Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:53

Protokollar imzalandı, indi nə etməli?


Oktyabrın 10-da Türkiyə ilə Ermənistan öz aralarında diplomatik əlaqələrin yaradılması və ölkələr arasında münasibətlərin inkişaf etdirilməsi haqqında protokollardan sonra “Azərbaycan təkləndimi?” “Bundan sonra Azərbaycanla Türkiyənin münasibəti necə olacaq?” kimi suallar aktuallaşıb.

“Media forum” saytı “Nə etməli?” sualı ilə Azərbaycanda tanınmış siyasətçilər və ictimai fəal adamlara müraciət edib. Mövzuya marağı nəzərə alıb həmin cavabları təqdim edirik:


İsa Qəmbər - Müsavat Partiyasının başqanı

İsa Qəmbər - Müsavat Partiyasının başqanı

Protokollar bu gün başlamayan və bu gün yekunlaşmayacaq mürəkkəb, uzun prosesin tərkib hissəsidir. Dərk eləmək lazımdır ki, bölgədəki uzunmüddətli durğunluqdan çıxmaq üçün Türkiyə tərəfindən bir addım atılıb.

Bu protokollar onları imzalayan Türkiyə və Ermənistan üçün də, Azərbaycan üçün də ciddi risklər daşıyır, Cənubi Qafqazın digər ölkəsi Gürcüstan üçün də problematikdir. Eyni zamanda bölgədə marağı olan qonşu dövlətlər və böyük güclər üçün də müəyyən risklər var.

Mürəkkəb bir mərhələ olacaq və biz hesab edirik ki, Azərbaycan bu mürəkkəb mərhələdə öz prioritetlərini unutmamalıdır. Təbii ki, Azərbaycan öz köklü maraqlarına əsaslanaraq mövqe tutmalıdır.

Ancaq onu da unutmaq olmaz ki, bu maraqlar sırasında Azərbaycan-Türkiyə münasibətlərinin önəmi ilk prioritetlərdən biridir. Biz Müsavat Partiyası olaraq hesab edirik ki, Azərbaycan Türkiyə ilə birlikdə hərəkət etməlidir və bütün istiqamətlərdə məsləhətləşmələr aparılmalıdır.

Türkiyə tərəfi Ermənistan-Azərbaycan münasibətlərində ciddi, müsbət dəyişikliklər olmadan protokolların təsdiq olunmayacağını bildiribsə, bizim Türkiyə dövlət rəhbərlərinin bu açıqlamasına inanmağımız tamamilə məntiqlidir.

Hesab edirəm ki, Türkiyı tərəfi də Azərbaycanın maraqlarını nəzərə alaraq və özlərinin bəyan etdiyi dəyərlərə uyğun şəkildə siyasətini davam etdirəcək.

Ayaz Mütəllibov - Sosial Demokrat Partiyasının həmsədriAyaz Mütəllibov - Sosial Demokrat Partiyasının həmsədri

Ayaz Mütəllibov - Sosial Demokrat Partiyasının həmsədri

Ermənistanla diplomatik əlaqələr Türkiyənin milli marağına uyğundur. Bu, Türkiyənin Avropada mövqeyini möhkəmləndirəcək. Belədə Azərbaycanın da maraqları önə çıxır. Türkiyənin mövqeyi nə qədər güclənsə, bir o qədər Azərbaycanın xeyrinədir.

Camaat düşünür ki, niyə sadiq dost düşmən dövlətlə yaxınlaşır. Lakin siyasətdə emosiya yox, maraq var. Sırf bu praqmatik mövqedən çıxış edərək Türkiyədən incimək lazım deyil. Türkiyə-Ermənistan münasibətləri düzəldikcə Ankaranın Qarabağ məsələsində Yerevana təsiri də güclənəcək. İqtisadi əlaqələrin qurulması Ermənistan mövqeyini yumşaldacaq. Buna məcbur olacaq. Məsələyə bu rakursdan baxmaq istərdim.

Azərbaycan ilk növbədə öz daxili imkanlarından istifadə edərək qüdrətini qaldırmalıdır. Cəmiyyət nə qədər çox açıq, demokratik olsa, Qarabağ düyünü bir o qədər asan açıla bilər. Hay-haray lazım deyil. Türkiyənin əleyhinə çıxış etmək xeyir verməz. Sakit, özümüzə arxalanaraq problemlərimizi həll etməliyik. Türkiyə ilə münasibətlərimizi pozmaq ancaq Ermənistanın xeyrinə olacaq.

Zərdüşt Əlizadə - politoloq

Zərdüşt Əlizadə - politoloq

Azərbaycanın qarşısında iki yol var: Ya indiyə kimi yürütdüyü siyasəti davam edərək tüfeyli həyat tərzi sürməlidir. Bu, gec-tez Qarabağin tam itirilməsi ilə nəticələnəcək.

Ya da siyasətini dəyişməli, ciddi islahatlarla xalqla hökumət arasındakı münasibət dəyişdirilməli, xarici siyasəti uğurlu qurmalı, müasir dünyanın tələblərinə uyğun bütün üsullardan istifadə etməlidir.

Yalnız bu halda yaranmış vəziyyət Azərbaycanın xeyrinə dəyişə bilər. Türkiyə ilə Ermənistanın münasibətlərinin düzəlməsi Azərbaycanın ağıllı siyasəti nəticəsində bizə xeyir verə bilər. İndiki variantda isə bu addım bizə böyük itkilər verəcək.

Azərbaycan hakimiyyətinin qırımından görünür ki, hər şey köhnə qaydada davam edəcək. Türkiyə əvvəl-axır sərhədləri Qarabağ məsələsi tənzimləmədən açsa, göz yaşı tökəcəyik ki, satıldıq. Qarabağ torpağını satıb geri almaq istəməyənin kim olduğunu isə özümüzə sual verməyəcəyik.

Əkrəm Əylisli – millət vəkili, yazıçı

Əkrəm Əylisli – millət vəkili, yazıçı

Hər bir dövlətin öz siyasəti var. Heç bir dövlət digərinin siyasətinə qarışmamalıdır. Türkiyə öz dövlətçiliyini uzun sınaqlardan çıxarmış dövlətdir. Hazırda da onların çıxış yolu üçün planları olmamış deyil.

Bu vəziyyətdə Azərbaycan normal və sağlam reaksiya göstərməlidir. Qardaş, dost olsa da, digər dövlətin siyasətinə qarışmamalıdır. Əks halda zorakılıq, yekəxanalıq kimi xoşagəlməz nüanslar olacaq. Axı biz 70 milyonluq xalqın dövlətinə hər hansı siyasi addımda göstəriş verə bilmərik.


Zəlimxan Yaqub – şair

Zəlimxan Yaqub – şair


Çox narahat dövrdür, amma Azərbaycan çox soyuqqanlı olmalıdır. Suyu bulandırmaq istəyən qüvvələrə rəvac verilməməlidir. Türk dövləti və xalqı heç zaman Azərbaycanın arxasını yerə verməyəcək.

Azərbaycanın ermənilərdən çəkdiyinin yüz o qədərini Türkiyə çəkib və protokollar təsdiq olunsa belə, onun həyata keçirilməsi çətindir.

Bu siyasi çaxnaşmalar dövründə qardaş Türkiyəyə qarşı son dərəcə ehtiyatla davranmaq lazımdır. Fürsətdən istifadə edərək türkün əleyhinə kampaniya keçirənlər var. Ehtiyatlı olaraq Türkiyəni küsdürməməliyik.
Yozumuma görə, Türkiyə bu məsələlərə getməklə düşməni müəyyən qədər ələ almaq, vəziyyəti yumşaltmaq və Qarabağ məsələsinə daha böyük şəkildə müdaxilə səlahiyyəti qazana bilər.

Görünür, bu məsələdə bizim də dərk edə bilməyəcəyimiz, Azərbaycanın xeyrinə olan məsələlər var. Soyuqqanlı olub hadisələrə ağayana yanaşmaq lazımdır.

XS
SM
MD
LG