Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:49

«Sizdə də, bizdə də keçmişlə yaşayan insanlar var»


Hillari Klinton Moskva Dövlət Universitetində, 14 oktyabr 2009
Hillari Klinton Moskva Dövlət Universitetində, 14 oktyabr 2009
Rusiyaya səfərinin ikinci günündə ABŞ Dövlət katibi Hillari Klinton Moskva Dövlət Universitetində 2 minə yaxın tələbənin qarşısında çıxış edib və sualları cavablandırıb. Klinton prezident Buşun dövründəki diplomatlardan fərqli olaraq sərt və tənqidi ifadələrdən istifadə etməyib.

«ONLAR İNANMIRLAR Kİ, AMERİKA VƏ RUSİYA ƏMƏKDAŞLIQ EDƏ BİLƏR»

O, həm Vaşinqton, həm də Moskvada rəhbərlikdə hələ də köhnə düşüncəli, soyuq müharibə dövründə yaşayan insanların olduğunu deyib:

«Əvvəlcə sizə demək istəyirəm ki, həm bizim, həm də sizin hökumətinizdə hələ keçmişlə yaşayan insanlar var. Onlar inanmırlar ki, Amerika və Rusiya əməkdaşlıq edə bilər. Onlar bir-birlərinə etimad eləmirlər və biz onlara səhv olduqlarını sübut eləməliyik. Məqsədimiz budur. Məqsədimiz bacardıqca əməkdaşlığa meylli olmaqdır».

H.Klinton bildirib ki, vəzifəyə təyin ediləndən sonra bir çox məsələlərdə Rusiya ilə razılaşmağı bacarıblar, müzakirələrə başlayıblar. Amma tələbələrin suallarına cavab verəndə, Dövlət katibi hələ mübahisəli olan məqamlardan da bəhs edib. Xüsusən də Gürcüstanın separatçı bölgələri Cənubi Osetiya və Abxaziyadan:

«Bu, bizim razılaşmadığımız məsələlərdəndir. Biz bununla bağlı Rusiyaya bütün narahatlıqlarımızı bildirmişik, Rusiyanın narahatlıqlarını da dinləmişik. Çox vacibdir ki, nə gürcülər, nə osetinlər, nə də abxazlar təxribata yol verməsinlər. Biz Gürcüstana bu istəyimizi çatdırmışıq, əminəm ki, Rusiya da Cənubi Osetiya və Abxaziyaya bunu çatdırıb. Gürcüstandakı münasibətləri düzəltmək çox ağırdır, ancaq ən birinci və vacib məqsəd orda silahlı münaqişənin baş verməsinə imkan verməməkdir».

Klinton deyib ki, rusiyalı həmkarı Lavrovla danışıqlarda Cənubi Osetiyada beynəlxalq müşahidəçilərin yerləşdirilməsi və bufer zonalarının yaradılması məsələsinə toxunub. Amma hələ razılığa gəlməsələr də, bu məsələ üzündən NATO və Rusiya arasındakı münasibətlərin korlanmasını istəmirlər.
Hillari Klinton Kazan məscidində, 14 oktyabr 2009
Əksinə Gürcüstan kimi məsələlərdə birgə fəaliyyət göstərməklə daha çox iş görmək olar:

«BİZ BİRGƏ İŞLƏMƏLİYİK»

«Elə ötən həftə Sürixdə mən və cənab Lavrov Türkiyə və Ermənistanı yaxınlaşma protokollarını imzalamağa inandıra bildik. Bu, çox yüksək səviyyədə əməkdaşlıq idi. İndi biz Ermənistan və Azərbaycan arasındakı mübahisəni həll eləmək üçün birgə çalışırıq. Yəni hansısa - məsələn, Gürcüstan məsələsində fikirlərimizin fərqli olması hər şeyin sonu olmamalıdır. Biz birgə işləməliyik və məncə, bu, münasibətlərimizə gətirməməkdə olduğumuz əsas istiqamətdir».

Görüşün sonunda H.Klinton Avropada raket əleyhinə müdafiə sistemi planlarına da toxunub. Vaşinqtonun Buşun planından vaz keçməsini Rusiya ilə münasibətlərdəki yaxınlaşmada müsbət nümunə olduğunu deyib. O, vurğulayıb ki, Moskvanın narahatlığını nəzərə alıb, İrandan bu gün gələ biləcək real təhlükələrə qarşı müdafiə quracaqlar, amma ümid edirlər ki, gələcəkdə bu məsələdə Rusiya da onlarla əməkdaşlıq edəcək.

Moskvadakı görüşlərdən sonra Klinton Tatarıstan paytaxtı Kazana yola düşüb və Rusiya turnesini başa vurub.
XS
SM
MD
LG