Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:35

Kiroqosyan: «Sərhədlər ilin sonuna qədər açılacaq»


Riçard Kiroqosyan
Riçard Kiroqosyan

Ermənistanlı politoloq - Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Kiroqosyan Azadlıq Radiosuna verdiyi müsahibədə Qarabağ danışıqlarının son mərhələyə daxil olması haqda fikirlərə o qədər də inanmadığını deyir. Politoloq bildirir ki, tərəflərin mövqeləri bir-birindən çox uzaqdır.

“Ermənistan sülh prosesində daha çox Dağlıq Qarabağ üçün təhlükəsizlik təminatı almaq istəyir. Azərbaycanı isə daha çox Dağlıq Qarabağın gələcək statusu məsələsinə köklənib”.

Kiroqosyan bu mənada Azərbaycan və Ermənistan prezidentlərinin Moldova görüşündən də çox şey gözləmir.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev artıq sülh danışıqların son mərhələyə daxil olduğunu deyib.

- Bəs Türkiyə və Ermənistan arasında - münasibətləri normallaşdırmaq üçün danışıqlar Qarabağ probleminin həllinə kömək edə bilərmi?

Mən düşünmürəm ki, bunun ciddi köməyi ola bilər. O ki qaldı Türkiyənin baş naziri Ərdoğanın “Azərbaycan torpaqları işğaldan azad olmasa sərhədləri açmacağıq” kimi bəyanatlarına, Türkiyə parlamentinin sədrinin “Ermənistan-Türkiyə protokolları imzalansa da, parlamentdən keçməyəcək” kimi fikirlərinə, mən düşünmürəm ki, Türkiyə rəsmiləri erməni liderləri ilə ikili, qeyir-səmimi oyun oynayır.

Ermənistan və Türkiyə prezidentləri Sarkisyan və Gül. 7 May 2009

Məncə türkiyəli rəsmilər Ermənistanla münasibətləri normallaşdırmaq niyyətində səmimidirlər. Sadəcə bunlar həm Türkiyədə, həm də Azərbaycanda daxili ictimai rəy üçün nəzərdə tutulmuş bəyanatlardır.

Türkiyəli rəsmilər Azərbaycanın narahatlıqlarını aradan qaldırmağa, onu sakitləşdirməyə çalışırlar. Əsas olan odur ki, həm sözdə, həm də Ermənistan-Türkiyə protokollarının mətnində Dağlıq Qarabağ probleminin həlli sərhədlərin açılması məsələsində ilkin şərt kimi qeyd edilmir.

Bakıda və Naxçıvanda türkiyəli rəsmilərin gəlişi gözəl çıxışlarına baxmayaraq mən düşünürəm ki, Türkiyə Ermənistanla əlaqələrin yaradılması prosesində səmimidir. Mən o bəyanatların çoxuna heç inanmıram da. Hərçənd düşünmürəm ki, protokolların Türkiyə parlamentindən keçməsi asan olacaq.

- Yəni düşünürsüz ki, türkiyəli rəsmilər sadəcə Azərbaycanı sakitləşdirməyə çalışırlar...

- Bəli, çünki Azərbaycan ona xəyanət edildiyini düşünür. Bunu da başa düşmək olar. Türkiyə isə ciddi-cəhdlə etdiyi bir səhvi düzəltməyə çalışır. Türkiyə Ermənistanla münasibətləri bərpa etmək istəyini ilk dəfə açıq deyəndə bunun Azərbaycanda necə kəskin reaksiya doğuracağını əvvəlcədən qiymətləndirə bilməmişdi. Mən düşünürəm ki, bu, yekəxanalıqdan irəli gələn bir səhv idi. İndi onlar Azərbaycanla daha çox məsləhətləşməyə, eyni zamanda Ermənistana yönəlik siyasətlərinə düzəliş etməyə çalışırlar. Çünki blokada siyasəti effektiv deyil. Buna görə də Türkiyə yeni bir yolu sınaqdan keçirmək istəyir.

- Bir sözlə hesab edirsiz ki, Türkiyə Azərbaycanla məsləhətləşsə də, öz işini də görür və sərhədlər tezliklə açılacaq.

- Bəli, mən bu ilin axırına qədər sərhədlərin açılacağını gözləyirəm. Amma bunu deyəndə mən onu da nəzərə alıram ki, Türkiyə Dağlıq Qarabağ məsələsində uzun müddət Azərbaycanın maraqlarını müdafiə edib. Və Ermənistanla münasibətləri normallaşdırarkən Türkiyə Dağlıq Qarabağ məsələsində də müəyyən irəliləyişlərin əldə edilməsinə çalışacaq. Amma əgər bu baş verməsə, qarşıdakı bir il ərzində Türkiyənin Ermənistana yönəlik siyasətində sərtləşmə hiss oluna bilər. Yəni Türkiyənin sərhədi açması hələ o demək deyil ki, o, sonradan sərhədi bağlaya bilməz.

XS
SM
MD
LG