Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:22

QAT aksiyalara başlayır


Akif Nağı
Oktyabrın 12-də Qarabağ Azadlıq Təşkilatının (QAT) İdarə Heyəti Türkiyə ilə Ermənistan arasında protokolların imzalanması ilə bağlı etiraz aksiyaları keçirmək barədə qərar verib. İlk etiraz aksiyasının oktyabrın 13-də Türkiyə səfirliyi qarşısında keçirilməsi nəzərdə tutulub.

QAT-ın rəhbəri Akif Nağı AzadlıqRadiosuna bildirib ki, iclasda yaranmış yeni vəziyyət müzakirə olunub, torpaqların işğaldan azad olunması üçün hakimiyyətin dərhal təsirli addımlar atması, cəmiyyətin bütün qüvvələrinin səfərbər edilməsi, Qarabağa dair vahid konsepsiya və hərəkət planının hazırlanması məsələləri müzakirə olunub:

«Hesab edirik ki, danışıqları davam etdirməyə ehtiyac olmaması ilə bağlı hakimiyyətə təzyiqlər davam etdirilməlidir. Türkiyə, Azərbaycan torpaqları işğaldan azad edilməyincə Ermənistanla yaxınlaşmaya getməməlidir».

İclasda qəbul edilən bəyanatda Türkiyə iqtidarının Ermənistanla protokol imzalaması rüsvayçı addım kimi dəyərləndirir və Azərbaycanın maraqlarına xəyanət adlandırılır:

«Türkiyə iqtidarının bu protokolları imzalaması Qarabağ danışıqlarında Azərbaycanın mövqeyinə ağır zərbə vurub. Türkiyə bu hərəkəti ilə Ermənistanın torpaqları hələ də işğal altında saxlamasına bəraət qazandırır və Ermənistanın Qarabağ danışıqlarında daha iddialı, barışmaz tərəfə çevrilməsinə şərait yaradır».

QAT türk xalqını və Türkiyə Böyük Millət Məclisini bu protokolları təsdiq etməməyə çağırır, Türkiyədə hakimiyyətə gələcək yeni iqtidarın bu protokolları ləğv edəcəyinə əminliyini bildirir.

Təşkilat hesab edir ki, Azərbaycan hakimiyyəti Türkiyə iqtidarı ilə münasibətlərə yenidən baxmalıdır.
XS
SM
MD
LG