» qəzetinin baş redaktoru Novruzəli Məmmədov avqustun 17-də Penitensiar Xidmətin Müalicə Müəssisəsində vəfat edib.

Vəkil onu da bildirib ki, iddiaçılar prosesə qatıla bilməyib. Səbəb Məryəm və Emil Məmmədovların Novruzəli Məmmədovun 40 mərasiminin keçirildiyi Astaradan Bakıya qayıdarkən avtomobil qəzasına düşməsidir.

Vəkilin sözlərinə görə, Məryəm Məmmədovanın qolu sınıb. O ev şəraitində müalicə alır. Emil Məmmədov isə hər iki ayağının və bir qolunun qırılması diaqnozu ilə Klinik Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Onun üzərində yaxın günlərdə cərrahiyyə əməliyyatı aparılacaq.
XS
SM
MD
LG